Strateji Araşdırmalar Mərkəzində münaqişələrin həlli üzrə beynəlxalq ekspertlərin görüşü olmuşdur

 

 Aprelin 2-də Azərbaycan Respublikası Strateji Araşdırmalar Mərkəzində (SAM) "Müasir dünyada  münaqişələrin həlli və sülhün əldə edilməsi" mövzusunda beynəlxalq ekspertlərin qapalı görüşü keçirilmişdir.

AzərTAc xəbər verir ki, SAM, Finlandiyanın Xarici İşlər NazirliyiHelsinki Universitetinin Aleksanteri İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmiz ilə yanaşı, ABŞ-ın, Finlandiyanın xarici siyasət idarələrinin rəhbərləri, parlament üzvləri, diplomat və mütəxəssislər, o cümlədən vətəndaş cəmiyyətinin nümayəndələri iştirak etmişlər.

Görüşdə hərbi münaqişələrin, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mümkün nizamlanma metodları və modelləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.

SAM-ın direktor müavini Gülşən Paşayeva münaqişələrin sülh yolu ilə nizamlanması prosesində tərəflər arasında qarşılıqlı inamın və etimadın bərpa edilməsinin vacibliyini vurğulamış, ekspertlərin Bakı görüşündən müsbət nəticələrin əldə olunacağına əminliyini bildirmişdir.

Finlandiyanın Helsinki Universitetinin Aleksanteri İnstitutunun direktoru Markku Kivinen isə çıxışında qeyd etmişdir ki, ərazi iddiaları zəminində yaranmış münaqişələrin sülh yolu ilə həlli istiqamətində Finlandiya böyük təcrübəyə malikdir.

Finlandiyalı deputat Elizabet Naukler, Aland adalarının Sülh İnstitutunun direktoru Barbro Sundbak, Avropa İttifaqının Cənubi Qafqaz üzrə sabiq nümayəndəsi Heikke Talvitie, Aleksanteri İnstitutundan Mikko Palonkorpi, Azərbaycan Diplomatik Akademiyasının nümayəndəsi Taleh Ziyadov və başqaları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair mövcud modellər haqqında danışmışlar.

Ölkəsinin sülhyaratma missiyasının icrasına xüsusi önəm verdiyini vurğulayan Finlandiyanın xarici işlər naziri Erkki Tuomioya münaqişələrin həlli, davamlı sosial-siyasi inkişafın əldə olunması, hüquq bərabərliyinin təminatı və ictimai dəstəyin möhkəmləndirilməsində demokratiya amilinin əhəmiyyətindən danışmışdır.

Nazir ekspertlərin Bakı yığıncağını yüksək qiymətləndirmiş, Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin bərpası prosesində bu cür tədbirlərin vacibliyini qeyd etmişdir.

Sonda ekspertlər iştirakçıların suallarını cavablandırmışlar.

 

 

Azərbaycan.- 2012.- 3 aprel.- S. 6.