Azərbaycan Respublikası Hərbi Prokurorluğunun kollegiya iclası keçirilmişdir

 

Yanvarın 27-də Azərbaycan Respublikası Hərbi Prokurorluğunda mərkəzi aparatın işçilərinin, Naxçıvan Muxtar Respublikası və ərazi hərbi prokurorlarının iştirakı ilə geniş kollegiya iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, kollegiya iclasında 2010-cu ildə Azərbaycan Respublikasının hərbi prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.

İclasda hesabat məruzəsi ilə çıxış edən Azərbaycan Respublikası baş prokurorunun müavini, hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev qeyd etmişdir ki, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində dövlət müstəqilliyimiz daha da möhkəmləndirilmiş, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu proseslərinin inkişaf dinamikasında ciddi keyfiyyət dəyişiklikləri baş vermişdir.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın yerinə yetirilməsi istiqamətində mühüm işlər görüldüyünü qeyd edən hərbi prokuror xüsusi olaraq vurğulamışdır ki, hesabat ilinin ən mühüm hadisələrindən biri də Azərbaycan Respublikasının Hərbi doktrinasının qəbul edilməsidir. Silahlı Qüvvələrin əsas vəzifələrini, hərbi quruculuğun istiqamət və perspektivlərini müəyyənləşdirən Hərbi doktrinanın qəbul edilməsi ölkəmizdə aparılan ordu quruculuğunun inkişafına xüsusi təkan vermişdir.

Ötən il Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində işlərin səmərəliliyi daha da artırılmış, bütövlükdə ordu quruculuğuna mənfi təsir edə biləcək bir çox cinayətlər açılaraq təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunmuş, digər prokuror təsir tədbirləri görülmüşdür. Bildirilmişdir ki, hesabat dövründə qeydə alınmış cinayətlərin 99,1 faizi açılmışdır.

Hərbi prokuror qeyd etmişdir ki, 2009-cu ilə nisbətən ötən il Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qeydə alınmış hərbi xidmət əleyhinə olan cinayətlər 3,8 faiz, o cümlədən tabelik qaydaları əleyhinə olan cinayətlər 12,7 faiz, hərbi xidmətdən yayınma cinayətləri 9,5 faiz, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 13,7 faiz, qəsdən adam öldürmə cinayətləri 46,2 faiz, özünü öldürmə həddinə çatdırma cinayətləri 23,5 faiz, hakimiyyətdən sui-istifadə etmə cinayətləri 8,2 faiz, qulluğa səhlənkar yanaşma cinayətləri 18,2 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 24 faiz, rüşvət alma və rüşvət vermə cinayətləri 6,8 faiz azalmış, hərbi hissəni və xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə halları baş verməmişdir. Hərbi birləşmələrdə törədilmiş bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunmuşdur. Bu növ cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla qarşılıqlı sağlam və işgüzar əlaqələrinin yaranması, habelə birgə tədbirlərin çox böyük əhəmiyyəti olmuşdur.

Ötən il Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə törədilmiş hərbi xidmət əleyhinə olan cinayətlər azalsa da, tabelik münasibətləri olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 6,8 faiz, texnikanı idarəetmə və istismar qaydalarını pozma cinayətləri 62,5 faiz və qeyri-hərbi cinayətlər 18,9 faiz artmışdır. Silahlı birləşmələrdə bu növ cinayətlərin qarşısının alınması üçün respublika Hərbi Prokurorluğunda qanunda nəzərdə tutulan müvafiq tədbirlər görülmüşdür.

Hərbi prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiya cinayətlərinə qarşı mübarizə sahəsində fəaliyyətini daha da gücləndirmişdir. Bu da əvvəlki illərə nisbətən cinayətkarlıqla mübarizə sahəsində daha səmərəli nəticələrin əldə edilməsinə şərait yaratmışdır. Hərbi prokurorluq orqanları cinayətlər nəticəsində vurulmuş maddi ziyanın 44 faizinin istintaq zamanı ödənməsini təmin etmişlər. Eyni zamanda, Silahlı Qüvvələrdə qanun pozuntularının araşdırılması şöbəsinə daxil olmuş müraciətlərin araşdırılması nəticəsində 14 cinayət işi başlanmışdır.

Hesabat dövründə respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ağır və xüsusilə ağır, mürəkkəb və aktual xarakterli cinayət işlərinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilmişdir.

Ötən il hərbi prokurorluq orqanları tərəfindən Azərbaycan Respublikası baş prokurorunun "Əməliyyat axtarış fəaliyyətinə prokuror nəzarətinin təşkili haqqında" əmrinin tələblərinin icra edilməsi istiqamətində də müəyyən işlər görülmüş, axtarış tədbirlərinin yerinə yetirilməsi üzərində prokuror nəzarətinin gücləndirilməsi nəticəsində axtarışda olanlardan 79 nəfər tapılıb istintaqa cəlb edilmişdir.

Təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına nəzarət qaydasında 182 yoxlama keçirilmiş, nəticədə 2450 qanun pozuntusu aşkar edilmiş, qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 264 təqdimat göndərilmiş, 146 nəfərə xəbərdarlıq edilmiş, 67 cinayət işi başlanmış, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 122 yazılı göstəriş verilmiş, cinayət işlərinin başlanmasının rədd edilməsinə dair 74 qanunsuz qərar ləğv edilmişdir.

Qanunvericilikdə edilmiş dəyişikliklərlə əlaqədar Müdafiə Nazirliyinin Hüquq İdarəsinin nəzdində yeni təhqiqat şöbəsi və onun tabeliyində 8 təhqiqat bölməsinin yaradıldığını bildirən hərbi prokuror ərazi hərbi prokurorlarının təhqiqat bölmələri ilə əlaqəli işləmələrinin, ilkin təhqiqatın tam, hərtərəfli və keyfiyyətli aparılması üçün prokuror nəzarətinin daha da gücləndirilməsinin vacibliyini vurğulamışdır.

Hesabat dövründə dövlət ittihamının müdafiəsi üzrə şöbənin fəaliyyəti səmərəli olmuşdur. Şöbə tərəfindən birinci instansiya məhkəmələrinin hökm və qərarlarından verilmiş 53 apelyasiya protestinin 65 faizi təmin edilmiş, 267 məhkəmə prosesi səyyar qaydada keçirilmişdir.

Görülmüş müsbət işlərlə yanaşı, kollegiyada "Prokurorluq haqqında" qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil olunmuş, nöqsanların aradan qaldırılması üçün konkret göstərişlər verilmişdir.

Qeyd olunmuşdur ki, hərbi prokurorluq orqanlarında vətəndaşların 1684 müraciətinə baxılmış, 608 vətəndaş mərkəzi aparatda qəbulda olmuş, ərazi hərbi prokurorluqlarında 2694 vətəndaşın şəxsi qəbulu aparılmış, hərbi hissə və birləşmələrdə hərbi prokurorluqların əməkdaşları tərəfindən 2002 nəfər qəbul edilərək müraciətləri üzrə müvafiq qərarların qəbul edilməsi təmin edilmişdir.

Hərbi prokuror ədliyyə general-leytenantı Xanlar Vəliyev Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciəsi, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri ilə bağlı Hərbi Prokurorluqda aparılan istintaq barədə kollegiya iclası iştirakçılarına məlumat verərək bildirmişdir ki, həmin cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırımına görə məsuliyyəti nəzərdə tutan 103-cü və digər maddələrinə tövsif edilmiş, iş üzrə 287 təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Həmin cinayət işi üzrə hazırda intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Diqqətə çatdırılmışdır ki, ötən il baş prokurorun və hərbi prokurorun müvafiq əmrləri ilə 37 işçi vəzifədə irəli çəkilmiş, xidməti fəaliyyətlərində fərqlənmiş 111 əməkdaş həvəsləndirilmiş, 32 işçi müxtəlif medallarla təltif edilmiş, 10 işçiyə xüsusi rütbə, 77 əməkdaşa isə hərbi rütbələr verilmişdir. Respublika hərbi prokurorunun müvafiq əmrləri ilə 16 işçi intizam məsuliyyətinə cəlb edilmişdir.

Hərbi prokurorluğun maddi-texniki vasitələrlə, xidməti bina, nəqliyyat və rabitə vasitələri, habelə başqa növ təminatlarla təchiz edilməsi üçün müvafiq işlər görülmüşdür.

Sonra məruzə ətrafında çıxışlar olmuş, görülmüş işlər və qarşıda duran vəzifələrdən danışılmışdır.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev kollegiyaya yekun vurmuşdur.

 

 

Azərbaycan.- 2011.- 28 yanvar.- S. 5.