Ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsinə ehtiram

 

 Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko aprelin 9-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi yad olunmuş, məzarı üzərinə gül dəstələri düzülmüşdür.

Rusiya nümayəndə heyəti zəmanəmizin görkəmli musiqiçisi, Azərbaycanın və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin də xatirəsini anmış, məzarı üzərinə tər güllər düzmüşdür.

Sonra Şəhidlər xiyabanına gələn Valentina Matviyenko ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşdur.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 10 aprel.- S. 2.