Misirin nüfuzlu Əl-Şuruk qəzetində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı haqqında geniş məqalə dərc edilmişdir

 

Misirin nüfuzlu ərəbdilli "Əl-Şuruk" qəzetində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş geniş məqalə dərc edilmişdir.

Ölkəmizin Misirdəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, məqalənin müəllifi Əhməd Əbdu Tərabi 1918-ci ilin martında ermənilərin törətdikləri qırğınların Azərbaycan xalqının tarixində baş verən ilksonuncu faciə olmadığını yazır.

"Tarix təkrarlanır və ya tiranlar tarixi hadisələri təkrar edirlər" sərlövhəli yazıda vurğulanır ki, öz tarixi torpaqlarında sülh şəraitində yaşamaq istəyən Azərbaycan xalqına qarşı 1918-ci ilin martında ermənilər misli görünməmiş soyqırımı törətmişlər.

Müəllif 1915-ci ildə Osmanlı İmperiyasında baş verən hadisələri "soyqırımı" adlandırmağa çalışan ermənilərin 1905-1907-ci illərdə, 1918-ci ilin martında törətdikləri qırğınlara və 1992-ci ildə Xocalı faciəsinə görə cavab verməli olduqlarını da vurğulayır.

Məqalədə qeyd olunur ki, ermənilər Birinci Dünya müharibəsinin sonlarında baş verən hadisələrdən yararlanaraq, 1918-ci il martın 31-də Bakıda azərbaycanlılara qarşı kütləvi soyqırımına başlamışlar. Onlar bir gecə ərzində Bakıda 3 min  azərbaycanlını öldürmüş, evləri, məktəbləri, tarixi abidələri yandırmış və şəhəri viran qoymuşlar. Yazıda  sonradan bu faciənin Azərbaycanın digər şəhərlərində də törədildiyi və 50 mindən çox azərbaycanlının qətlə yetirildiyi vurğulanır.

Sonda müəllif BMT Təhlükəsizlik Şurasının və Baş Məclisinin Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qəbul etdiyi qətnamələri də xatırladır. Müəllif yazır ki, bu sənədlərdə Ermənistandan hərbi qüvvələrini Azərbaycanın ərazilərindən çıxarılması tələbi irəli sürülsə də, Dağlıq Qarabağ və ətraf rayonlar hələ də işğal altında saxlanılır. Bu siyasət Ermənistanın region xalqları ilə sülh şəraitində yaşamaq niyyətində olmadığını, öz xalqını müharibəyə və nifrətə sürüklədiyini sübut edir.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 1 aprel.- S. 4.