Regional proqramlar Azərbaycanın uzunmüddətli dinamik inkişafına etibarlı təminatdır

 

 İnkişaf etmiş dövlətlərin təcrübəsi sübut edir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlılığın, tarixi məşğulluq ənənələrinin qorunub saxlanılması vacib şərtlərdəndir. Son illərdə hökumətin iqtisadi siyasətində regional inkişaf məsələlərinə xüsusi diqqətin yetirilməsi, bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramlarının, fərman və sərəncamların yüksək dinamizmlə həyata keçirilməsi də məhz bu reallığa əsaslanır. Bu həm də onunla şərtlənir ki, milli  iqtisadiyyatın daha da inkişaf etdirilməsi istiqamətində qarşıda duran vəzifələrin yerinə yetirilməsi regionların inkişafının sürətləndirilməsini, habelə sosial-iqtisadi problemlərin həllində sahibkarlığın rolunun artırılmasını, yerlərdə müasir infrastrukturun yaradılmasını tələb edir.

İqtisadiyyatın modernləşmə mərhələsində qazanılan uğurların qorunub saxlanılması üçün idarəçilikdə yüksək səmərəliliyin, məqsədyönlülüyün və çevikliyin təmin edilməsi, strateji əhəmiyyətli sahələrin inkişafında tarazlığın saxlanılması vacib məsələlərdəndir. Son 9 ildə məhz regionların sosial-iqtisadi inkişafına göstərilən yüksək diqqət və qayğının nəticəsi olaraq ümumi daxili məhsul istehsalına görə dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilmiş Azərbaycan investisiya cəlbediciliyini də qoruyub saxlamışdır. Dünya İqtisadi Forumunun "Qlobal Rəqabət Qabiliyyəti İndeksi" hesabatına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 142 ölkə arasında 55-ci, MDB-də isə 1-ci olmuşdur.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunları ilə əlaqədar fevralın 28-də keçirilən konfransda respublikamızın dinamik inkişaf yolunda olduğunu bir daha təsdiqləmişdir.

 

Uğurlu təməl

 

Qeyri-neft sektorunun dinamik inkişafı sahəsində əldə olunan nəticələr uğurlu təməlini həm də regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilmiş tədbirlərdən götürür. Dövlət başçısı İlham Əliyevin 2004-cü il 11 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı" bu baxımdan xüsusi əhəmiyyət daşımışdır. Dövlət proqramı regional inkişafdakı kəskin fərqin aradan qaldırılması, yerlərdə sosial-infrastruktur layihələrinin həyata keçirilməsi, sahibkarlığın inkişafı baxımından vacib, əlahiddə əhəmiyyətli sənəd olmuş, bu mükəmməl konsepsiyanın icra vəziyyəti ilə bağlı hər il hökumətin xüsusi müşavirələri keçirilmişdir.

Təsadufi deyil ki, 2004-2008-ci illər regionların sosial-iqtisadi inkişafında əsaslı dönüş mərhələsi kimi qiymətləndirilir. Həmin mərhələdə regionların da inkişafında mühüm rolu olan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşası, şimal-cənub və şərq-qərb nəqliyyat dəhlizlərinin yaradılması kimi mühüm layihələr başa çatdırılmış, Bakı-Tbilisi-Qars dəmir yolunun inşasına başlanmış, Azərbaycan regionun mühüm iqtisadi güc mərkəzinə çevrilmişdir. 2003-2008-ci illərdə həmçinin, Naxçıvan, Gəncə, Lənkəran və Zaqatala şəhərlərində müasir standartlara cavab verən yeni hava limanları tikilmişdir. Elektrik enerjisi ilə təminatın yaxşılaşdırılması üçün 7-si regionlarda olmaqla, 9 müxtəlif tipli elektrik stansiyasının tikintisi başa çatdırılmışdır. Təbii qazla təchizatın yaxşılaşdırılması sahəsində görülmüş işlərin nəticəsi olaraq 13 illik fasilədən sonra Naxçıvan Muxtar Respublikasına təbii qazın verilməsi bərpa olunmuş, Lerik, Yardımlı rayonları və Füzuli rayonunun Horadiz şəhəri ilk dəfə, Ağcabədi, Beyləqan rayonları, Ağdam rayonunun Quzanlı qəsəbəsi və s. rayonlar təbii qazla təmin edilmişdir. Ümumilikdə 2003-2008-ci illərdə regionlarda 1600 kilometrədək yeni qaz xətləri çəkilmiş, ölkədə qazlaşdırmanın səviyyəsi 85 faizə çatdırılmışdır.

2003-cü ilin oktyabrından 2009-cu ilin yanvarınadək respublikada 766,3 min yeni iş yerləri açılmışdır və bunun da 73,4 faizi regionların payına düşür. 2008-ci ilin yekunlarına görə, ölkə iqtisadiyyatında çalışanların orta illik sayının  50 faizdən çoxu regionlarda cəmləşmişdir. Yerli və əcnəbi iş adamları üçün yaradılmış əlverişli biznes mühiti sayəsində sənayedə, kənd təsərrüfatında, nəqliyyatda, tikintidə, ayrı-ayrı xidmət sahələrində ciddi dönüş yaranmış, regionlarda istehsal edilən məhsulun ixracına başlanılmışdır. Regionlar bu dövrdə Azərbaycanın ərzaq təhlükəsizliyinin qorunmasında da aparıcı mövqeyə malik olmaqla, istehsal olunan kənd təsərrüfatı məhsullarının 77 faizini vermişlər.

Azərbaycan Prezidenti İlham Əliyev 2004-2008-ci illərdə Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan, Lənkəran, Aran, Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi rayonlarına daxil olan şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə olaraq 17 sərəncam imzalamışdır. Cənab İlham Əliyev beş ildə respublika regionlarının bütün rayonlarına 127 səfər etmiş, o cümlədən 6 dəfə Naxçıvan Muxtar Respublikasında olmuş, yerlərdə görülən işlərlə, xalqın həyat səviyyəsi ilə maraqlanmış, tapşırıq və tövsiyələrini vermiş, ölkənin abadlaşması və inkişafı üçün əhəmiyyətli olan 500-dək müəssisə və obyektin təməlqoyma və açılış mərasimlərində iştirak etmişdir.

Dövlət proqramının uğurlu icrası sayəsində ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində yüksək artım əldə edilmiş, sosial-iqtisadi inkişaf sahəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi əhalinin həyat səviyyəsinin yüksəlməsində mühüm rol oynamışdır. 2004-2009-cu illər ərzində ümumi daxili məhsul istehsalının həcmi 2,8 dəfə artaraq onun adambaşına düşən həcmi 2009-cu ildə 4874,1 ABŞ dollarına çatmışdır. Eyni zamanda, ölkənin iqtisadi təhlükəsizliyini təmin edə biləcək valyuta ehtiyatları formalaşdırılmışdır.

Regionların inkişafına 2004-cü ildən etibarən bütün maliyyə mənbələri hesabına 21,5 milyard dollar, o cümlədən 2010-cu ildə 3,4, 2011-ci ildə 6 milyard dollar məbləğində investisiya yönəldilmiş, bunun sayəsində çox sayda əhəmiyyətli layihələr icra olunmuşdur. Bütövlükdə 2004-2008-ci illərdə ölkədə 760 min yeni iş yeri açılmışdır və  bu da həm işsizliyin aradan qaldırılması, həm də yoxsulluğun aşağı salınması baxımından xüsusi əhəmiyyət kəsb etmişdir. Dövlət başçısı İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunları ilə bağlı konfransda 2004-2008-ci illəri əhatə edən ilk sənədin əhəmiyyəti barədə demişdir: "Müasir dövrdə ölkəmizin sürətli inkişafına nail olmaq üçün kifayət qədər geniş proqramlar icra edilir. Bu proqramların içində əlbəttə ki, ən önəmlisi və ən vacibi 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramıdır. Bu proqramın qəbul edilməsindən sonra ölkəmizin bölgələri çox sürətlə inkişaf etməyə başlamışdır. Proqramın qəbul edilməsi 2004-cü ilə təsadüf edir. Ancaq Proqram haqqında mən ondan əvvəlki illərdə də fikirləşirdim və 2003-cü ilin prezident seçkiləri ərəfəsində bildirmişdim ki, əgər xalq mənə etimad göstərərsə qəbul edilmiş proqramlar nəticəsində beş il ərzində - yəni, 2008-ci ilə qədər ölkəmizdə 600 minə qədər yeni iş yeri açılacaqdır. O vaxt bəziləri bu rəqəmlərə inanmırdı, bəziləri buna şübhə ilə yanaşırdı. Ancaq mən bilirdim ki, bunu etmək mümkündür. Çox şadam ki, qısa müddət ərzində - yəni, ondan da az dövrdə, təxminən dörd il ərzində 600 min yeni iş yeri yaradılmışdır".

Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmamış bir sıra məqsədlərin gerçəkləşdirilməsi üçün 2009-2013-cü illəri əhatə edən analoji proqramın hazırlanmasını da diqqət mərkəzində saxlamışdır. Dövlət başçısı belə bir sənədin hazırlanması barədə hələ 2007-ci ildə - regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının imzalanmasının dördüncü ilinə həsr olunmuş müşavirədə məlumat vermişdir. Xüsusi vurğulamışdır ki, qarşıda duran vacib vəzifələrdən biri də məhz Azərbaycanın regionlarında formalaşdırılan infrastrukturun Avropa Birliyi meyarlarına çatdırılmasıdır.

Dövlət başçısı İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın əsas məqsədi isə bu sahədə həyata keçirilən siyasətin davamı olaraq ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdır. Dövlət proqramında müəyyən edilmiş məqsədlərə nail olmaq üçün qarşıdakı illərdə ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi; infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi; sahibkarlıq mühitinin yaxşılaşdırılması ilə bağlı məqsədyönlü tədbirlərin həyata keçirilməsi və sahibkarlığın inkişafının daha da sürətləndirilməsi; iqtisadiyyatın inkişafına investisiyaların cəlb olunması işinin davam etdirilməsi; ixracyönümlü məhsul istehsalının stimullaşdırılması; müasir tipli infrastruktur obyektlərinin yaradılması; mövcud obyektlərin beynəlxalq standartlara uyğunlaşdırılması; əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması; əhalinin məşğulluq səviyyəsinin artırılması istiqamətində tədbirlərin davam etdirilməsi; yoxsulluğun səviyyəsinin azaldılması nəzərdə tutulmuşdur. 

 

Sahibkarlığın inkişafı yenə də prioritetdir

 

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün kompleks tədbirlər müəyyənləşdirməklə yanaşı, iş adamlarının fəaliyyəti üçün də yaxşı imkanlar açmışdır. Proqramda özəl sektorun dəstəklənməsi ilə bağlı nəzərdə tutulan kompleks tədbirlər təsdiqləyir ki, zəngin iqtisadi biliklərə, menecment təfəkkürünə malik olan, dünyada baş verən iqtisadi prosesləri dərindən bilən Prezident İlham Əliyev ölkənin sosial-iqtisadi tərəqqisində sahibkarların rolunu düzgün dəyərləndirir və onlara hərtərəfli dəstəyini əsirgəmir.

Real sektorun stimullaşdırılması məqsədilə vergi dərəcələrinin optimallaşdırılması siyasəti ötən illərdə də davam etdirilmişdir. Vergi yükünün azaldılması və vergi prosedurlarının asanlaşdırılması məqsədilə fərdi sahibkarlara tətbiq edilən gəlir vergisi 2010-cu il yanvarın 1-dən 35 faizdən 20, müəssisələrin mənfəət vergisi 22 faizdən 20, fiziki şəxslərdən tutulan gəlir vergisinin yuxarı həddi 35 faizdən 30 faizə endirilmiş, sadələşdirilmiş vergi ödəyicisi hüququ əldə etmək  üçün hüquqi şəxslərin vergi tutulan əməliyyatlarının illik həcmi 90 min manatdan 150 min manatadək artırılmış, ƏDV və aksizlər üzrə elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılmışdır. Bunun nəticəsində özəl müəssisələrin gəlir və mənfəəti artmış, nəticədə vergitutma bazasının genişlənməsi hesabına dövlət büdcəsinə daxilolmaların həcmi də yüksəlmişdir. 

Vergi dərəcələrinin azaldılması iqtisadiyyatın real sektoruna müsbət təsir göstərərək, onun davamlı, məqsədəuyğun və uzunmüddətli inkişafını təmin etmiş, istehsalın rentabelliyini yüksəltmiş, investisiya qoyuluşlarını artırmaq üçün əlavə imkanlar yaratmışdır. Bundan başqa, Azərbaycanın Vergi Məcəlləsinə olunan əlavə və dəyişikliklərə əsasən, 2010-cu ilin yanvarından bir ildən çox müddətə vergi borcunun vaxtında ödənilməməsi ilə bağlı faizlərin hesablanması dayandırılmışdır. Bir ildən artıq olmayan müddətə vergi borcuna görə faizlərin tətbiqinə dair Vergi Məcəlləsinə edilən dəyişikliklər dövlətin özəl sektora dəstək siyasətinin ardıcıl səciyyə daşıdığını göstərmişdir. Vergi qanunvericiliyinə edilən dəyişikliklərdən çıxış edərək, Nazirlər Kabineti vergi ödəyicilərinin maliyyə imkanlarının yaxşılaşdırılması, onların rəqabət qabiliyyətliyinin möhkəmləndirilməsi və investisiya fəaliyyətinin stimullaşdırılması məqsədilə  2010-cu il avqustun 20-də qərar qəbul etmişdir. Həmin qərara əsasən, vergi borcları üçün bir ildən çox müddətə tətbiq edilən bütün faizlər ləğv olunmuşdur. Əvvəllər vergi borcları yarandıqda vergi ödəyiciləri faiz ödəməli olurdular və bu da borc məbləğinin xeyli artmasına, müəssisələrin maliyyə vəziyyətinin pisləşməsinə gətirib çıxarırdı. Bu gün isə borcu olan şirkətlər borclarını faiz ödəmədən qaytarmaq imkanına malikdirlər.

Dövlət başçısının müvafiq sərəncamlarına əsasən, sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı və Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılması "bir pəncərə" prinsipinə uyğun təşkil edilmişdir. Özəl sektorun inkişafının sürətləndirilməsi, bu sahəyə maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə dövlət vəsaitləri hesabına sahibkarların investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsinin daha effektiv mexanizmi formalaşdırılmışdır.

Sahibkarlığın inkişafı sahəsində başlıca hədəflərindən biri də əlverişli biznes və investisiya mühiti yaratmaqla daxili və xarici investisiyaları təşviq etmək,  qeyri-neft sektorunun ümumi daxili məhsulda çəkisini durmadan artırmaqdır. 2011-ci il üzrə iqtisadi artımın strukturunun əvvəlki illərdən fərqli mənzərəsi də bunun əyani sübutudur. Ötən il qeyri-neft sektoru 9,4 faiz, o cümlədən kənd təsərrüfatı 5,8 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 11,8 faiz, nəqliyyat sektorunda yük daşınması 3,6 faiz, o cümlədən qeyri-neft sektorunda 9,6 faiz, əhaliyə göstərilən pullu xidmətlər 7,8 faiz artmışdır. ÜDM-in artımı bütövlükdə qeyri-neft sektoru hesabına təmin olunmuşdur və bu da ölkə iqtisadiyyatının şaxələnməsi, onun neft sektorundan asılılığının minimuma endirilməsi istiqamətində həyata keçirilən tədbirlərin praktik nəticələrindən xəbər verir.

Ölkəyə investisiya qoyuluşları sahəsində dövlət siyasətinin vahid mərkəzdən tənzimlənməsi, respublikanın investisiya cəlbediciliyinin daha da artırılması baxımından hələ 2006-cı ildə Dövlət İnvestisiya Şirkətinin yaradılmasının da mühüm əhəmiyyəti olmuşdur. Şirkətin başlıca vəzifəsi ölkə iqtisadiyyatına investisiyaların təşviqini təmin etmək, bu sahədə mövcud problemlərin aradan qaldırılmasına çalışmaqdır. Şirkət eyni zamanda xarici sərmayədarlarla birgə layihələr həyata keçirməklə, onlarda inam və etimadın güclənməsini təmin edir. Bu gün Azərbaycan investisiya cəlbediciliyinə görə dünyanın öndə olan dövlətlərindəndir. 2011-ci ildə Azərbaycan iqtisadiyyatına 20 milyard dollar investisiya qoyulmuşdur və bunun da 13 milyardı, yaxud təxminən 67 faizi daxili sərmayədir. İnvestisiyaların 15,7 milyard dolları qeyri-neft sektorunun, 4,3 milyard dolları isə neft sektorunun payına düşmüşdür. Bundan başqa, regionda iqtisadi liderliyini gücləndirmiş Azərbaycan investisiya ixrac edən ölkəyə çevrilərək son illərdə xarici ölkələrə 6 milyard dollar sərmayə yatırmışdır.

Aparılan sənayeləşmə siyasəti qeyri-neft sənayesinin dinamik inkişafını təmin etmişdir. 2011-ci ildə qeyri-neft sənayesində məhsul istehsalı 11,1, o cümlədən emal sənayesi 7,1, kimya sənayesi 27,1 faiz, metallurgiya sənayesi 1,9 dəfə, tikinti materialları istehsalı 4,4 faiz, elektrik enerjisi istehsalı 8,4 faiz, qida məhsulları istehsalı 5 faiz, mebel istehsalı 24,5 faiz, geyim istehsalı 56,5 faiz artmışdır.

 

Aqrar sektora dəstək davam edir

 

Dövlətin sahibkarlığa kömək siyasətinin mühüm istiqamətlərindən biri də güzəştli kreditlərin verilməsidir. 2011-ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1643 sahibkara 138 milyon manat güzəştli kredit verilmiş və bu kreditlər hesabına 6500-dək yeni iş yerinin yaradılması nəzərdə tutulmuşdur. Verilmiş kreditlərin 75 faizi məhz regionların payına düşür. İl ərzində güzəştli kreditlər hesabına maliyyələşdirilmiş 33 istehsal, emal, infrastruktur müəssisələri istifadəyə verilmişdir və 96 müəssisənin bu il istifadəyə verilməsi gözlənilir.

Dövlət başçısı İlham Əliyev sözügedən konfransda demişdir: "Azərbaycan dövləti sahibkarlara siyasi dəstəkdən başqa, iqtisadi dəstək də verir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu günə qədər, əgər 2012-ci ili də nəzərə alsaq, güzəştli şərtlərlə 900 milyon manat kredit verilmişdir. Onların mütləq əksəriyyəti bölgələrə və demək olar ki, hamısı iqtisadiyyatın real sektoruna yönəldilib. Beləliklə, bu kreditlərin hesabına böyük işlər görülür və mən çox şadam ki, sahibkarlar da dövlətin bu dəstəyinə çox böyük məsuliyyətlə yanaşırlar. Kreditlərin hamısı vaxtında qaytarılır və hazırda bu il üçün nəzərdə tutulmuş 200 milyon manat kreditin böyük hissəsini əvvəlki illərdə verilən və qaytarılan kreditlər təşkil edir."

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunları ilə bağlı konfransda səslənən məlumatlara görə, aparılan sənayeləşmə siyasəti regionların dinamik inkişafına ciddi təkan vermişdir. Belə ki, son illərdə Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və sənaye qazları, Qaradağda müasir tikinti materialları, Abşeronda mebel və MDF istehsalı, Naxçıvanda biskvit və şokolad, tikiş, dam örtüyü və qarışıq yem fabrikləri, İmişlidə yem və bitki yağları, Samuxda meyvə qurudulması və emalı, Oğuzda qlükoza istehsalı, Ağcabədidə və Tovuzda süd emalı, Qəbələdə limonad, Ağsuda və Şəkidə şirə və şərab, Xaçmazda kondensator zavodları və digər sənaye müəssisələri istismara verilmişdir.

Hazırda yeni istehsal və emal sənayesi müəssisələrinin, o cümlədən Gəmiqayırma zavodunun, Qaradağ və Ağstafa rayonlarında yeni sement zavodlarının, Qaradağ sement zavodunda yeni quru texnologiyalı sobanın, Günəş panelləri zavodunun, Hacıqabulda kafel-metlax, Sumqayıtda kağız emalı, bitki yağları zavodları, xovlu iplik, parça və boya fabriklərinin, gübrə zavodunun, eləcə də müxtəlif regionlarda süd və ət emalı, konserv, çörək zavodlarının, quşçuluq fabriklərinin və digər sənaye müəssisələrinin tikintisi davam etdirilir.

Ümumilikdə, ölkənin sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilmiş məqsədyönlü siyasət nəticəsində 2011-ci ildə 72 min 400-ü daimi olmaqla, 94 min yeni iş yeri və 5 mindən çox müəssisə açılmışdır. Ümumilikdə, 2009-cu ildən ötən müddət ərzində dövlət proqramının icrası nəticəsində ölkə üzrə 14,7 min müəssisə fəaliyyətə başlamış və 241 min yeni iş yeri yaradılmışdır ki, bunun 180 mini daimidir. Yoxsulluğun səviyyəsi 7,6 faizə enmişdir.

Sahibkarlığın stimullaşdırılması tədbirləri sırasında dövlətin aqrar sektora qayğı siyasətini xüsusi vurğulamaq lazımdır. Azərbaycan qeyri-neft sektorunun prioritetliyinə əsaslanan inkişaf yolu seçməklə yanaşı, tarixən aqrar-sənaye respublikası kimi tanınmış və ixtisaslaşmışdır. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Proqrama görə, kənd təsərrüfatında ənənəvi sahələr olan taxılçılığın, üzümçülüyün, meyvəçiliyin, pambıqçılığın, tütünçülüyün, çayçılığın, ipəkçiliyin və digər sahələrin inkişafı prioritet vəzifə olaraq qalır. Aqrar bölmənin inkişafı istiqamətləri sırasında aqrar bölmənin normativ hüquqi bazasının, elmi-metodik təminatının və kadr hazırlığı sisteminin təkmilləşdirilməsi; aqrar bölmənin xammal istehsalı və emalı sahələrinin əlaqəli inkişafı, rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasının stimullaşdırılması; aqrar bölməyə maliyyə dəstəyinin artırılması; aqrar bölmənin maddi-texniki bazasının möhkəmləndirilməsi; aqrar sektora xidmət edəcək və bazar prinsipləri əsasında fəaliyyət göstərəcək yeni strukturlara dəstək verilməsi; kənd təsərrüfatında suvarma və meliorasiya təminatının yaxşılaşdırılması; torpaq və su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi kimi tədbirlər mühüm yer tutur.

Son illərdə kənd təsərrüfatı sahəsində çalışan fermerlərin lazımi texnika, gübrə və toxum məhsulları ilə təmin edilməsi məqsədilə "Aqrolizinq" Səhmdar Cəmiyyətinin yaradılması, onların gəlir vergisindən azad edilməsi, güzəştli şərtlərlə yanacaq və motor yağları ilə təmini də sahibkarlığa göstərilən qayğının mühüm tərkib hissəsi kimi xüsusi vurğulanmalıdır. Sahibkarlar kənd təsərrüfatında bütün vergilərdən - torpaq vergisi istisna olmaqla, azaddırlar.

Prezident İlham Əliyevin konfransda qeyd etdiyi kimi, "Taxıl istehsalı hazırda tələbatımızın 65 faizini təşkil edir. Görüləcək tədbirlər nəticəsində 2013-cü ilin sonunda 84 faiz olacaqdır. 84 faiz olarsa, bu, yaxşı rəqəmdir, ancaq son rəqəm deyildir. Ət - özümüzü 88 faiz səviyyəsində təmin edirik. 2013-cü ildə proqnoz 95 faiz olacaqdır. Quş əti - hazırda 81 faizdir. Bu yaxınlarda quşçuluğa daha da çox kreditlər verildi. Ona görə də istehsal artdı və 2 ildən sonra, gələn ilin sonuna qədər 92 faiz olmalıdır. Kartof istehsalı artıq 102 faizdir, 114 faiz olacaqdır. Meyvə - 117 faiz, yəni ki, ixrac potensialı vardır. Bostan məhsulları 100 faiz, yumurta 77 faiz, gələn ilin sonunda 100 faiz olmalıdır. Şəkər istehsalı 160 faizdir. Ancaq o da həqiqətdir ki, şəkərin xammalı əsasən xaricdən gətirilir. Ancaq bununla bərabər, daxili istehsal 160 faizdir, böyük ixrac imkanları vardır. Azərbaycanda duz istehsalı 47 faizdir, 75 faiz olmalıdır. Süd və süd məhsulları hazırda tələbatımızın 70 faizini ödəyir, gələn ilin sonunda təxminən 80 faiz olacaqdır. Bitki yağı - 65 faiz, kərə yağı 50 faizdir".

 

İnfrastrukturun modernləşdirilməsi davamlı inkişafın təminatıdır

 

Azərbaycanın ildən-ilə artan imkanları fonunda hər bir vətəndaşın firavan həyat səviyyəsini təmin etməyi ali məqsəd kimi qarşıya qoyan dövlətin fəaliyyəti yalnız sosial müdafiə tədbirləri ilə məhdudlaşmır. Bu məqsədlə bir sıra sahələrdə kompleks islahatlar aparılmış, o cümlədən infrastruktur layihələrinin gerçəkləşdirilməsinə xüsusi diqqət yetirilmiş, qlobal investisiya layihələrinin həyata keçirilməsinə lazımi vəsait ayrılmışdır.

Bazar iqtisadiyyatı yolunu seçmiş bir sıra dövlətlərdən fərqli olaraq Azərbaycan hökuməti bu məqsədlə zəruri maliyyə vəsaitlərinin ayrılmasına da xüsusi diqqət yetirir. Prezident İlham Əliyev dövlətin, cəmiyyətin gələcəkdə əldə edəcəyi böyük faydaları nəzərə alaraq müəyyən məqamlarda böyük maliyyə hesabına başa gələn infrastruktur layihələrini gerçəkləşdirməkdən belə çəkinmir. Prezident İlham Əliyev dövlətin məhz vətəndaşların mənafeyini əsas tutaraq böyük maliyyə vəsaiti tələb edən bu layihələri maliyyələşdirdiyini bildirir.

Regionların sosial-iqtisadi inkişafı sahəsində imzalanmış dövlət proqramlarının əhəmiyyətli nəticələrindən biri də məhz infrastrukturun bütün sahələrdə müasirləşdirilməsidir. Bu tədbirlər regionlarda sahibkarlığın inkişafını, yeni müəssisələrin fəaliyyətə başlamasını stimullaşdırmaqla yanaşı, mənəvi-intellektual yüksəlişə təkan verir. Ümumilikdə, yerlərdə insanların həyat səviyyəsi yüksəlir, dünyagörüşü dəyişir.

Azərbaycan Respublikasının Prezidenti ötən illərdə proqramın icrasını və regionların inkişafını həmişə olduğu kimi yenə də diqqət mərkəzində saxlamış, 34 rayon və şəhərdə 300-ə yaxın müxtəlif təyinatlı infrastruktur obyektlərinin və yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirak etmiş, istehsal təyinatlı müəssisələrin fəaliyyəti ilə tanış olmuşdur. Yerlərdə ictimaiyyətin nümayəndələri ilə keçirilmiş görüşlərdə qaldırılmış məsələləri nəzərə alaraq rayonların inkişafı ilə bağlı tədbirlərə 140 milyon manat əlavə vəsaitin ayrılması barədə 40 sərəncam imzalamış, müvafiq tapşırıq və tövsiyələrini vermişdir.

Konfransda verilən məlumatlara görə, əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədilə 2011-ci ildə 310 transformator və 25 yarımstansiya quraşdırılıb istifadəyə verilmişdir. Hazırda ölkədə elektrik enerjisinin 70 faizindən çoxu regionlarda istehsal edilir və bu da enerji təhlükəsizliyinin təmin edilməsində bölgələrin vacib rol oynadığını göstərir. Proqram çərçivəsində ötürücü xətlərin çəkilişi və yenilənməsi işi prioritet istiqamət kimi müəyyən olunmuş, ötən il 3 min 700 kilometrədək xətt çəkilmişdir. Bundan başqa, respublikada alternativ enerjinin əldə edilməsi istiqamətində görülən işlər çərçivəsində Qobustan rayonunun ərazisində 5 meqavat gücündə hibrid tipli eksperimental poliqonu və tədris mərkəzi istifadəyə verilmiş, külək, günəş və bioqaz stansiyaları ilə təchiz edilmişdir.

Yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində işlər davam etdirilmiş, 5 min kilometrdən çox qaz kəməri çəkilərək əlavə 148 yaşayış məntəqəsi qazlaşdırılmış, 1537 kilometr qaz kəməri əsaslı təmir edilmişdir. Proqram çərçivəsində 690 kilometrədək respublika və yerli əhəmiyyətli avtomobil yolları, o cümlədən 220 kilometr kənd yolları tikilmiş və təmir olunmuş, 25 yeni körpü və tunel inşa edilmişdir.

Dövlət başçısı konfransda bununla bağlı demişdir: "Yol olmadan inkişaf ola bilməz. Heç bir müəssisə, heç bir turizm obyekti tikilə bilməz. Biznesin inkişafı üçün yol, elektrik enerjisi əsasdır. İnsanların rahat yaşaması üçün isə sosial infrastrukturun yaradılması prosesi sürətlə gedir və hazırda biz bu layihələri daha da sürətlə inkişaf etdiririk. Hazırda böyük su-kanalizasiya layihələri icra olunur ki, bu, bütün ölkəmizi əhatə edir. Bu layihə sırf sosialyönümlüdür. Əgər elektrik enerjisinin təchizatı ilə bağlı verilən göstərişlər həm sosialyönümlü, həm biznesyönümlüdürsə, su layihələri sırf sosial məna daşıyır. İndi imkanımız var ki, sosial infrastrukturun yaradılmasına daha da böyük həcmdə vəsait qoyaq. Əlbəttə, bu imkanları biz özümüz əldə etmişik".

Qazanılan uğurlarla kifayətlənməyən Azərbaycan hökuməti regionların sosial-iqtisadi inkişafına hesablanmış yeni layihələr həyata keçirir. Ölkə rəhbəri İlham Əliyev regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda 2014-2018-ci illəri əhatə edən yeni proqramın hazırlanması barədə göstəriş vermişdir. Bütün bunlar isə yaxın illərdə respublikanın paytaxtı ilə regionların inkişafı arasındakı fərqin tamamilə azalmasına, bölgələrdə ən müasir standartlara cavab verən infrastrukturun yaradılmasına, firavan həyat tərzinin təmin olunacağına, eləcə də mədəni-intellektual intibaha əlverişli zəmin yaradır.

 

 

Müşfiq ATAKİŞİYEV,

iqtisad elmləri doktoru,

professor

 

Azərbaycan.- 2012.- 7 aprel.- S. 6.