İnquşetiya Respublikasının rəhbəri: Bu gün Azərbaycan həyatın bütün sahələrində dinamik inkişaf edən ölkədir

 

İnquşetiyanın rəhbəri Yunusbəy Yevkurov bu respublikanın Azərbaycan diasporunun nümayəndələri ilə görüşmüşdür.  AzərTAc İnquşetiya Respublikası başçısının rəsmi saytına istinadla xəbər verir ki, görüşün əvvəlində 1918-ci il mart hadisələri dövründə həlak olmuş minlərlə günahsız azərbaycanlının xatirəsi ehtiramla yad edilmişdir.

Respublikanın başçısı vurğulamışdır ki, inquşlar və azərbaycanlılar qədim mədəni ənənələrə malik olan xalqların nümayəndələridir. Bu xalqlar həm qədim dövrdə, həm orta əsrlərdə, həm də müasir dövrdə çox müsibətlərlə üzləşmişlər.

Y.Yevkurov demişdir: "İnquşetiyanın və Azərbaycanın tarixi milli hüquqlar uğrunda müharibələr tarixi, milli mədəniyyətin, adət və ənənələrin qorunub saxlanması uğrunda mübarizə tarixi olmuşdur. Bu gün Azərbaycan həyatın bütün sahələrində dinamik inkişaf edən bir ölkədir.

İndi, xüsusən 2011-ci ilin oktyabr ayında Əməkdaşlıq haqqında saziş imzalanandan sonra İnquşetiya-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsi üçün geniş imkanlar yaranır. Söhbət azərbaycanlı sərmayədarlar üçün əlverişli şərtlərlə mədəni əlaqələrin inkişafı, diasporun rolunun artırılmasından gedir. Bir sözlə, bizim hər cür imkanımız var, bircə bu imkanlardan iki qardaş xalqın rifahı naminə istifadə etmək lazımdır".

Ümumrusiya Azərbaycanlılar Konqresinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Şahin Əmirxanov respublika rəhbərinin Azərbaycan diasporuna göstərdiyi diqqət və dəstəyə görə təşəkkürünü bildirmişdir.

Ş.Əmirxanov demişdir: "Bu gün bizim İnquşetiyada yaşayan soydaşlarımız burada rahat işləyir və yaşayır, bizdə qarışıq nikahlar da vardır. Bizim gənclərlə onların yaşıdları olan inquşlar arasında səmimi dostluq münasibətləri yaranmışdır".

ÜAK nümayəndəsi vurğulamışdır ki, hazırda İnquşetiya Respublikasında əslən Azərbaycandan olan 2000-dən çox insan yaşayır. İnquşetiya üçün bu, böyük diaspor deməkdir. Yaxın vaxtlarda biz Nazran şəhərində diasporun rəhbərləri üçün ofis açacağıq.

Diasporun nümayəndəsi Rəhmətulla Babayev Böyük Vətən müharibəsi dövründə - 1942-ci ilin axırları - 1943-cü ilin əvvəlində Malqobek şəhərini faşistlərdən qoruyarkən qəhrəmancasına həlak olmuş azərbaycanlıların həmin rayondakı məzarlarının axtarışı barədə məlumat vermişdir.

Y.Yevkurov Azərbaycan diasporunun bu işini hər vasitə ilə dəstəklədiyini qeyd etmiş və respublika ləpirçilər dəstəsi tərəfindən aşkar ediləcək Malqobekdə bütün cəsədlərin qardaş məzarlığında dəfn edilməsi üçün torpaq sahəsi ayrılması barədə tapşırıq vermişdir.

İnquşetiyanın rəhbəri bildirmişdir ki, Qələbə Günü münasibətilə Azərbaycandan buraya nümayəndə heyəti dəvət etmək niyyətindədir. Həmin nümayəndə heyətinin üzvləri arasında Malqobek yaxınlığında həlak olmuş insanların qohumları da olacaqdır.

Y.Yevkurov İnquşetiyada Azərbaycan Mədəniyyəti Günləri keçirilməsinə hazırlıq işlərinin gedişi ilə maraqlanmışdır. Respublikanın rəhbəri özünün köməkçisi və müşaviri, eyni zamanda xarici əlaqələr, milli siyasət, mətbuat və informasiya naziri Yakub Patiyevə tapşırmışdır ki, Azərbaycan diasporunun və Rusiya Federal Miqrasiya Xidmətinin İnquşetiya Respublikası üzrə nümayəndələri ilə daim əlaqə saxlasın.

 

 

Azərbaycan.- 2012.- 3 aprel.- S. 9.