Türkiyənin İğdır vilayətinin Tuzluca rayonunda "Keçmişdən indiyədək erməni zülmü" adlı konfrans

 

Türkiyənin İğdır vilayətinin Tuzluca rayonunda İğdır Azərbaycan Dil və Mədəniyyət Birliyini yaşatma və dəstəkləmə dərnəyi tərəfindən "Keçmişdən indiyədək erməni zülmü" adlı konfrans keçirilmiş və "Xocalı" fotosərgisi açılmışdır.

AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən dərnək sədri Ziya Zakir Acar bildirmişdir ki, İğdır Türkiyədə ermənilərin ən çox qırğın törətdikləri vilayətlərdən biridir. İllərlə türklərlə birlikdə yaşayan ermənilər türk kəndlərinə hücum edərək silahsız insanları qəddarcasına qətlə yetirmişlər. Oba, Hakmemet ve Gədikli kəndlərindəki kütləvi məzarlıqlar bunun bariz nümunəsidir. İğdırda hələ açılmamış bir çox kütləvi məzarlıqlar da mövcuddur.

Z.Acar vurğulamışdır ki, bu gün qondarma "soyqırımı" iddiaları ilə Türkiyəni günahlandıran ermənilər yaxın tarixdə də işğalçı siyasətlərini davam edərək, Azərbaycanın Xocalı şəhərində silahsız insanları, uşaq, qadın və qocaları kütləvi surətdə qırmışlar. Natiq Türkiyəni qondarma "soyqırımı" ilə günahlandıran dünya dövlətlərinin Azərbaycanda törədilən bu vəhşiliklərə göz yumduğunu qeyd etmişdir. Z.Acar bildirmişdir ki, bizləri yalan və saxta bəyanatlarla günahlandıranlara qarşı həqiqətləri göstərərək özümüzü müdafiə etməliyik.

Konfransda Tuzluca rəsmiləri, Azərbaycanın Qars şəhərindəki baş konsulluğunun nümayəndəsi, müəllim və tələbələr iştirak etmişlər. Konfransın sonunda "Xocalı" filmi nümayiş olunmuşdur.

 

 

Azərbaycan.- 2011.- 29 yanvar.- S. 3.