Dünya erməniliyi siyasi-ideoloji terror mərkəzinə çevrilib

 

Mübariz Qurbanlı: "Erməniçilik Azərbaycanı, Türkiyəni və bütövlükdə türk dünyasını məhv etməyi qarşısına məqsəd qoyan qanlı siyasətdir"

 

Artıq hamıya məlumdur ki, ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənib. Xalqımıza qarşı törədilmiş soyqırımıların unudulmaması üçün ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" fərmanı ilə 31 mart Azərbaycanlıların soyqırım günü elan edilib. Həmin fərmanda göstərilir ki, "son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalıb. Dünya erməniliyi və onların təsiri altında olan qüvvələrin səyləri  nəticəsində türk millətinə qarşı açıq-aşkar soyqırımı siyasəti həyata keçirilib".

Prezident İlham Əliyev də regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda dünya erməniliyi və onların təsiri altında olan siyasi qüvvələrin çirkin əməllərindən danışıb, Azərbaycanın uğurlu inkişafını qəbul etməyən qüvvələri də bir neçə qrupa bölüb. Ölkə başçısının həmin konfransda toxunduğu bir sıra məsələlərlə bağlı Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı ilə söhbət etdik:

- Mübariz müəllim, Prezident İlham Əliyev Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda ölkəmizin artan siyasi çəkisi və iqtisadi gücünü istəməyən qüvvələri bir neçə qrupa bölüb. Əsas düşmənlərimizin dünya erməniliyi və onların təsiri altında olan riyakar, korrupsioner, rüşvətxor siyasətçilərin olduğunu deyib. Dünya erməniliyi deyəndə kimlər və hansı qüvvələr nəzərdə tutulur?

- Həmin konfransda Prezident İlham Əliyev Azərbaycanla bağlı həm iqtisadi, həm də siyasi sahələrə aid çox dəyərli tezisləri ortaya qoydu. Ölkə başçısının  çıxışında iqtisadi məsələlərlə bərabər, həmçinin Azərbaycanın qarşısında duran vəzifələr, indiki siyasi durum, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli məsələləri geniş şəkildə cəmiyyətin diqqətinə çatdırıldı. Prezidentin dünya ermənçiliyi ilə bağlı söylədiyi fikrə gəlincə qeyd etmək istərdim ki, erməniçilik əslində Azərbaycanı, Türkiyəni və bütövlükdə türk dünyasını məhv etməyi qarşısına məqsəd qoyan qanlı siyasətdir və bu siyasət həmişə davam etdirilib. Erməniçiliyin ideologiyasında erməni millətinin bütün millətlərdən üstünlüyünün təbliği dayanır. Erməniçilik faşizmin başqa bir formasıdır. Erməniçiliklə faşizm arasında əgər paralellər aparsaq, çox aydın şəkildə görərik ki, onlar faktiki eyni bir ideologiyanın başqa-başqa qollarıdır. Erməniçilik erməni kilsəsi ətrafında birləşib. Erməni kilsəsi isə xristian kilsəsi içərisində ayrıca bir qol kimi fəaliyyət göstərməkdədir.

Erməniçilik və onun təbliğinin tarixi çox dərinlərə gedib çıxır. Ermənilər zaman-zaman yaşadıqları bölgələrdə həmişə güclünün tərəfində duraraq öz məqsədlərinə nail olmağa çalışıblar. Onlar Qafqaza gəlmə xalqdır. Buna qədər  Asiyada, Balkanlarda məskunlaşıblar. Məskunlaşdıqları ərazilərdə həmişə müxtəlif dinlər və müxtəlif dövlətlər arasında baş verən münaqişələrdə mənfi mənada iştirakçı olublar. Birmənalı olaraq güclü dövlətlərə sığınaraq öz hiylə-fəsadlarını həyata keçiriblər. Tarixə nəzər salsaq görərik ki, Osmanlı imperiyası dövründə ermənilər bu imperiyaya sığınaraq həm öz dinlərini, həm kilsələrini qoruyub saxlaya biliblər.  Eyni zamanda, Osmanlı imperiyasında çox yüksək vəzifələr əldə ediblər. Erməni millətindən olan şəxslər Osmanlı imperiyasında vəzir, vilayət başçısı, sarayda müxtəlif vəzifələr tutan şəxslər səviyyəsinə yüksəliblər. Nə qədər ki Osmanlı imperiyası güclü idi, ermənilər onun ədalətinə sığınaraq Osmanlı dövlətini tərif etməkdən və onun ədalətinin yüksək olmasından danışardılar. Lakin Osmanlı imperiyasının zəiflədiyi dövrdə ona arxadan ilk zərbə vuran da ermənilər olub. Ermənilər Osmanlı türklərinin qəlbini o qədər "fəth" etmişdilər ki, Osmanlıda "milləti-sadiq" adını almışdılar. Osmanlı çoxmillətli dövlət idi. Bu dövlətdə müxtəlif millətlər yaşasa da, orada aparıcı etnos türklər idi. Amma "milləti-sadiq" titulunu məhz ermənilər ala bilmişdilər. Sonrakı dövrlərdə Səfəvilər, böyük Teymurun qurduğu dövlətlərə baxdıqda orada fitnə-fəsad yuvasında həmişə ermənilər görünüb. Rus çarizmi gücləndiyi vaxt ermənilər onun yanında olublar. Onlar güclüyə meyil göstərməklə öz maraqlarını qorumağa çalışıblar və burada da mərkəz həmişə erməni kilsəsi və erməni keşişləri olublar və bu erməniçilik artıq ideologiyaya çevrilib. Erməniçilik çətiri altında birləşən ermənilər dünyanın hər yerinə səpələniblər. Dinini, mədəniyyətini itirib adını və erməniçiliyini saxlayıb. Ermənilər dünya siyasətində rolu olan yəhudilərlə həmişə yarışmaq istəyiblər. Erməniçilik yəhudilərə qarşı həmişə mübarizə aparıb. Çünki onlarda yəhudilərə qarşı böyük qısqanclıq olub.

Prezident İlham Əliyev də erməniçiliyin ideologiyasının mahiyyət və mənasına nüfuz edib bir daha cəmiyyətin diqqətinə çatdırıb. Ermənilər hazırda dünyada azlıq təşkil edirlər. Harada məskunlaşmalarından asılı olmayaraq, erməni kilsəsi ətrafında birləşərək öz çirkin niyyətlərini davam etdirirlər. Onlar buna diaspor deyirlər. Ancaq bu, diasporluqdan kənarlaşıb. Artıq bu, diaspor yox, bir ideoloji və siyasi terror mərkəzidir və bu siyasi terror mərkəzinin başında harada olmasından asılı olmayaraq, erməni kilsəsi və erməni keşişi dayanır. Azərbaycan dövlətçiliyi zəifləyən vaxtlarda həmişə ermənilər azərbaycanlılardan torpaq qoparmağa çalışıblar. Cavad xan və İrəvan xanlığının məğlubiyyətində ermənilər riyakar rol oynayıblar. Səttar xanın qətlindən tutmuş, digər məkrli işlərdə onların izi var. Yəni, erməniçilik və erməni obrazının dünyada analoqu yoxdur. Onlar rüşvətlə, şantajla xaricdən olan siyasətçiləri təsir dairəsinə salmağa çalışırlar. ABŞ Konqresində, Fransa Senatında və digər ölkə parlamentlərində olan bəzi siyasətçilərə ermənilər müxtəlif təzyiqlər göstərərək öz tərəflərinə keçirirlər. Ən çirkin metodlardan istifadə edirlər. Onların daxil ola bilmədiyi bir neçə ölkə var. Biri yəhudi, digəri isə ingilis məkanıdır. Digər xalqların içərisinə onlar öz ünsürlərini yeridiblər. Ona görə də Prezident İlham Əliyev qeyd edib ki, biz erməniçilik və onların təsiri altında olan riyakar, korrupsioner, rüşvətxor siyasətçilərə qarşı mübarizə aparmalıyıq. Biz bütün bunları nəzərə almalıyıq. Biz millət olaraq tarixdən ibrət dərsi götürməyi bacarmalıyıq. O millət ki, xəyanətə alışıb, mütləq yenə xəyanət edəcək. Gələcəkdə torpaqlarımız azad edildikdən sonra ola bilsin ki, Ermənstanla da hansısa ilişkilərimiz olsun. Çünki buradan köçüb gedəsi deyillər. Amma biz həmişə erməniçiliyin hansı simptomlara malik olduğunu yaddaşımızda saxlamalıyıq. Onlar bu gün qondarma "erməni soyqırımı"ndan sui-istifadə edirlər. Onlar, əslində, tək Türkiyəyə qarşı yox, Azərbaycana qarşı hücum edirlər. Bütün bunlar erməniçiliyin mahiyyəti və mənasıdır.

- Dövlət başçısı onu da bildirib ki, o siyasətçilər həqiqəti görmək istəmirlər və müxtəlif yerlərdə Azərbaycanı ləkələməklə məşğuldurlar. Onlar bəzi parlamentlərin erməni lobbisinin pulu ilə maliyyələşən üzvləri, siyasi xadimlərdir. Azərbaycanın uğurlu inkişafından narahat olan belələri nə vaxtadək həqiqəti inkar edəcəklər?

- Prezident İlham Əliyev, xaricdə olan bəzi siyasətçilərin, siyasi dairələrin Azərbaycan əleyhinə olan fəaliyyəti ilə də bağlı fikirlər səsləndirib. Bununla əlaqədar bizim əlimizdə tutarlı dəlillər, faktlar var. Məsələn, bu gün Azərbaycan Cənubi Qafqazın sürətlə inkişaf edən ölkəsidir. Azərbaycan Cənubi Qafqazın iqtisadiyyatının 80 faizinə nəzarət edir. Ölkədə söz və mətbuat azadlığı var. İnsan hüquq və azadlıqları, vətəndaşların iqtisadi azadlığı təmin edilib. Ölkəmiz dövlət quruculuğu sahəsində qarşısında duran vəzifələri ardıcıl olaraq uğurla yerinə yetirir. Biz beynəlxalq təşkilatlara nəzər salaq. Dünyada aparıcı beynəlxalq təşkilatlar sırasında Birləşmiş Millətlər Təşkilatı birinci yerdə durur. Onun ən ali orqanı Baş Məclisdir. Baş Məclis səsvermə yolu ilə qərarlar qəbul edən qurumudur. Baş Məclisin 193 üzvü var. Azərbaycan bu qurumun üzvüdür və ölkəmiz BMT-dəki fəaliyyətində faktiki olaraq hücum diplomatiyasını həyata keçirir. Azərbaycan Baş Məclisdə böyük səs almaq imkanına malikdir. Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı Baş Məclisdə bir neçə dəfə məsələ qaldırmışıq və hər dəfə Baş Məclisdə ermənilərin cəhdlərinə baxmayaraq, Azərbaycan uğur qazanıb.

Azərbaycanın bu qurumun Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi isə Baş Məclisdə 155 ölkənin bizə səs verməsi qurumdakı olan nüfuzumuzun göstəricisidir. Lakin indi BMT-nin strukturunda başqa bir qurum var - BMT Təhlükəsizlik Şurası. Azərbaycan artıq həmin qurumun qeyri-daimi üzvüdür. Biz Təhlükəsizlik Şurasından çox şey gözləyirik. Təhlükəsizlik Şurası zamanında Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı dörd qətnamə qəbul edib. Lakin bu qətnamələr yerinə yetirilmir. Təhlükəsizlik Şurası digər ölkələrlə bağlı qətnamələr qəbul edir və bunlar dərhal yerinə yetirilir. Beynəlxalq təşkilatlarda ikili standart deyilən siyasət nəticə etibarilə bu qurumların nüfuzuna ziyan vurur. Bunun səbəbi isə həmin ölkələrin geosiyasi maraqları və ermənilərin beynəlxalq səviyyədə apardıqları destruktiv fəaliyyətdir. Avropa Şurasında da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox mühüm sənədlər qəbul edilib. Ancaq erməni təşkilatlarından maliyyə dəstəyi alaraq seçkilərdə qalib gələn, yaxud da ermənilərin əli ilə öz siyasi imicini dəyişən bəzi qüvvələr Azərbaycan əleyhinə çıxış edirlər. Onlar da həmin ikili standartlar siyasətində Azərbaycan əleyhinə fəaliyyətdə olurlar. Onların Azərbaycan əleyhinə olmalarının fəaliyyəti onda özünü göstərir ki, beynəlxalq QHT-lər hər il insan haqları və digər məsələlərlə bağlı hesabat hazırlayıb Azərbaycan əleyhinə müxtəlif fikirlər yürüdürlər. Araşdırdıqda məlum olur ki, bu təşkilatların özəyində ermənilər durur.

Bu gün Azərbaycanın güclü inkişafından ən böyük narahatçılıq keçirən ölkə Ermənistandır. Çünki Azərbaycan sürətlə inkişaf etdikcə Ermənistan ölkəmizdən qat-qat geridə qalır. Bu gün Ermənistanın dövlət büdcəsi Azərbaycanın hərbi büdcəsindən azdır. Ermənistanda cəmi 1,8 milyon erməni qalıb. Ermənistanda demoqrafik total böhran yaşanmaqdadır. Azərbaycanın inkişafı sadə ermənini düşünməyə vadar edir. Sadə erməni erməniçilik ideyasından bəzən sapmalara yol verir. Cüzi də olsa bəzi ermənilərin haqq-ədaləti söyləməsini eşitməkdəyik. Bu, həmin erməninin gəldiyi məntiqi nəticədir. Düzdür, Azərbaycana qarşı ideoloji siyasi təbliğatlar aparılır. Bunların da arxasında həm Azərbaycanı istəməyən qüvvələr var, həm də Azərbaycanın əleyhinə yönələn erməni lobbi təşkilatları var.

- Prezident İlham Əliyev vurğulayıb ki, digər qrup Azərbaycanın müstəqil siyasətini qəbul etməyənlərdir.  Üçüncü qrup isə, sadəcə olaraq, bizə paxıllıq edənlərdir. Amma məqsədyönlü siyasət nəticəsində regionda lider dövlət olan Azərbaycanın müstəqil siyasət aparmasını qəbul etməyən qüvvələr də var.

- Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bizim daxili və xarici siyasətimizin ana xəttini müəyyən etmək lazım idi. Azərbaycanın bütövlükdə daxili və xarici siyasətinin prinsipial məqamları ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilib. Milli ideologiyamızın ayrı-ayrı şaxələri var və bizim daxili, xarici siyasətimizin konsepsiyasında müstəqil xarici siyasət yeritmək mühüm yerlərdən birini tutur. Biz balanslaşdırılmış siyasət yürüdürük. Balanslaşdırılmış siyasət müstəqil siyasətin tərkib hissəsidir. Prezident İlham Əliyev dəfələrlə deyib ki, Azərbaycan müstəqil siyasət yeridir. Azərbaycanın müstəqil siyasətindəki başlıca məram milli maraqların təmin edilməsidir. Bizim milli maraqlarımız hər bir məsələdən yüksəkdə dayanır və milli maraqlar naminə Azərbaycan böyük siyasət həyata keçirməkdədir. Təbii ki, Azərbaycanın həyata keçirdiyi müstəqil siyasəti istəməyən və Azərbaycanı öz xarici siyasət orbitinə daxil edərək bizim ölkəmizə təsir etmək istəyən qüvvələr var. Bu gün dünyada olan ölkələr üç yerə bölünür: birincisi, sənaye üzrə yüksək inkişaf etmiş ölkələrdir. Bunların sırasında "Böyük səkkizlik" və "Böyük iyirmilik" gəlir. Hamı bu ölkələrin dünya iqtisadiyyatında aparıcı rol oynadığını etiraf edir. Azərbaycan bu il G-20-lər toplantısına dəvət aldı. Bu, təsadüfi deyil. Çünki Azərbaycan da Qafqazın lider ölkəsi kimi bu prosesə daxil olub. Bu quruma Azərbaycanın dəvət olunması ölkəmizi yüksək strateji mövqeyə gətirib çıxarıb. Azərbaycan strateji baxımdan sənayecə inkişaf etmiş ölkələr istiqamətində gedən dövlətlərdəndir. Azərbaycan yüksək inkişaf etmiş ölkələr sırasında olmasa da, həmin istqamətə gedən 3-5 ölkədən biridir. Azərbaycan hazırda inkişaf etməkdə olan ölkələr sırasındadır. Qarşıya qoyulan strateji məqsəd isə inkişaf etmiş dövlətlər sırasına qoşulmaqdır. Sonuncu qrup isə geridə qalan ölkələr hesab edilir.

Dünyada digər bölgülər var - dövlətçiliyi baş tutmuş ölkələr, dövlətçiliyinin baş tutması üçün mübarizə aparan ölkələr və dövlətçiliyi baş tutmayan ölkələr. Elə ölkələr var ki, onun xəritədə adı və ərazisi var. Amma dövlət kimi fəaliyyət göstərsə də, orada dövlətçilikdən əsər-əlamət yoxdur. Misal üçün Somali, Efiopiya, Əfqanıstan. Azərbaycan isə dövlətçiliyi artıq baş tutmuş və möhkəmlənmiş, yüksək səviyyəyə keçid dövrünü yaşayan bir ölkədir. Biz bütövlükdə transformasiya dövrünü arxada qoymuşuq. İndi isə yeni bir istiqamətə getməkdəyik. Azərbaycan bu gün inkişaf edir. Ümumdaxili məhsul, valyuta ehtiyatları, adambaşına düşən vəsait daim artır, ölkəmiz güclənir. Təbii ki, Azərbaycanın artan bu gücündən böyük narahatlıq keçirən qüvvələr var. Azərbaycan siyasətinə təsir göstərmək istəyənlər var. Bunu da Prezident İlham Əliyev bir neçə istiqamətə bölüb. Bunlar bizim üçün politoloji baxımdan çox əhəmiyyətli bölgüdür. Həmin bölgüdə göstərilir ki, Azərbaycanın müstəqil siyasətini qəbul etməyib ona təsir göstərmək istəyənlər və eyni zamanda elə ölkələr var ki, Azərbaycanın inkişafına paxıllıq edirlər. Yəni, burada söhbət siyasi, dövlət səviyyəsində paxıllıqdan gedir. Çünki elə dövlət başçıları, elə dövlətlər var ki, onlar Azərbaycanın sürətli inkişafını görərək həm narahat olur, həm də mənfi mənada qibtə edirlər. Bu qibtə müsbət mənada olmayan qibtəyə çevrilir, bu da özünü büruzə verir.

- "İctimai Palata" icazəsiz aksiyalar keçirmək iddiasındadır. Sizcə, ölkəmizdə keçiriləcək "Eurovision" mahnı müsabiqəsi öncəsi belə aksiyaların keçirilməsi nə dərəcədə düzgündür?

- Bu gün Azərbaycan sürətlə inkişaf edir. İnsan hüquqları, söz və mətbuat azadlığı təmin edilir, siyasi partiyalar fəaliyyət göstərir. Qeyri-hökumət təşkilatlarına dövlət yardımı göstərilir. Belə bir şəraitdə Azərbaycanda olan siyasi dairələr ölkədə yenə də qarşıdurma yaratmağa cəhd göstərirlər, siyasi aksiya keçirməklə bağlı çağırışlar edirlər. Əlbəttə, siyasi qüvvələrin aksiyalar keçirmək istəyi onların konstitusion hüququdur. Lakin bu siyasi aksiyalar yalnız və yalnız qanun çərçivəsində olmalıdır. Əgər bu və ya digər siyasi partiyaların keçirdiyi siyasi aksiyanın qanunsuzluğuna göz yumsaq, onda gərək cəmiyyətdə bütün qanunsuzluqlara göz yumaq. Bir qanunsuzluğa rəvac versək, nəticə etibarilə başqa bir sahədə qanunsuzluğa yol vermiş olacağıq. Qeyri-qanuni hərəkətlərin qarşısını almasaq, onda yenidən Azərbaycanı XX əsrin 90-cı illərinin əvvəlindəki səviyyəyə qaytarmış olacağıq. Ona görə də "İctimai Palata" adlanan qurum Bakı Şəhər İcra Hakimiyyətinin icazə vermədiyi yerlərdə qanunsuz aksiya keçirmək istəsə, onun qarşısı qanunla alınacaq. Siyasi aksiyalar keçirilirsə, qanun çərçivəsində olmalıdır. Bu gün Azərbaycanda dialoq mühiti var. Siyasi partiyalar arasında çox ciddi fikir mübadiləsi var. Bu müzakirələrdə biz bütün məsələləri ortaya qoyub həll edə bilərik. Ona görə də hansısa siyasi partiyanın qeyri-qanuni hərəkət etməsinə heç lüzum yoxdur. Çünki siyasi dialoq mühitində hər kəs öz fikrini mətbuatda açıq şəkildə ifadə edə bilər. Yeni Azərbaycan Partiyası ilə istənilən mühitdə, istənilən formada dialoq şəraitində fəaliyyətini davam etdirə bilər. Qeyri-qanuni hərəkətlərə yol vermək isə əslində bölgədə müəyyən siyasi, geoiqtisadi maraqları olan və Azərbaycanın inkişafına əngəl olmaq istəyən dairələrə dəstək vermək deməkdir. Bunu hamımız bilməli və hamımız birgə fəaliyyət göstərməliyik.

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2012.- 3 aprel.- S. 5.