Avronest Parlament Assambleyasının Bakıda keçirilən ikinci sessiyası başa çatmışdır

 

 Avronest Parlament Assambleyasının (PA) Bakıda keçirilən ikinci sessiyası aprelin 4-də öz işini başa çatdırmışdır.

AzərTAc xəbər verir ki, bugünkü iclasda təşkilatın növbəti il üçün tədbirlər planı müzakirə olunmuşdur.

Ukrayna nümayəndə heyəti enerji məsələləri ilə bağlı debatların keçirilməsini irəli sürmüşbu sahədə Azərbaycanın təcrübəsinin öyrənilməsinin vacibliyi qeyd olunmuşdur. Bildirilmişdir ki, bu debatlar müvafiq sahə üzrə yeni ideyaların yaranmasına şərait yaradacaqdır.

Qurumun Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti üzrə komitəsində isə cari ilin payızında Avronest PA-ya daxil olan ölkələrin gənclər forumunun keçirilməsi təklifi irəli sürülmüşdür.

Milli Məclisin deputatı, Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov təkliflə çıxış etmişdir. O, Assambleyanın İqtisadi inteqrasiya, hüquqi yaxınlaşma və Avropa İttifaqı siyasəti ilə uyğunluq Komitəsinin iclasının bu il Azərbaycanın Qəbələ şəhərində keçirilməsi ilə bağlı Assambleyaya rəsmi təklif ünvanlandığını diqqətə çatdırmışdır. E.Süleymanov Avronest PA-nın Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti üzrə Komitəsinin iclasının da 2013-cü ildə ölkəmizdə keçirilməsi ilə bağlı təşəbbüs irəli sürmüşdür.

Tədbirdə müzakirə olunan məsələlərə münasibət bildirən Milli Məclisin deputatı Məlahət İbrahimqızı isə Avronest PA-nın gender məsələləri, qadın problemləri ilə bağlı ayrıca tədbirinin keçirilməsini təklif etmişdir.

İclasa sədrlik edən Avronest PA-nın həmsədri Kristian Vigenin bu və digər təkliflərin bir daha nəzərdən keçiriləcəyini və müvafiq qərarın qəbul olunacağını bildirmişdir.

Həmsədrlər bildirmişlər ki, Assambleyanın Bakıda keçirilən sessiyası olduqca məhsuldar olmuşdur. Sessiya çərçivəsində keçirilmiş komitə iclaslarında müzakirə olunan məsələlər, sessiyada qəbul olunan qərarlar təşkilatın fəaliyyətində çox mühüm əhəmiyyət kəsb etmişdir.

İştirakçılar bir daha sessiyanın yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlıq etmişlər.

İclasda  Avronest PA-nın üçüncü sessiyasının vaxtı və yeri dəqiqləşdirilmişdir. Üçüncü sessiyanın gələn ilin mayında Brüsseldə keçirilməsi qərara alınmışdır.

Bununla da Avronest PA-nın Bakıda keçirilən ikinci sessiyası öz işini başa çatdırmışdır.

 

 

Azərbaycan.- 2012.- 5 aprel.- S. 3.