Hakimliyə namizədlər üçün ilkin tədris kursları başlamışdır

 

 Hakimliyə namizədlərlə şəffaf prosedurlar əsasında beynəlxalq standartlara uyğun keçirilmiş test üsulu ilə, habelə yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 77 nəfər namizəd növbəti mərhələyə - uzunmüddətli tədris kurslarına buraxılmışdır.

Kursun proqramı müasir metodika və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış, namizədlərin hakim olmaq üçün lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə xüsusi diqqət yetirilərək proqrama ən aktual, o cümlədən insan hüquqları, xüsusilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi - presedentləri, habelə məhkəmə etikası, korrupsiya ilə mübarizə, milli qanunvericiliyin yenilikləri və digər məsələlərə dair mövzular daxil edilmiş, müxtəlif məhkəmələrdə yarımillik staj keçmə nəzərdə tutulmuşdur.

Məhkəmə-Hüquq Şurasından AzərTAc-a bildirmişlər ki, kursun açılış mərasimində dinləyicilər qarşısında mühazirə ilə çıxış edən ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuşPrezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uğurlu dövlət inkişafı kursunu, əldə olunmuş yüksək nailiyyətləri vurğulamış, məhkəmə sisteminin müasirləşdirilməsi, hakimlərin müstəqilliyinin təmin olunması, əhalinin məhkəmələrə inamının gücləndirilməsi və müraciət imkanlarının asanlaşdırılması üzrə işləri və qarşıda duran mühüm tədbirləri qeyd etmişdir.

Kursa başlayan hakimliyə namizədlərə uğurlar arzulayan nazir məhkəmə sistemində nəzəri və peşə hazırlığı ilə yanaşı, yüksək insani keyfiyyətlərinə, o cümlədən mənəvi təmizliyinə, ədalətliliyinə və qərəzsizliyinə, insanlara qayğılı münasibətinə görə fərqlənən şəxslərin təmsil edilməsinin zəruriliyini bildirmiş, onlara bu yüksək amalları daim uca tutmalarını tövsiyə etmişdir.

Sonra tədris proqramına uyğun olaraq kurs Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin insan hüquqlarının etibarlı təminatı mövzusu və digər aktual məsələlər üzrə mühazirələrlə öz işini davam etmişdir.

Qeyd olunmalıdır ki, Ədliyyə Akademiyasında 1 il müddətində davam edəcək kursda yüksək məhkəmə hakimlərinin, görkəmli alimlərin, zəngin biliyə və təcrübəyə malik olan şəxslərin, habelə nüfuzlu xarici mütəxəssislərin mühazirələri təşkil olunacaq və kurs çərçivəsində hakimliyə namizədlər xarici ölkələrdə müsbət beynəlxalq təcrübə üzrə ayrıca təlimlər keçəcəklər.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 3 aprel.- S. 3.