Dağlıq Qarabağ üzrə alt komitənin yeni sədri seçilmişdir

 

Avropa Şurası Parlament Assambleyasının qış sessiyası çərçivəsində qurumun bürosunun yanvarın 28-də keçirilən iclasında Dağlıq Qarabağ üzrə alt komitənin fəaliyyətinin yenidən bərpa edilməsinə dair müzakirələr aparılmışdır.

Müzakirələrin sonunda büro alt komitənin yenidən fəaliyyətə başlaması haqqında qərar qəbul etmişdir.

Ermənistan nümayəndə heyəti qərarın əleyhinə olsa da, AŞ PA-da təmsil olunan Liberallar siyasi qrupunun üzvü Jordi Çukla i Kosta komitənin sədri seçilmişdir.

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov jurnalistlərə demişdir:

- Qış sessiyasında biz ən vacib bir qərarın qəbul edilməsinin şahidi olduq. Yanvar sessiyasında biz Avropa Şurasında Azərbaycanın təşkilata üzv olmasının 10 illiyini qeyd etdik. Azərbaycan AŞ-da öz fəaliyyətini quraraq ölkəmizin ən vacib problemi olan Dağlıq Qarabağ münaqişəsini həmişə ən yüksək tribunadan Avropa deputatlarına çatdırmış və bundan sonra da çatdıracaqdır. Bu həqiqətlərin AŞ PA deputatlarına bütün təfərrüatı ilə çatdırılmasına həmişə çalışmışıq. Ancaq bunun üçün bir qurum, bir təşkilat lazım idi. 2005-ci ildə alt komitənin yaradılması ilə bağlı ilk addım atılmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev AŞ PA-da nümayəndə heyətinin rəhbəri olarkən, Dağlıq Qarabağla bağlı 1416 saylı qətnamənin əsasını qoymuşdu və o qətnamənin 1-ci bəndi Dağlıq Qarabağ üzrə alt komitənin yaradılması ilə bağlı idi. Komitə o vaxt yaradılmış və öz səmərəsini vermişdir. Amma komitəyə rəhbərlik etmiş lord Rassel Conston dünyasını dəyişdikdən sonra Ermənistan tərəfi komitənin fəaliyyətini dayandırmaq və ümumiyyətlə, bu komitənin işini pozmaq üçün və onun lazımsız olması haqqında uzun müddət mübarizə aparmışdır. Biz də öz növbəmizdə ermənilərin bu hərəkətinə əks hərəkətlə cavab vermiş, alt komitənin fəaliyyətinin bərpasında israrlı olduğumuzu dəfələrlə bəyan etmiş, mövqeyimizi ortaya qoymuşuq. Biz həmişə açıq şəkildə, heç nəyi gizlətmədən bəyan edirdik ki, Azərbaycan vətəndaşları olan, Dağlıq Qarabağda yaşayan azərbaycanlılar və ermənilər bir yerdə AŞ-da, Azərbaycan nümayəndə heyətinin yanında AŞ dəyərlərini bölüşsünlər, hər hansı digər ölkənin qanadı altına sığınmasınlar. Başa düşsünlər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu həqiqətləri çatdırmaq üçün biz Dağlıq Qarabağ üzrə alt komitənin yaradılmasına çox səylər göstərdik. Bu gün böyük məmnunluq hissi ilə deyə bilərəm ki, büronun iclasında alt komitənin yaradılması və yenidən fəaliyyət göstərməsi yekdilliklə təsdiqləndi. Yalnız erməni tərəfi bunun əleyhinə çıxdı. Onların qaldırdığı məsələlər məntiqsiz idi. Bizim gətirdiyimiz məsələlər çox güclü və çox əsaslandırılmış arqumentlərlə AŞ PA bürosunun üzvlərinə çatdırıldı. Niyə? Ona görə ki, biz istəyirik ki, sülh olsun. İstəyirik ki, dünyanın qanunverici orqanları tərəfindən yaradılmış qanun-qaydalar Azərbaycan ərazisinə şamil olunsun. Biz istəyirik ki, işğalçılıq, qaçqınlıq qurtarsın, sona yetsin. İstəyirik ki, Dağlıq Qarabağda dünyada qəbul olunmuş davranış normaları birdəfəlik bərpa olunsun. Bu da o deməkdir ki, bu məsələlərin hamısı burada müzakirə olunmalıdır. Bu qərar qəbul olundu. AŞ PA bürosu alt komitənin fəaliyyətinin bərpa edilməsi ilə bağlı nəinki qərarını verdi, eyni zamanda komitəyə yeni sədr də seçdi. AŞ PA-nın Liberallar Partiyası tərəfindən namizədliyi irəli sürülmüş ispaniyalı deputat Jordi Ksukla i Kosta (Jordi Xucla i Costa) yekdilliklə komitəyə sədr seçilmişdir. Qərara alınmışdır ki, komitənin tərkibinə Azərbaycan və Ermənistan üzrə həmməruzəçiləri, eləcə də AŞ PA-da Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin iqtidar və müxalifət partiyalarının nümayəndələri təmsil olunsun, alt komitə tam şəkildə bərpa edilərək fəaliyyətə başlasın.

Əminəm ki, bu komitə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı öz böyük rolunu oynayacaq və biz də bunun üçün əlimizdən gələni edəcəyik.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 29 yanvar.- S. 3.