Sosialyönümlü siyasətin növbəti təsdiqi

 

 Prezident İlham Əliyevin sovet dövrundən banklarda qalmış əmanətlərə görə birdəfəlik ödəmələrin verilməsinə dair imzaladığı fərman bunun əyani nümunəsidir

 

 Azərbaycanın dinamik inkişafı sovetlər birliyinin dağılmasından sonra yaranmış bütün sosial-iqtisadi problemlərin həllinə mühüm təsir edib. Bu, ilk növbədə, iqtisadi keçid dövrünün başa çatmasında və azad bazar prinsiplərinə uyğun milli iqtisadiyyatın formalaşmasında özünü göstərir. Artıq Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən müəssisələr sovet dövründə olduğu kimi digər ölkələrin zavod və fabriklərindən asılı deyil. Digər tərəfdən, vaxtilə vətəndaşların üzləşdiyi sosial problemlər də aradan qaldırılır, pensiya və sığorta sistemində məhz əhalinin maraqları əsas götürülərək mühüm islahatlar həyata keçirilir.

Sovet dövründən miras qalmış problemlərdən biri də vətəndaşların keçmiş SSRİ Əmanət Bankında qalmış və bir ictimai-iqtisadi inkişaf modelindən digərinə keçilməsi ilə əlaqədar baş vermiş yüksək inflyasiya səbəbindən dəyərdən düşmüş əmanətlərinin taleyi ilə bağlı idi. Bu məsələ demək olar ki, bütün keçmiş sovet respublikalarında ötən dövrlərdə əsas müzakirə mövzularından biri olub. Düzdür, MDB məkanında bəzi ölkələrdə sovet dövründən qalmış əmanətlər qaytarılıb, amma onların hamısında bu proses vətəndaşları razı salacaq səviyyədə həyata keçirilməyib. Bəzi respublikalarda isə  bu prosesi sonadək tamamlaya bilməyiblər.

Ölkəmizdə də sovet dövründən banklarda qalmış əmanətlərin gələcək taleyi ilə bağlı narahatçılıq xeyli vaxtdır gündəmdə idi. Bu əmanətlər Azərbaycan dövləti tərəfindən bir neçə dəfə indeksləşdirilərək 1993-cü və 1995-1997-ci illərdə onlara görə kompensasiyalar verilsə də, bu kompensasiyanı əmanətçilərin yalnız bir qismi almışdı. Əmanətçilərin böyük bir qismi əmanətləri və onlara görə verilən kompensasiyaları almaq hüquqlarından istifadə etməmişdi. Ona görə də həmin əmanətlərin dəyəri keçən müddət ərzində xeyli azalmışdı. Ümumilikdə, bu məsələnin həlli yollarının tapılması aktual mövzulardan biri kimi müxtəlif səviyyələrdə tez-tez gündəmə gətirilirdi.

Prezident İlham Əliyevin bu il martın 14-də imzaladığı "Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında" fərmanı ilə bununla bağlı suallara da son qoyuldu və sözügedən mövzuda ictimaiyyəti düşündürən məsələlərə tam aydınlıq gətirildi. Sənədə əsasən 1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçiləri olan və həmin bankın hüquqi varisi "Kapital Bank" Açıq Səhmdar Cəmiyyətində fərman qüvvəyə mindiyi tarixə şəxsi əmanət hesablarının qalıqlarını saxlamış Azərbaycan vətəndaşlarına və ya onların vərəsələrinə həmin hesabdakı qalıqlar nəzərə alınmaqla fərdi birdəfəlik ödəmələr veriləcək.  Fərdi birdəfəlik ödəmələrin verilməsi 2012-ci ilin iyun ayından başlayacaq və 2013-cü il 31 dekabr tarixinədək başa çatdırılacaq. Bununla da, ölkə əhalisinin əhəmiyyətli hissəsinin uzun illərdən bəri gözlədiyi mühüm bir problem öz həllini tapacaq. Fərmanın şamil edildiyi bütün şəxslər qeyd olunan müddətdə müraciət edərək ödəmələri ala biləcəklər.

Qeyd edək ki, fərmanda da göstərildiyi kimi, Azərbaycan Respublikası vətəndaşlarının keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında əmanətləri yerləşdirdikləri dövrdə qüvvədə olmuş SSRİ-nin "Banklarbank fəaliyyəti haqqında" qanununda və Azərbaycan Respublikasının "Banklarbank fəaliyyəti haqqında" 1992-ci il 7 avqust tarixli qanununda Əmanət Bankının öhdəliklərinə görə dövlətin məsuliyyəti nəzərdə tutulmamışdır. Lakin Azərbaycan hakimiyyəti belə bir qərar qəbul etməklə, keçmiş SSRİ dövrünün öhdəliklərini yerinə yetirməklə öz vətəndaşlarının qayğılarına son dərəcə həssas olduğunu nümayiş etdirir. Belə bir addım, digər əhəmiyyətli cəhətləri ilə yanaşı, müstəqil Azərbaycan Respublikasının tərəqqisində əməyi olmuş vətəndaşlarımızın ölkənin inkişafına verdikləri töhfələrə dövlət tərəfindən verilən yüksək qiymətdir. Eyni zamanda, məsələnin optimal həllinə  yönəlməklə, müstəqil Azərbaycan dövlətinin öz vətəndaşlarına diqqət və qayğısının, əhali maraqlarını əsas götürən sosialyönümlü siyasətinin təsdiqinin təzahürüdür. Ona görə ölkə rəhbərliyinin bu addımının mənəvi dəyəri də kifayət qədər böyükdür. Fərmanda bu barədə deyilir: "Son dövrlərdə ölkəmizin sosial-iqtisadi inkişafında qazanılmış uğurlar, əldə olunmuş makroiqtisadi sabitlik, Azərbaycan dövlətinin maliyyə imkanlarının artması əhalinin inflyasiya nəticəsində ucuzlaşmış bank əmanətlərinə görə onlara dövlət tərəfindən əlavə yardım ödənilməsi üçün şərait yaratmışdır. Bu uğurların əldə edilməsində Azərbaycan Respublikası vətəndaşlarının töhfəsini nəzərə alaraq, Azərbaycan dövləti keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsini təklif etmək niyyətini bəyan edir".

Əvvəldə də qeyd etdiyim kimi, MDB respublikalarından bəziləri bu prosesi həyata keçiriblər. Lakin paralel müqayisələr aparsaq görərik ki, Azərbaycan bu məsələdə vətəndaşların maddisosial maraqlarının qorunması baxımından liderdir. Yəni, tətbiq edilən qaydalar əhali üçün daha sərfəlidir. Bir məsələni də unutmamalıyıq ki, dəyərdən düşmüş əmanətlərə görə birdəfəlik ödəmələrin hesablanması indeksləşdirmə kimi başa düşülməməlidir. Çünki həm keçmiş SSRİ qanunlarında, həm də Azərbaycan qanunlarında Əmanət Bankının öhdəliklərinə görə dövlətin məsuliyyəti nəzərdə tutulmamışdır. Hazırkı ödəmələr Azərbaycan dövlətinin maliyyə imkanlarının artması ilə əlaqədar inflyasiyaya məruz qalmış əmanətlərə görə əhaliyə dövlət tərəfindən verilən əlavə yardımdır. Bütün bunlara rəğmən, MDB ölkələri ilə müqayisələr göstərir ki, Azərbaycanda digər ölkələrlə nisbətdə bu ödəniş daha yüksək şəkildə tətbiq ediləcək. Bu baxımdan, Azərbaycanda əmanətlərlə bağlı veriləcək fərdi birdəfəlik ödəmələrdə sosial ədalət daha çox qorunacaq. Bu da ondan xəbər verir ki, vətəndaşlar dövlətin bu addımından arzuladıqları kimi yararlana biləcəklər.

Azərbaycan Prezidentinin fərmanında bu məsələ ilə bağlı mütərəqqi sayılan məqamlardan biri də əmanətlərlə bağlı ödəmələrin birdəfəlik verilməsidir. Xatırladım ki, keçmiş sovet respublikalarından heç birində əmanətlər birdəfəlik verilməyib. Yəni, bu əmanətlər mərhələli şəkildə qaytarılıb. Bu zaman bir çox hallarda dollara nisbətən milli valyutanın qiymətinin aşağı düşməsi prosesin əhəmiyyətini azaldıb. Azərbaycan isə MDB dövlətləri arasında yeganə ölkədir ki, burada əmanətlər birdəfəlik qaytarılacaq. Bu proses maksimum 18 aya tamamlanacaq. Bu da ölkəmizin sözügedən məsələni çevik şəkildə həll etmək iqtidarında olduğunu göstərir.

Məsələnin vətəndaşlar üçün digər önəmli tərəfi isə birdəfəlik ödəmələrdən vergi tutulmamasıdır. Vergi Məcələlləsində bu kimi ödəmələrdən vergi tutulması nəzərdə tutulmur. Bəzi iqtisadçılar bu proses zamanı inflyasiyanın baş verəcəyindən narahatlıq keçirirdilər. Lakin ölkəmizin malik olduğu hazırkı maliyyə imkanları ondan xəbər verir ki, birdəfəlik ödəmələr inflyasiyanın artmasına gətirib çıxarmayacaq.

Artıq müəyyən olunmuş birdəfəlik ödəmələrin verilməsi prosesində vəfat etmiş əmanətçilərin əmanətləri ilə bağlı məqamlara da aydınlıq gətirilib. Belə ki, vəfat etmiş əmanətçinin əmanət qalıqlarına görə ödəmələrin onun vərəsəsinə  ödənilməsi nəzərdə tutulur. Vəsait vərəsələrə ödəniləcəyi halda, fərdi birdəfəlik ödəmənin alınması üçün ərizəyə vərəsələrin miras əmlaka hüquqları barədə sənəd və ya bu barədə müvafiq məhkəmə qərarı əlavə edilməlidir.

Nazirlər Kabineti "Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanının 4-cü hissəsinin icrasını təmin etmək məqsədi ilə "Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikası vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə" qərar qəbul etmişdir.  Qərarda keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi zamanı yaranmış mübahisəli məsələlərə baxılması, müvafiq qərarların qəbul edilməsi və bu işlərə ümumi nəzarətin həyata keçirilməsi məqsədi ilə Maliyyə Nazirliyinin nəzdində yaradılmış xüsusi komissiyanın sədrinin və üzvlərinin adı, soyadı, vəzifələri göstərilmiş, həmçinin xüsusi komissiyanın fəaliyyət qaydası təsdiq edilmişdir.

 Qərara əsasən, keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi və bu işin təşkil edilməsi, o cümlədən bu işin icrası üçün "Kapital Bank" Açıq Səhmdar Cəmiyyəti tərəfindən müddətli əmək müqavilələri əsasında əlavə işçi qüvvəsinin cəlb edilməsi, onların yerləşdirilməsi xərclərinin ödənilməsi, maddi-texnikiproqram təminatı məsələlərinin həll edilməsi məqsədi ilə 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Maliyyə Nazirliyinə ilkin olaraq üç yüz milyon manat məbləğində vəsait ayrılacaqdır.

Vətəndaşları maraqlandıran suallara aydınlıq gətirmək məqsədilə ilk günlərdən Azərbaycan Respublikası Maliyyə Nazirliyində və "Kapital Bank"da "qaynar xətt" açılmışdır. Bu  da imkan verir ki, vətəndaşlar qarşıdakı iki ay ərzində sənədlərin toplanması ilə bağlı onları düşündürən məsələlərə tam aydınlıq gətirsinlər. Əmanətlərin qaytarılması işində aidiyyəti qurumlar tərəfindən operativliyin nümayiş etdirilməsi prosesin yüksək səviyyədə keçiriləcəyindən xəbər verir.

Bütövlükdə, Azərbaycan dövlətinin hazırkı inkişaf səviyyəsi, maliyyə imkanları söyləməyə əsas verir ki, bu proses nəzərdə tutulduğu vaxtda, uğurla başa çatdırılacaq. Eyni zamanda, Azərbaycanda milli valyutanın dəyərdən düşmək təhlükəsi yoxdur. Bu isə vətəndaşlara dövlətin töhfəsindən daha səmərəli və yetərincə yararlanmağa imkan verəcək.

Əmanətlərlə bağlı ödəmələrin verilməsinə dair Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı fərman bütün ölkə ictimaiyyəti tərəfindən birmənalı şəkildə yüksək qiymətləndirilir. Ölkə hakimiyyətinin belə bir təşəbbüslə çıxış etməsi və konkret addım atması Azərbaycanda həyata keçirilən sosial siyasətin vətəndaşların maraqlarına xidmət etdiyinin əyani təzahürüdür. Bu hadisə ölkəmizdə son illərdə həyata keçirilən əsas sosial layihələrdən biri kimi vətəndaşlarımızın maddi durumuna müsbət təsir göstərəcək,  rifahlarının yüksəlməsində mühüm rol oynayacaq.

 

 

Arzuman MURADLI,

iqtisad elmləri üzrə fəlsəfə doktoru

 

Azərbaycan.- 2012.- 8 aprel.- S. 6.