Sosial müdafiə proqramları müvəffəqiyyətlə icra olunur

 

Yanvarın 28-də Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunda fondun orqanlarının ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclası keçirilmişdir. İclası açan Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov vurğulamışdır ki, 2010-cu ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz öz iqtisadi inkişaf tempinə görə öncül mövqeyini qoruyub saxlamış, bütün proqramlar icra olunmuş, pensiyaçıların sosial müdafiəsi sahəsində mühüm addımlar atılmışdır: "Dünyada maliyyə böhranının başa çatmadığı 2010-cu ildə Azərbaycan daha da inkişaf etmiş, əhalinin maddi rifah halı yüksəlmiş, sosial müdafiə proqramları müvəffəqiyyətlə icra olunmuşdur. 14 yanvar 2011-ci ildə möhtərəm Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir. Həmin iclasda möhtərəm Prezidentin bəyan etdiyi kimi, bu böhranlı illər ərzində ölkəmizdə iqtisadi siyasət inamla aparılıb. 2010-cu ildə Avropanın əksər ölkələrində əməkhaqqı və pensiyaların məbləği aşağı düşsə də, Azərbaycanda bunların baza hissəsi artırılıb".

S.Müslümov onu da qeyd etmişdir ki, ölkəmizdə həyata keçirilən düşünülmüş iqtisadi islahatların tərkib hissəsi kimi sığorta-pensiya sisteminin yenidən qurulması və davamlı inkişafına nail olunması, həmçinin əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri 2010-cu ildə Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətinin əsas istiqamətlərini təşkil etmişdir. 2010-cu ildə fondun gəlirləri 1 milyard 765,7 milyon manat təşkil etmişdir ki, bu da 2009-cu ilə nisbətən 164 milyon manat və ya 10,2 faiz çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2009-cu ilə nisbətən 7,7 faiz və ya 80 milyon manat artaraq 1 milyard 114,3 milyon manat təşkil etmişdir. Qeyri-büdcə sektoru üzrə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2009-cu ilə nisbətən 12,6 faiz və ya 72,5 milyon manat artaraq 648,8 milyon manat təşkil etmişdir. Bu, orta aylıq əmək haqqının artım səviyyəsini 3,5 faiz üstələmişdir. Hesabat dövrü ərzində həm fiziki şəxslərin, həm də torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilmişdir. Nəticədə fiziki şəxslərdən daxilolmalar 8,7 faiz, torpaq mülkiyyətçiləri üzrə isə 58 faiz artmışdır.

2010-cu ildə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xərcləri 1 milyard 765,1 milyon manat olmuşdur ki, bu da 2009-cu ilə nisbətən 89,7 milyon manat və ya 5,4 faiz çoxdur. S.Müslümov bildirmişdir ki, gəlirlərin icrası, maliyyə dayanıqlıgının qorunması son nəticədə pensiyaçıların sosial müdafiəsinə xidmət etmişdir. 2010-cu ildə Prezident İlham Əliyevin əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən 4 sərəncamı Dövlət Sosial Müdafiə Fondu tərəfindən icra olunmuşdur. Belə ki, "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" sərəncama əsasən, müvafiq şəxslərin əmək pensiyalarının sığorta hissəsinə 2010-cu il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2009-cu il üzrə səviyyəsinə uyğun artım tətbiq edilmiş, 2010-cu il yanvarın 1-dən etibarən Böyük Vətən müharibəsi iştirakçılarının yaşa görə əmək pensiyasının baza hissəsi 30 manat artırılmışdır. Prezidentin 22 aprel 2010-cu il tarixli sərəncamı ilə 1941-1945 -ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına 500 manat, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə 200 manat birdəfəlik maddi yardım edilmişdir. "Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında" sərəncamla 1 sentyabr 2010-cu il tarixdən əmək pensiyalarının baza hissəsi 13,3 faiz artırılaraq 75 manatdan 85 manata qaldırılmışdır. Nəticədə əmək pensiyalarının orta aylıq məbləği 2010-cu ilin əvvəlinə nisbətən 11,5 faiz artaraq ilin sonuna 112 manat olmuşdur.

S.Müslümov nəzərə çatdırmışdır ki, artıq 2010-cu il yanvarın

1-dən "Əmək pensiyaları haqqında" qanuna edilən son əlavə və dəyişikliklər tətbiq olunmaqdadır və əldə olunan nəticələr müsbətdir. Əmək pensiyaları sahəsində qanunvericiliyə edilən son dəyişiklik nəticəsində yeni sadələşdirilmiş qaydanın tətbiqi nəticəcində ölkə üzrə pensiyanın orta aylıq məbləgi 112 manat təşkil etdiyi halda, yeni təyin olunan pensiyalar üzrə orta aylıq məbləğ 162 manat olmuşdur.

Fərdi uçot sisteminin tətbiq dairəsinin daha da genişləndirilməsi məqsədilə qarşıya qoyulan vəzifələrin icrası istiqamətində davam etdirilən tədbirlər nəticəsində 2010-cu ildə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 9,79 faiz artmışdır. İl ərzində fond tərəfindən əlavə olaraq 160 523 sığortaolunana fərdi şəxsi hesab açılıb. Nəticədə Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 800 452 nəfərə yüksəlmişdir. Hazırda sığortaedənlərdən 2006-2009-cu illər üçün məcburi dövlət sosial sığorta haqları üzrə sığortaolunanlar haqqında məlumatların qəbulu prosesi yekunlaşıb və sığortaolunanların fondun saytına daxil olmaqla öz şəxsi hesablarına nəzarət etmək imkanını verən proqramın sınaq işləri aparılır.

S.Müslümov 2010-cu ildə Azərbaycanda sığorta-pensiya sistemi üzrə davam etdirilən islahatların bir sıra beynəlxalq uğurlarla müşahidə olunduğunu demişdir. Azərbaycanda həyata keçirilən sığorta - pensiya islahatlarının nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsinin nəticəsi kimi 2010-cu il martın 3-5-də Polşa Respublikasının Varşava şəhərində keçirilən Avropa Sosial Təminat Forumunda Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu "Avropanın uğurlu təcrübəsi" müsabiqəsinin "İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə effektiv idarəetmə" nominasiyası üzrə Avropa qalibi elan edilmişdir. 2010-cu il dekabr ayında BMT İnkişaf Proqramının Avropa və MDB üzrə Regional bürosu Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin islahatları üzrə layihənin, həmin büronun xəttilə gerçəkləşdirilən layihələr arasında birinci yerə layiq görüldüyünü açıqlamışdır. Bununla yanaşı, 29 noyabr - 4 dekabr 2010-cu il tarixində Cənubi Afrika Respublikasının Keyptaun şəhərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının təşkilatçılığı ilə keçirilən Dünya Sosial Təminat Forumunda Beynəlxalq Sosial Təminat Assosiasiyasının MDB və türkdilli ölkələr üzrə Regional Koordinasiya Mərkəzinin Bakıda yaradılması qərara alınmışdır.

Sonra fondun mərkəzi aparatının ayrı-ayrı şöbələrinin müdirləri hesabat dövründə həyata keçirilmiş tədbirlər, mövcud problemlər və qarşıda duran vəzifələrlə bağlı çıxışlar etmişlər. Geniş kollegiya iclasında Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 30 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"ında 2011-cu il üçün nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi müzakirə edilmişdir. Müzakirələr zamanı pensiya və müavinət təyinatının avtomatlaşdırılması, fond sistemində vahid korporativ şəbəkənin qurulması və digər istiqamətlərdəki tədbirlərin daha da intensivləşdirilməsi barədə qərarlar qəbul olunmuşdur. Bildirilmişdir ki, sosial sığorta prinsiplərinin daha da gücləndirilməsi, bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi istiqamətində Dövlət Sosial Müdafiə Fondu orqanları qarşısında mühüm vəzifələr durur.

Kollegiya iclasında, həmçinin fondun yerli orqanlarının 2010-cu ildəki fəaliyyəti ətraflı təhlil edilmiş və nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün müvafiq qərarlar qəbul edilmişdir.

 

 

R.BAYRAMOV

 

Azərbaycan.- 2011.- 29 yanvar.- S. 5.