Avropa Şurası ilə yerli demokratiya sahəsində səmərəli əməkdaşlıq həyata keçirilir

 

Aprelin 3-də Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Avropa Şurası YerliRegional Hakimiyyətlər Konqresinin monitorinq qrupu ilə görüşmüşdür.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycanın yerli özünüidarəetmə sahəsində Avropa Şurası ilə səmərəli əməkdaşlığını vurğulayan nazir respublikamızda ən gənc təsisat olan bələdiyyələrin fəaliyyətinin yaxşılaşdırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, onların səlahiyyətlərinin genişləndirilməsi üzrə işlərdən danışmış, bələdiyyə assosiasiyalarının yaradılmasında və inkişafında konqresin fəal dəstəyini qeyd etmişdir.

Nümayəndə heyətinin rəhbəri, Niderlandın Katviyk şəhərinin meri Yos Vinen monitorinq qrupunun missiyası barədə məlumat verərək bildirmişdir ki, səfərin məqsədi yerli özünüidarəetmə sahəsində vəziyyəti öyrənmək və bələdiyyə institutunun inkişafına yardımçı olmaqdır. Qonaqlar ölkəmizin Konqreslə əlaqələrindən məmnunluğunu ifadə etmiş, bələdiyyələrin inkişafı üzrə görülən işləri dəyərləndirmiş, həyata keçirilən tədbirlərə konqresin bundan sonra da dəstək göstərməyə hazır olduğunu söyləmişlər.

Qonaqların diqqəti, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizinin işğalı və 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına cəlb edilmişdir.

Görüşdə səmərəli fikir mübadiləsi aparılmış, o cümlədən bələdiyyələrin müstəqilliyi, icra hakimiyyətləri ilə qarşılıqlı əlaqələr və maraq doğuran digər suallar ətraflı cavablandırılmışdır.

Tədbirdə Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Konstantin Yerokostopulos iştirak etmişdir.

 

 

Azərbaycan.- 2012.- 4 aprel.- S. 7.