Ətraf mühitin mühafizəsiVI Beynəlxalq layihə olimpiadasının iştirakçıları Heydər Əliyev Fondunu ziyarət etmişlər

 

"Ətraf mühitin mühafizəsi" VI Beynəlxalq layihə olimpiadasının ("İnepo-Avrasiya") iştirakçıları aprelin 4-də Heydər Əliyev Fondunda olmuşlar.

Qonaqlara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə yaradılmış fondun məqsədi və fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.

Bildirilmişdir ki, fond ulu öndər Heydər Əliyevin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.

Ümummilli liderin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotolara, habelə müxtəlif eksponatlara nəzər yetirən iştirakçılar, fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu haqqında fikirləri ilə tanış olmuş, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxmışlar.

"Ətraf mühitin mühafizəsi" VI Beynəlxalq layihə olimpiadasının  iştirakçıları fonddan zəngin təəssüratla ayrılmışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 5 aprel.- S. 3.