Ölkənin kompleks inkişafı davam edir

 

Nazirlər Kabinetinin iclasında səslənən fikirlərdən aydın oldu ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət ötən ildə də müsbət nəticələrin əldə edilməsini şərtləndirib

 

Respublikamızda uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası 2010-cu ildə də milli iqtisadiyyatımızın bütün sahələrinin davamlı inkişafını təmin edərək müsbət nəticələrin əldə edilməsi ilə müşayiət olunmuşdur. Bu müddətdə iqtisadiyyatın dinamik inkişafı davam etmiş, bütün sahələrdə islahatlar uğurla həyata keçirilmiş, nəticədə əhalinin sosial rifahı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.

2008-ci ildən başlanan beynəlxalq maliyyə-iqtisadi böhranı Azərbaycanı da ciddi sınağa çəkdi. Bəzi ölkələrdə minlərlə insan iş yerini itirməli oldu, bəzi ölkələrdə makroiqtisadi göstəricilər sürətlə aşağı düşdü, bəzi ölkələr isə bütün valyuta ehtiyatları ilə vidalaşmalı oldu. Qlobal böhran Azərbaycana da təsirsiz ötüşmədi. Amma ölkəmizdə səmərəli antiböhran tədbirlərini həyata keçirməklə onun mənfi təsirlərini minimuma endirmək mümkün oldu. Amma Prezident İlham Əliyevin tapşırığı və göstərişləri ilə həyata keçirilmiş qabaqlayıcı tədbirlər və əvvəlki illərdə yaradılmış möhkəm maliyyə-iqtisadi potensialı nəticəsində ölkəmizdə onun mənfi təsirləri dərindən hiss olunmadı və Azərbaycan qlobal maliyyə-iqtisadi böhranından minimum itki ilə çıxdı. Beləliklə, dünyanın ən inkişaf etmiş ölkələri ciddi iqtisadi sarsıntılara məruz qaldıqları halda Azərbaycanda sosial-iqtisadi inkişafın davamlılığı təmin edildi, onun mənfi xarici təsirlərə müqavimət qabiliyyəti sınaqdan uğurla çıxdı.

Böhranın hələ tam aradan qalxmadığı 2010-cu il də Azərbaycanın iqtisadi inkişafı ilə əlamətdar oldu. Təhlillər göstərir ki, bu müddətdə də ölkənin makroiqtisadi və sosial sabitliyi qorunub saxlanılıb, əhalinin rifah halının, maddi təminatının yaxşılaşdırılması, onun aztəminatlı qruplarına dövlət qayğısının artırılması ümdə vəzifə kimi qəbul olunaraq təmin edilib. Təbii ki, əldə olunan uğurlarda antiböhran tədbirlərinin olduqca səmərəli şəkildə həyata keçirilməsi də böyük rol oynayıb. Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev bu barədə deyib: "2010-cu il ölkəmizin inkişafı üçün çox əhəmiyyətli il olmuşdur. 2010-cu ildə ölkə iqtisadiyyatı inkişaf etmişdir. Ümumiyyətlə, 2009 və 2010-cu illər tarixdə maliyyə və iqtisadi böhran illəri kimi qalacaq və bu illər bizim üçün də sınaq olmuşdur. Mən çox şadam ki, Azərbaycanda aparılan islahatlar və düzgün iqtisadi siyasət nəticəsində həm 2009-cu ildə, həm 2010-cu ildə ölkə iqtisadiyyatı inkişaf etmişdir".

2010-cu ildə qeydə alınan makroiqtisadi göstəricilər respublikamızda inkişaf kursunun uğurla həyata keçirildiyini təsdiq edir. 2010-cu il Azərbaycan iqtisadiyyatı üçün uğurlu olmuş və ümumi daxili məhsul istehsalı 5 faiz artaraq 41 milyard manatı ötmüşdür. Ötən il inflyasiya cəmi 5,7 faiz təşkil etmiş, əhalinin pul gəlirləri isə 12,3 faiz artmışdır. Bu onu göstərir ki, gəlirlər inflyasiyanı üstələyir.

Bu gün Azərbaycan hakimiyyətinin qarşıya qoyduğu əsas məqsədlərdən biri iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını təmin etmək, xüsusən yeni istehsal sahələrinin fəaliyyətini stimullaşdırmaqdır. Məlum olduğu kimi, bunun üçün artıq neçə illərdir ki, Sahibkalığa Kömək Milli Fondu vasitəsilə ayrı-ayrı sahibkarlara güzəştli kreditlər ayrılır. Ötən il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən hamısı regionlarda olmaqla, 1430 investisiya layihəsinin maliyyələşdirilməsinə 115 milyon manat güzəştli kredit verilmişdir. Ötən il regionlarda 160-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi tikilib istifadəyə verilmiş, 200-dən çox müəssisənin isə tikintisi davam etdirilir. Bu müəssisələrin 112-sində Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə olunur. Yeni müəssisələrin sayının artması isə təbii ki, ÜDM-də istehsalın payını, o cümlədən yerli istehsalı əhəmiyyətli dərəcədə artırır. Bununla yanaşı yeni müəssisələr ölkədə iş yerlərinin yaradılmasında da böyük rol oynayır. Keçən il ölkə üzrə 70 mindən çox iş yeri açılmışdır ki, bunun da 53 mini daimidir. Ümumilikdə isə regional inkişaf proqramlarının icrasının başlanmasından, yəni 2004-cü ilin fevralından bugünə qədər ölkəmizdə 900 mindən artıq iş yeri açılıb.

Nazirlər Kabinetinin iclasında digər sosial məsələlərdən də söz açıldı və nikbinlik ifadə olundu. Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsidir ki, əhalinin sosial rifahının yüksəldilməsi ötən il də prioritet olaraq qaldı. Həqiqətən iqtisadi sferada yaşanan inkişaf, əldə edilən nailiyyətlər, ölkənin maliyyə imkanlarının artması əhalinin maddi rifah halının yüksəlməsinə öz töhfələrini verərək bu sahədə vəziyyətin daha da yaxşılaşmasına əhəmiyyətli təsir göstərir. Ötən il minimum əməkhaqqının və pensiyanın baza hissəsinin 75 manatdan 85 manata qaldırılması, ünvanlı sosial yardım proqramının uğurla icra edilməsi və bu proqram çərçivəsində 550 min nəfərin dövlətdən yardım alması Azərbaycanda həyata keçirilən uğurlu sosial siyasətin təzahürüdür. 2010-cu ilin yekunlarına görə, ölkəmizdə yoxsulluğun səviyyəsi daha da aşağı düşüb. Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev bu məsələyə də toxundu: "Azərbaycanda yoxsulluq şəraitində yaşayanlar 9,1 faizdir. Hesab edirəm ki, bu, bizim böyük nailiyyətimizdir. Yeddi il ərzində Azərbaycanda yoxsulluq 4-5 dəfə aşağı düşmüşdür. Bu, bir daha göstərir ki, bizim apardığımız islahatlar və iqtisadi artım, ilk növbədə, Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına yönəldilibdir". Dövlət başçısı onu da əlavə etdi ki, bu, Azərbaycanda enerji sektorunda görülən işlər nəticəsində ölkə xəzinəsinə daxil olunan vəsaitin ədalətli bölündüyünü və beləliklə, respublikamızda sosial ədalət prinsipinin həmişə yüksək səviyyədə tətbiq olunduğunu göstərir.

Azərbaycanın iqtisadi uğurlarını şərtləndirən amillərdən biri də təbii sərvətlərindən, o cümlədən də neft-qaz ehtiyatlarından səmərəli istifadə olunmasıdır. Bu səmərəliliyin nəticəsidir ki, 2010-cu il ərzində Azərbaycan strateji valyuta ehtiyatlarının həcmini 9 milyard ABŞ dollarına qədər artırıb. Əgər ilin əvvəlində ölkəmizin valyuta ehtiyatları 20 milyard dollardan bir qədər artıq idisə, indi bu göstərici 29 milyard dollardan çoxdur. Göstərilən həcmdə valyuta ehtiyatı Azərbaycana iqtisadi sahədə istənilən layihəni uğurla reallaşdırmağa imkan verir və ölkənin dayanıqlı inkişafına möhkəm zəmanətdir. Bunun nəticəsidir ki, Azərbaycan ölkə daxilində yatırılan investisiyalarda əsas pay sahibi kimi çıxış edir, eyni zamanda xaricdə yatırdığı sərmayələrin həcmini artırır.

Ölkəmizdə maliyyə ehtiyatlarının artması digər sahələrin, xüsusən ordunun döyüş qabiliyyətinin yüksəldilməsini və hərbi sənaye kompleksinin inkişafını da şərtləndirir. Azərbaycan Silahlı Qüvvələrinin qüdrətlənməsi, modern imkanlara malik peşəkar orduya çevrilməsi, hərbi sənayemizin istehsal etdiyi silah-sursat və hərbi texnika ilə dünya bazarlarında özünə yer tapması günümüzün reallığıdır.

Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında səslənən fikirlər göstərdi ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətin və xalqın maraqlarına xidmət edən kompleks inkişaf strategiyası əzmkarlıqla həyata keçirilməkdədir. Qazanılan uğurlar ölkəmizin iqtisadi qüdrətinin sürətlə artmasını, Azərbaycan xalqının rifah halının yüksəlməsini, dövlətimizin müdafiə qabiliyyətinin, beynəlxalq aləmdə nüfuzunun getdikcə daha da möhkəmlənməsini təmin edir.

 

 

Azərbaycan.- 2011.-1 fevral.- S. 1.