Filosofun fəlsəfə dəftərindən...

 

"Nurlan"  nəşriyyatında yenicə çapdan çıxan "Fəlsəfi düşüncələr dünyası" kitabı fəlsəfə elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Sosiologiya kafedrasının müdiri, "Şöhrət" ordenli İzzət Rüstəmovun  80 illik yubileyinə həsr olunmuşdur.

Kitabda tanınmış filosofun keçdiyi mənalı həyat yolundan  bəhs olunur, alim, tərcüməçi və dövlət xadimi kimi çoxşaxəli fəaliyyəti araşdırılır, habelə onun haqqında müasirlərinin yazdıqları məqalələr verilmişdir. İ.Rüstəmovun elmi yaradıcılığında Azərbaycan xalqının böyük mütəfəkkir oğlu, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin təbii-elmi və fəlsəfi ideyalarının tədqiqi xüsusi yer tutur. Onun "Həsən bəy Zərdabi" monoqrafiyası zərdabişünaslığa mühüm töhfə kimi qiymətləndirilib və bu sahədə yenilik hesab olunur. Professor İ.Rüstəmov A.A.Bakıxanovun, M.F.Axundzadənin, N.Nərimanovun da fəlsəfi yaradıcılığının mahir tədqiqatçılarından biridir. Həmin mütəfəkkirlərin dünyagörüşünün elmi-fəlsəfi təhlilinə həsr olunmuş tədqiqatları, çap olunmuş  kitabları özünün orijinallığı ilə seçilir.  Kitabda fəlsəfə elmləri doktorları Əziz Məmmədovun, Əli Abasovun, Nazim Hüseynlinin, Əbülhəsən Abbasovun, Əsədulla Qurbanovun, İlham Məmmədzadənin, sosiologiya elmləri doktoru Rəfail Həsənovun, BDU-nun Fəlsəfə kafedrasının dosenti Kəmalə Pənahovanın, Sosiologiya kafedrasının dosenti Fazil Vahidovun, BDU-nun Şərqşünaslıq fakültəsi Türk filologiyası kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Rüfət Rüstəmovun, hüquq elmləri doktoru, professor Nazim Cəfərlinin, şair İlyas Tapdığın, əməkdar jurnalist Tahir Aydınoğlunun, şair Fəxri Müslümün və başqalarının məqalələri verilmişdir.   

Kitabın məsləhətçisi Bakı Avrasiya Universitetinin rektoru fəlsəfə elmləri doktoru, professor Nazim Hüseynli, redaktoru Akif Əhmədgildir.

 

 

Tamerlan ƏHMƏDLİ,

BDU-nun Sosial elmlər və

psixologiya fakültəsinin tələbəsi

 

Azərbaycan.- 2012.- 1 aprel.- S. 7.