Ölkəmizdə etibarlı ərzaq təminatı yaradılıb

 

Bu istiqamətdə atılan addımlar uğurlu nəticələr verir

 

İnkişaf etmiş dövlətlərin təcrübəsi sübut edir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlılığın, tarixi məşğulluq ənənələrinin saxlanılması vacib şərtlərdəndir. Bu baxımdan dövlət başçısı İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına dair imzaladığı dövlət proqramları aktuallığına, əhəmiyyətinə və miqyasına görə xüsusi diqqət mərkəzində olmuş, bu mükəmməl konsepsiyanın icra vəziyyəti ilə bağlı hər il hökumətin xüsusi müşavirələri keçirilmişdir. Dövlət proqramı çərçivəsində həyata keçirilən tədbirlər regionlarda sahibkarlığın inkişafını sürətləndirmiş, əmək ehtiyatlarından, təbii resurslardan kifayət qədər səmərəli istifadəyə imkan vermiş, iqtisadiyyatın tarazlı və davamlı inkişafına, infrastrukturun müasirləşdirilməsinə, əhalinin məşğulluğunun artırılmasına, yoxsulluğun səviyyəsinin azaldılmasına etibarlı zəmin yaratmışdır.

II Dövlət Proqramı bölgələrin davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün kompleks tədbirlər müəyyənləşdirməklə yanaşı, iş adamlarının fəaliyyətinə də yaxşı imkanlar açmışdır. Proqramda özəl sektorun dəstəklənməsi ilə bağlı nəzərdə tutulan kompleks tədbirlər göstərir ki, zəngin iqtisadi biliklərə malik olan Prezident İlham Əliyev ölkənin sosial-iqtisadi tərəqqisində sahibkarların rolunu düzgün dəyərləndirir və onlara hərtərəfli dəstəyini əsirgəmir.

Bu sahədə yürüdülən siyasətin başlıca hədəflərindən biri də ölkədə əlverişli biznes və investisiya mühiti yaratmaqla daxili və xarici investisiyalar cəlb etmək, qeyri-neft sektorunun ümumi daxili məhsulda çəkisini durmadan artırmaqdır. İnvestisiya qoyuluşları sahəsində dövlət siyasətini vahid mərkəzdən tənzimləmək, respublikanın investisiya cəlbediciliyini daha da artırmaq baxımından hələ 2006-cı ildə Dövlət İnvestisiya Şirkətinin yaradılmasının da mühüm əhəmiyyəti olmuşdur. Şirkətin başlıca vəzifəsi ölkə iqtisadiyyatına investisiyaların təşviqini təmin etmək, bu sahədə mövcud problemlərin aradan qaldırılmasına çalışmaqdır. Şirkət eyni zamanda xarici sərmayədarlarla birgə layihələr həyata keçirməklə, onlarda inam və etimadın güclənməsini təmin edir. Qürur doğuran haldır ki, bu gün Azərbaycan investisiya cəlbediciliyinə görə dünyanın öndə olan dövlətlərindəndir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında bildirmişdir: "2010-cu ildə ölkə iqtisadiyyatına 15,5 milyard dollar vəsait qoyulmuşdur. Bu da çox böyük rəqəmdir, investisiyaların strukturu da çox ümidverici və müsbətdir. Daxili investisiyalar xarici investisiyaları üstələyir. Artıq birinci il deyil ki, bu belədir. Bu onu göstərir ki, həm dövlət tərəfindən, həm də özəl sektor tərəfindən ölkə iqtisadiyyatına böyük məbləğdə investisiyalar qoyulur. Qeyri-neft sektoruna qoyulan investisiyalar neft sektorunkundan çoxdur. 15,5 milyard dollardan 9,3 milyard dolları qeyri-neft sektoruna qoyulan sərmayədir. Bu da bizim siyasətimizin əsas istiqamətidir. Ölkə iqtisadiyyatının neft sektorundan asılılığını azaltmaq üçün əməli-praktik tədbirlər görülür. Bu da onu göstərir ki, bir neçə il bundan əvvəl bəyan etdiyimiz proqram və konseptual yanaşmamız həyatda öz əksini tapır. Yəni bizim planlarımız həyata keçirilir, nəzərdə tutduğumuz bütün proqramlar reallaşır və dediyim rəqəmlər bunun bariz nümunəsidir. Mən əminəm ki, bu il ölkə iqtisadiyyatına böyük məbləğdə investisiyalar qoyulacaqdır. Biz elə etməliyik ki, bu investisiyalar daha böyük rəqəmlərlə ölçülsün və beləliklə, ölkə iqtisadiyyatı daha sürətlə inkişaf etsin".

Regional inkişafa xidmət edən kompleks tədbirlər də ötən il inamla davam etdirilmişdir. Dövlət başçısının fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün geniş imkanlar yaratmışdır. Proqramın icrası nəticəsində keçən il 70 mindən çox iş yeri açılmışdır ki, onun 53 mini daimidir. Regional inkişaf proqramlarının icrasının başlanmasından, yəni 2004-cü ilin fevralından bu günə qədər ölkəmizdə 900 mindən artıq iş yeri açılmışdır. Bununla bərabər, iş yerlərinin açılması, yeni müəssisələrin işə salınması nəticəsində ölkə daxilində istehsal olunan malların sayı artır, ixracdan asılılıq azalır.

Hökumət qlobal böhranın tam başa çatmadığı dövrdə belə, özəl sektora müəyyən büdcə itkisi hesabına başa gələcək güzəştli addımlarını davam etdirir. Vergi yükünün azaldılması və vergi prosedurlarının asanlaşdırılması məqsədilə 2010-cu ilin yanvarın 1-dən ölkəmizdə mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə, fiziki şəxslərdən gəlir vergisinin maksimal həddi 35 faizdən 30 faizə, fərdi sahibkarlar üçün isə 35 faizdən 20 faizə endirilməsi, bir sıra fəaliyyət növləri üçün xüsusi razılıq (lisenziya) alınmasına görə dövlət rüsumunun məbləğinin azaldılması da qlobal maliyyə böhranı şəraitində yerli sahibkarlığa ciddi dəstək olmuşdur.

Azərbaycan tarixən arqar-sənaye respublikası kimi də tanınmış və ixtisaslaşmışdır. Son illərdə institusional baxımdan torpaq və aqrar islahatların uğurla başa çatması, kənd təsərrüfatı istehsalçıları üçün yeni imkanların yaranması qarşıdakı illərdə də sərbəst bazar münasibətlərinə əsaslanan və özünüinkişaf qabiliyyətinə malik bütöv iqtisadi sistemin - müstəqil milli iqtisadiyyatın formalaşdırılması prosesi ilə səciyyəvi olacaqdır. Azərbaycanın kənd təsərrüfatında ənənəvi sahələr olan taxılçılığın, üzümçülüyün, meyvəçiliyin, pambıqçılığın, tütünçülüyün, çayçılığın, ipəkçiliyin və digər sahələrin inkişafı prioritet vəzifə olaraq qalır. Aqrar bölmənin inkişafı istiqamətləri sırasında aqrar bölmənin normativ hüquqi bazasının, elmi-metodik təminatının və kadr hazırlığı sisteminin təkmilləşdirilməsi; aqrar bölmənin xammal istehsalı və emalı sahələrinin əlaqəli inkişafı, rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasının stimullaşdırılması; aqrar bölməyə maliyyə dəstəyinin artırılması; aqrar bölmənin maddi-texniki bazasının möhkəmləndirilməsi; aqrar sektora xidmət edəcək və bazar prinsipləri əsasında fəaliyyət göstərəcək yeni strukturlara dəstək verilməsi; kənd təsərrüfatında suvarma və meliorasiya təminatının yaxşılaşdırılması; torpaq və su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi kimi tədbirlər mühüm yer tutur.

Son illərdə kənd təsərrüfatı sahəsində çalışan fermerlərin lazımi texnika, gübrə və toxum məhsulları ilə təmin edilməsi məqsədi ilə "Aqrolizinq" Səhmdar Cəmiyyətinin yaradılması, onların gəlir vergisindən azad edilməsi, güzəştli şərtlərlə yanacaq və motor yağları ilə təmini də sahibkarlığa göstərilən qayğının mühüm tərkib hissəsi kimi xüsusi vurğulanmalıdır. Regionlarda soyuducu anbarların inşası da fermerlərin maraqlarına cavab verməklə onların istehsal etdikləri kənd təsərrüfatı məhsullarının etibarlı saxlanılmasına və dünya bazarlarına çıxarılmasına imkan yaradır. Xüsusi vurğulamaq lazımdır ki, Milli Məclisdə son dövrdə qəbul olunmuş "Pambıqçılıq haqqında", "Ekoloji təmiz kənd təsərrüfatı haqqında", "Arıçılıq haqqında" və digər qanunlar kənd təsərrüfatı sahəsində dövlət siyasətinin daha səmərəli və məqsədəmüvafiq surətdə həyata keçirilməsinə imkan yaratmışdır.

Dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" da qarşıdakı illərdə respublikanın ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Son bir ildə hər iki dövlət proqramlarının icrasının yüksək peşəkarlıqla əlaqələndirilməsi daha böyük nəticələr əldə edilməsinə səbəb olmuşdur.

Ümumilikdə, regional inkişaf sahəsində əldə olunmuş yüksək nəticələr deməyə əsas verir ki, respublikamız qlobal böhranın son fazasını da uğurla adlayaraq yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 2010-cu ilin əvvəllərindən respublikada böhranın əlamətləri əhəmiyyətli dərəcədə aradan qalxmış, neftin qiymətinin büdcədə nəzərdə tutulmuş həddən yuxarı olması dövlət büdcəsi gəlirlərinin artımına yaxşı imkanlar yaratmışdır.

Azərbaycanda uğurla aparılan iqtisadi islahatlar kompleks inkişafa gətirib çıxarmışdır. Respublikamızın regionda analoqu olmayan inkişaf mərhələsinə qədəm qoyması - ümumi daxili məhsulun artım tempi, büdcə gəlirlərinin ildən-ilə əhəmiyyətli dərəcədə çoxalması iqtisadi sektorda islahatların genişləndirilməsinə, sosial-mədəni modernləşməyə imkan yaratmışdır. Əldə olunan nəticələr Azəbaycana iqtisadi cəhətdən dünyanın inkişaf etmiş ölkələri ilə bərabər rəqabət aparmaq imkanı qazandırmışdır.

 

 

E.HACIALIYEV

 

Azərbaycan.- 2011.-30 yanvar.- S. 1.