Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri: "1991-ci ildə Dağlıq Qarabağda keçirilmiş qanunsuz "referendum"un nəticələrinin tanınması istisna olunmuşdur!"

 

Xəbər verdiyimiz kimi, Ermənistan Prezidenti Serj Sarkisyan "Exo Moskvı" radiostansiyasına verdiyi müsahibədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarından danışaraq demişdir: "Münaqişənin tənzimlənməsinin yeganə üsulu dinc üsul, yeganə yolu - Dağlıq Qarabağda referendum keçirilməsi və ya 1991-ci ildə Sovet İttifaqı qanunvericiliyinə və beynəlxalq hüquqa tam müvafiq surətdə keçirilmiş referendumun nəticələrinin tanınmasıdır".

Azərbaycan Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Ermənistan Prezidentinin bu bəyanatını şərh edərək demişdir:

"Azərbaycan da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinin və vəziyyəti hərbi əməliyyatlar dərəcəsinə çatdırmadan Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədinin bərpa edilməsinin tərəfdarıdır. Bunun üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən - bütövlükdə dövlətimizin ərazisinin 20 faizini təşkil edən Dağlıq Qarabağ regionundan və yeddi ətraf rayondan çıxarılması tələb olunur.

1991-ci il dekabrın 10-da Azərbaycanın Dağlıq Qarabağ regionunda qanunsuz və özbaşına keçirilmiş qondarma "referendum"un nəticələrinin tanınması qeyri-mümkündür, çünki hüquqşünasların ekspert rəyinə görə, SSRİ qanunvericiliyini pozmaqla keçirilmiş referendumun guya beynəlxalq hüquqa "müvafiq olması" bir yana, onun ümumiyyətlə, hüquqi əsası olmamışdır.

Yeni səsvermənin keçirilməsi də qanunvericiliyə zidd olmamalıdır, əks halda onun mənası olmayacaq və eyni qaydada hüquqi nəticələr doğurmayan tədbir hesab ediləcəkdir. Bundan əlavə, suveren Azərbaycan ərazisinin işğalının davam etməsi və Dağlıq Qarabağ regionunun əhalisinin üçdəbir hissəsinin oradan qovulması şəraitində yeni səsvermə keçirilməsi qeyri-mümkündür. Referendumları, xüsusən Avropa Şurasının və ATƏT-in üzvü olan dövlətlərin ərazisində bu şəkildə keçirmirlər. Bu ciddi maneələr aradan qaldırılarsa, səsvermə keçirilməsi mümkündür, lakin o, Azərbaycan Konstitusiyasına zidd olmamalıdır.

Azərbaycan Ermənistanın ərazi bütövlüyünü və onun dövlət sərhədlərini tanıyır və bu məsələdə ondan qarşılıqlı münasibət gözləyir, lakin təəssüf ki, bunu görmür. Ərazi bütövlüyünün müxtəlif formaları yoxdur, halbuki xalqların öz müqəddəratını təyin etməsinin müxtəlif növləri olur - kontekstdən asılı olaraq həm daxili, həm də xarici təyini-müqəddəratı. Əgər ATƏT-in Minsk qrupunun Madrid təklifləri bu iki prinsipi birləşdirməyi nəzərdə tutursa, onda məntiqə görə bu, suveren dövlətin ərazi bütövlüyünün pozulmasına gətirib çıxarmayan təyini-müqəddərat formasının seçilməsi deməkdir. Bu iki prinsipin uzlaşdırılmasının yeganə forması sülh prosesinin əsasını təşkil edən 1975-ci il Helsinki Yekun Aktının VIII maddəsinə uyğun olaraq ərazi bütövlüyü çərçivəsində təyini-müqəddəratdır. Yəni bu, daxili təyini-müqəddəratdır. Dağlıq Qarabağ regionunun Azərbaycanın tərkibindən çıxarılmasına yönəlmiş təyini-müqəddərat ərazi bütövlüyünü pozur, buna görə də ilk növbədə Madrid prinsiplərinin məntiqinə ziddir. Odur ki, bu cür sxemi qəbul etmiş Azərbaycanın mövqeyi tamamilə kompromis mövqedir - burada həm ərazi bütövlüyü, həm bu çərçivədə təyini-müqəddərat imkanı, həm də ərazi bütövlüyünü pozmayan təyini-müqəddəratdan söhbət gedir.

Ermənistan isə öz növbəsində maksimalist mövqe tutur, işğal etdiyi Dağlıq Qarabağ üçün təyini-müqəddəratın elə formasını tələb edir ki, bu forma faktik olaraq digər prinsipin üstündən xətt çəkir. Məhz bu səbəbdən danışıqlar prosesində Ermənistanın indiki mövqeyini qeyri-konstruktiv adlandırırlar. Bu mövqe kompromis yaratmır, onu pozur, yəni konstruksiyaya deyil, destruksiyaya doğru aparır. "Ermənistanın qeyri-konstruktiv mövqeyi" anlayışı bununla bağlıdır.

Azərbaycan təyini-müqəddərat məsələsini nəzərdən keçirməyə və müzakirə etməyə hazırdır. Bu fakt özlüyündə böyük kompromisdir, çünki təyini-müqəddərat Cənubi Sudanda olduğu kimi, dövlətdaxili münaqişələrin həlli mexanizmidir, Ermənistan-Azərbaycan münaqişəsi isə aşkar ifadə olunmuş dövlətlərarası "disput"dur. Dövlətlərarası münaqişələrin həlli suveren dövlətlərin ərazi bütövlüyünə riayət edilməsinə əsaslanır və bu növ münaqişələrin təyini-müqəddərat yolu ilə həll edilməsi yersizdir, çünki dövlətlərarası münaqişələrdə tərəflər - dövlətlərin ayrı-ayrı əyalətləri deyil, artıq öz müqəddəratını təyin etmiş müstəqil dövlətlərdir.

Azərbaycan özünün Dağlıq Qarabağ regionunun ikiicmalı əhalisinin təyini-müqəddərat məsələsini nəzərdən keçirməyə hazır olduğunu bildirməklə kompromisə getmişdir, lakin təbii ki, bu, Azərbaycanın özünün ərazi bütövlüyünün ziyanına olmamalıdır. Azərbaycanın işğal edilmiş ərazilərində, o cümlədən onun Dağlıq Qarabağ regionunda Ermənistan silahlı qüvvələrinin yerləşməsi kimi mübahisəsiz faktı nəzərə alsaq, bu, böyük güzəştdir. Münaqişənin daha dövlətlərarası münaqişə olmaması üçün Ermənistan öz qoşunlarını Azərbaycan ərazisindən çıxarmalıdır. Onda ərazi bütövlüyü mövzusu da qapanacaq, məsələ vətəndaşların təyini-müqəddəratının münasib formalarını müəyyən etmək məqsədilə paytaxt ilə əyalət arasında dialoq dərəcəsinə keçəcəkdir. Lakin Yerevan "təyini-müqəddərat" dedikdə Azərbaycanın iki hissəyə parçalanmasını başa düşür. Axı biz Ermənistandan buna oxşar qaydada parçalanmasını və onun ərazisinin bir hissəsində - əsrlər boyu azərbaycanlıların məskunlaşdığı Zəngəzurda və Şərqi Göyçədə "millətin təyini-müqəddərat hüququ" termini ilə pərdələnərək ikinci Azərbaycan dövləti yaradılmasını tələb etmirik. Hər məsələdə birtərəflilik deyil, tarazlıq olmalıdır.

Buna görə də Dağlıq Qarabağın qəti hüquqi statusunun müəyyən edilməsində ən son mərhələdə heç bir səsvermə Azərbaycanın ərazi bütövlüyünün pozulmasına gətirib çıxarmamalıdır. Əgər Ermənistan Dağlıq Qarabağ erməniləri üçün qondarma "müstəqillik" tələbini davam etdirərsə, onda biz də Ermənistandan tələb edəcəyik ki, o, əvvəllər Ermənistanda yaşamış, məsələn, "göyçə-zəngəzur xalqı" adlana biləcək azərbaycanlı əhalinin öz müqəddəratını təyin etməsi üçün eyni böyüklükdə ərazi ayırsın və orada ikinci Azərbaycan dövləti yaradılsın.

Lakin biz istərdik ki, rəsmi Yerevan bu kələfi daha da dolaşdırmaq əvəzinə, konstruktivizm məcrasına qayıtsın".

 

 

Vüqar SEYİDOV,

AzərTAc-ın xüsusi müxbiri

 

Azərbaycan.- 2011.- 29 yanvar.- S. 3.