Azərbaycan ilə Ukrayna arasında iqtisadi münasibətlərin inkişafına hərtərəfli dəstək veriləcəkdir

 

 Azərbaycanda rəsmi səfərdə olan Ukraynanın Baş naziri Nikolay Azarov aprelin 4-də Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüşmüşdür.       

AzərTAc xəbər verir ki, baş nazirlərin təkbətək görüşü sonra  geniş tərkibdə davam etmişdir.

Baş nazir Artur Rasizadə ukraynalı həmkarının başçılığı ilə Azərbaycana geniş tərkibdə nümayəndə heyətinin səfərini yüksək qiymətləndirdiyini bildirdi, hər iki ölkənin müstəqilliyini bərpa etməsindən ötən dövr ərzindəki uğurlarını xatırlatdı.  Ölkələrimiz arasında əməkdaşlığın tarixi köklərə söykəndiyini deyən Artur Rasizadə bunun inkişafı üçün yaxşı potensialın olduğunu dedi.

Baş nazir Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar barədə qonaqlara məlumat verdi. Bildirildi ki, Azərbaycanda əldə olunmuş siyasi sabitlik iqtisadi, infrastruktur, sosial, humanitar sahələrin də sürətlə inkişafına zəmin yaratmışdır. Ölkənin iqtisadiyyatı sürətlə şaxələndirilir, neft gəlirlərindən asılılıq azaldılır, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilir. Sürətlə inkişaf edən Azərbaycan regionda irimiqyaslı layihələr həyata keçirir. Bu cür layihələrdən biri də Bakı-Tbilisi-Qars dəmiryolu xəttidir. Bu magistral cari ilin sonunda istifadəyə veriləcək və Avropa ilə Asiya arasında daşımaların artmasına imkan yaradacaqdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət açan Artur Rasizadə dedi ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuş, 1 milyondan çox vətəndaşımız etnik təmizləmə siyasətinə məruz qalmışdır. Azərbaycan bu problemin beynəlxalq  hüquq normaları əsasında həllinə tərəfdardır, lakin danışıqlar nəticə verməsə, digər yollardan da istifadə oluna bilər.

Baş nazir hər iki ölkədə yaşayan diasporların fəaliyyətini yüksək qiymətləndirdi.

Azərbaycan ilə Ukrayna arasında iqtisadi münasibətlərin inkişafına hərtərəfli dəstək veriləcəyini deyən Artur Rasizadə ölkələrimizin tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinin vacibliyini bildirdi.

 Ukraynanın Baş naziri Nikolay Azarov Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycanın əldə etdiyi uğurların məmnunluq doğurduğunu vurğuladı.

Ölkələrimiz arasında ticari əlaqələrin hazırkı potensialı əks etdirmədiyini deyən N.Azarov dövriyyənin mövcud göstəricidən 2-3 dəfə artıq ola biləcəyini qeyd etdi. Bildirildi ki, Ukrayna Azərbaycan ilə enerji, maşınqayırma sənayesi, kənd təsərrüfatı, hərbi texnika, humanitar, turizm sahələrində əməkdaşlıqda maraqlıdır. İstifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttində istismar avadanlığının  Ukraynadan alına bilinəcəyi də qeyd edildi. Həmçinin hər iki ölkənin turizm imkanlarının qarşılıqlı tanıdılmasının da zəruriliyi diqqətə çatdırıldı.

Baş nazir Nikolay Azarov bütün bu məsələlərin müzakirə  olunması üçün tezliklə hökumətlərarası iqtisadi komissiyanın növbəti iclasının keçirilməsini təklif etdi.

Görüş çərçivəsində tərəflər hökumətlərarası sazişə dəyişiklik edilməsi barədə protokolu imzalamışlar.

Sonda Ukraynanın Baş naziri N.Azarov səfərinin yekunları barədə jurnalistlərə açıqlama verdi.

 

 

Azərbaycan.- 2012.- 5 aprel.- S. 2.