Azərbaycan Prezidenti İlham Əliyevin Çexiyaya dövlət səfəri

 

Rəsmi qarşılanma mərasimi

 

Aprelin 5-də Çexiya Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Praqa qəsrində rəsmi qarşılanma mərasimi olmuşdur.

Azərbaycanın və Çexiyanın dövlət bayraqlarının dalğalandığı meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Çexiya dövlətinin başçısına raport verdi.

Çexiya Prezidenti Vatslav Klaus və xanımı Livia Klausova  Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşıladılar.

Azərbaycanın birinci xanımına gül dəstəsi təqdim olundu.

Hərbi orkestrin ifasında Azərbaycanın və Çexiyanın dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Azərbaycan dövlətinin başçısı çex əsgərlərini salamladı. 

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdilər.

Çexiyanın dövlət hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Çexiya Prezidenti Vatslav Klausa təqdim olundu.

Sonra dövlət hədiyyələri təqdim edildi.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva Praqa qəsrinin Fəxri qonaqlar kitabını imzaladılar.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 6 aprel.- S. 1.