Dövlət Miqrasiya Xidməti ilə BMT QAK arasında əməkdaşlığın perspektivləri müzakirə edilmişdir

 

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəsi Daq Siqurdson ilə görüşmüşdür.

DMX-dən AzərTAc-a bildirmişlər ki, Firudin Nəbiyev DMX ilə nümayəndəlik arasında əməkdaşlıqdan danışmış, BMT QAK-ın Azərbaycan Respublikası ərazisində sığınacaq axtaran şəxslərin və qaçqınların probleminə öz mandatına uyğun, həssaslıqla yanaşdığını qeyd etmiş, bu problemlərin həlli istiqamətində fəaliyyətindən razılığını ifadə etmiş, keçirilən görüşlərin tərəflər üçün əhəmiyyətli olduğunu bildirmişdir.

F.Nəbiyev qaçqın statusunun müəyyənləşdirilməsi ilə bağlı DMX tərəfindən həyata keçirilən tədbirlər barədə də ətraflı məlumat vermiş, bu sahədə məlumat mübadiləsinin effektiv ola biləcəyini söyləmişdir.

Daq Siqurdson BMT QAK ilə DMX arasında ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsinin, o cümlədən ixtisaslı kadrların hazırlanması üçün müvafiq treninq və seminarların, təcrübə mübadilələrinin davam etdirilməsinin vacibliyini qeyd etmişdir. BMT QAK-ın himayəsində yaşayan şəxslərin əmək bazarında və digər sahələrdə qarşılaşdığı problemlərin həlli yollarından söz açmışdır.

Xidmət rəisi ölkə ərazisində BMT QAK-ın himayəsində yaşayan şəxslərə Azərbaycan hökumətinin tolerant münasibət bəslədiyini, hər bir şəxsin müraciətinə fərdi yanaşıldığını, onların problemlərinin həlli istiqamətində Azərbaycan qanunvericiliyi çərçivəsində tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.

Sonda tərəfləri maraqlandıran digər məsələlər ətrafında müzakirələr aparılmışdır.

 

 

Azərbaycan.- 2012.- 6 aprel.- S. 6.