Azərbaycanın Avropa Şurasına tam və bərabərhüquqlu üzv qəbul edilməsinin 10 illiyinə həsr edilmiş kitab nəşr olunmuşdur

 

AzərTAc xəbər verir ki, Azərbaycanın Avropa Şurasına tam və bərabərhüquqlu üzv qəbul edilməsinin 10 illiyinə həsr edilmiş "Azərbaycan 10 il Avropa Şurasında" adlı kitab nəşr olunmuşdur.

Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov tərəfindən hazırlanmış kitab Bakıda Azərbaycan dilində, Brüsseldə isə ingilis dilində işıq üzü görmüşdür.

Kitabın ön sözünün müəllifi Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü, Avropa Şurasının Belçika üzrə nümayəndə heyətinin keçmiş prezidenti Jan-Pol Anri yazır: "Bu, həm Avropa Şurası, həm də o zaman, yəni 2001-ci ildə gənc parlament üzvü, hazırda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın parlament heyəti üçün unudulmaz hadisə idi.

Məsafə etibarilə bizdən çox uzaqda yerləşən, lakin eyni zamanda coğrafi və strateji mövqeyi ilə bütün Avropa sakinləri üçün aparıcı rola malik olan Azərbaycan kimi ölkənin Avropa ailəsinə qoşulması Avropa üçün əhəmiyyətli hadisə idi.

Biz bu 10 il ərzində Azərbaycanın bütün səylərini və onun nəticəsi olan inkişafı yüksək qiymətləndiririk".

"Azərbaycan 10 il Avropa Şurasında" kitabında Azərbaycanın Avropa Şurasında üzvlüyü dövründə keçdiyi yol lakonik formada təhlil edilmişdir. Kitabda Azərbaycanın bu nüfuzlu beynəlxalq təşkilatla əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi, Avropa Şurasına üzvlüyü dövründə ölkədə sivil, demokratik, hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşması və inkişafı istiqamətində əldə etdiyi nailiyyətlər, o cümlədən Avropa Şurası strukturlarında qarşılaşdığı problemlər və onların həli yolları təhlil edilmişdir. Müəllif insan hüquqlarına və əsas azadlıqlara dair beynəlxalq standartların milli qanunvericilikdə təsbiti və təmin edilməsi, bazar iqtisadiyyatının bərqərar olması, ölkənin sosial-iqtisadi inkişafı və Avropa hüquq məkanına inteqrasiyası sahələrində ciddi irəliləyişlərə nail olduğunu qeyd etmiş, 2001-ci ildən indiyə qədər Avropa Şurası Parlament Assambleyasında qazanılan uğurlarda Azərbaycan nümayəndə heyətinin üzvü olmuş deputatların rolunu xüsusi vurğulamışdır.

Kitabın elmi redaktoru Almaniya Bundestaqının deputatı (1976-2009), parlamentin dövlət katibi (1991-1998), AFR-in daxili işlər nazirinin müavini (1992-1998) olmuş, hazırda Almaniya-Azərbaycan Münasibətlərinin İnkişafı Cəmiyyətinin icraçı direktoru Eduard Lintnerdir.

 

 

Azərbaycan.- 2011.-28  yanvar.- S. 6.