Avropa Şurasının demokratiya problemlərinə həsr etdiyi kitabda Azərbaycan deputatının mövqeyi əks olunmuşdur

 

Avropa Şurası Parlament Assambleyasının qış sessiyası günlərində bu qurumun yeni nəşr etdiyi "Avropada demokratiyanın vəziyyəti" kitabı deputatlara və ictimaiyyətə təqdim edilmişdir.

Kitaba Avropa Şurasının demokratiya məsələləri ilə bağlı qəbul etdiyi qərar və qətnamələr, "Avropada demokratiya - böhran və perspektivlər", "Avropada demokratiyanın vəziyyəti", "İqtisadi böhranın siyasi nəticələri", "Demokratik sistemlərdə təsisatlar" və digər vacib hesabatlar daxil edilmişdir. Eyni zamanda, nəşrdə Avropa Şurasının bir sıra aparıcı deputatlarının demokratiya, bu istiqamətin müasir vəziyyəti, problemləri, mümkün inkişaf yolları barədə düşüncələri də əksini tapmışdır. Azərbaycanın AŞ PA-dakı daimi nümayəndə heyətinin üzvü, deputat Rafael Hüseynovun da demokratiya və onun ayrı-ayrı xüsusiyyətləri ilə əlaqədar qənaətləri kitaba daxil edilmişdir.

Azərbaycanlı deputat Avropada demokratiyanın inkişaf tarixindən, hazırkı dövrdə yaşadığı müəyyən böhran məqamlarından bəhs etdikdən sonra Azərbaycanın bu istiqamətdə nail olduğu nəticələrdən də geniş söz açır. R.Hüseynovun mövqeyi obyektivliyi ilə seçilir: "25 il əsrin dörddəbiridir. Amma tarixin illəri heç də həmişə adi statistika ilə tam uyğun gəlmir. Zamanın sürəti sanki artıb-azala bilir, bəzən bir il 10 il qədər uzun, hərdən də bir il 1 gün qədər qısa təsir bağışlayır. Müəyyən proseslərin, hadisələrin təsirilə vaxt, elə bil ki, sıxılıb-yığıla, yaxud genişlənə, arta, daha tutumlu ola bilir. Arxada qalan son 25 il - iyirminci əsrin son 15 ili və yeni əsrin ilk onilliyi məhz belədir. Bu vaxt kəsiyini Avropada demokratiyanın inkişafı baxımından nəzərdən keçirəndə həmin müstəqilliyin, əslində, təqvimdəkindən qat-qat sürəkli olması aşkarlanır. 25 il əvvəlki Avropada olan demokratik dövlətlərin, yaxud demokratiya yolunu tutaraq irəliləyən ölkələrin sayını indiki ilə müqayisə edəndə buna şahid oluruq ki, həmin rəqəm azı ikiqat artmışdır. Həm də qapalı rejimlərdən qurtularaq demokratik inkişaf yolunu seçən ölkələr oturuşmuş Avropa demokratiyasını yaradıb-yaşatmış ölkələrdən fərqli olaraq demokratik tərəqqidə ikiqat, üçqat sürətə malikdirlər. Başqa cür də mümkün deyildir. Demokratiya ailəsinə layiqli üzv ola bilmək, köhnə, təcrübəli yolgedənlərə çata bilmək üçün yeni demokratiya ölkələrindən sələflərinin onillərlə keçdiyi yolu bir neçə ildə adlamaq tələb olunur. Azərbaycan belə gənc demokratiyalardandır və yeni müstəqilliyimiz 19 yaşını başa vuraraq istiqlalının 20-ci ilini başlamışdır. Ona görə "yeni müstəqilliyimiz" ifadəsini işlədirəm ki, XX əsrin əvvəlində qazandığımız müstəqilliyi itirərək 70 il sovet rejimində yaşamağa məcbur olmuşduq. Bir dəfə qazanıb itirdiyimizə görə biz indi müstəqilliyin də, demokratiyanın da qədrini və qiymətini, olsun ki, başqalarından daha artıq bilirik. Azərbaycan müstəqilliyinin tən yarısını - ikinci on ilini Avropa Şurası tərkibində, böyük demokratiya ailəsinin üzvü olaraq yaşamışdır. 20 il əvvəl Azərbaycanda yeni müstəqillik dövrünün ilk azad mətbuatı yarandı. O vaxt o qəzetlərin sayı barmaqla sayılacaq qədər az idi. Bu gün isə müstəqil qəzetlərin sayı 200 civarındadır. 20 il öncə bütünlüklə dövlətin nəzarətində fəaliyyət göstərən 1 televiziyamız, 1 radiomuz, 1 informasiya agentliyimiz vardısa, bu gün onların sayı 50-dən artıqdır. 20 il əvvəl biz demokratik seçkilər haqqında yalnız eşitmiş, oxumuşduqsa, arxada qalan illərdə 4 parlament, 5 prezident seçkisi, 2 ümumxalq referendumu və bələdiyyə seçkiləri keçirmiş, hər yeni seçkidə yeni təcrübələr qazanaraq inkişaf etmişik. Biz və bizim qəbildən olan ölkələr demokratiyanın bəzi ifratları və durğunluqlarının fəsadlarını yaşayan köhnə Avropa demokratiyalarından fərqli olaraq daimi tərəqqidə, demokratik kamilləşmədəyik. Azərbaycanda və bizim kimi bu çətin və şərəfli yolu seçən, ona inanan və inamla irəliləyən yeni müstəqil dövlətlərdə demokratiyanın vəziyyətini təhlil edərkən həmişə keçilmiş yolun xüsusiyyətləri, eləcə də əldə olunmuş uğurlar mütləq nəzərə alınmalıdır. Demirəm ki, belə ölkələrə daha yumşaq yanaşmaq lazımdır. Tələblər daim ən ali səviyyədə olsun. Lakin bu yüksək tələbkarlıqla yanaşı, həmin ölkələrin demokratik artım səviyyəsi, müvəffəqiyyətləri də unudulmasın, açıq etiraf edilsin. Tələbkar olmaq vacibdir. Amma bu tələbkarlıq heç vaxt ikili standartlatra, qərəzə deyil, həmişə xeyirxahlığa əsaslanmalıdır".

Parlament Assambleyasının "Avropada demokratiyanın vəziyyəti" adlı bu yeni nəşri ingilis və fransız dillərində kütləvi tirajla buraxılmışdır.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Strasburq

 

Azərbaycan.- 2011.-28 yanvar.- S. 6.