AzVirtşirkəti Serbiyada iri infrastruktur layihəsinin tikintisini həyata keçirəcəkdir

 

Bu barədə Belqradda müqavilə imzalanmışdır

 

Azərbaycanın Serbiyadakı səfirliyində "Serbiya Koridorları d.o.o." şirkəti və "AzVirt" MMC arasında bu ölkədə həyata keçirilən iri infrastruktur layihələrindən olan "11-ci dəhliz" avtomagistralının (Belqrad-Cənubi Adriatik) Lyiq-Prelyina sahəsinin tikintisi üzrə müqavilənin rəsmi imzalanma mərasimi keçirilmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, imzalanma mərasimində Serbiya Demokratik Partiyasının sədri, bu günlərdə prezident vəzifəsindən istefa vermiş və yenidən namizədliyini irəli sürmüş Boris Tadiç, infrastrukturenergetika naziri Milutin Mrkoniç, xarici işlər naziri Vuk Yeremiç, əmək və sosial siyasət naziri Rasim Lyayiç, dövlət və hökumət rəsmiləri, yerli ictimaiyyətin nümayəndələri, ziyalılar, adamları, Serbiya-Azərbaycan ticarət-iqtisadi Palatasının və Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərləri və üzvləri, burada yaşayan və təhsil alan azərbaycanlılar, KİV-lərin təmsilçiləri iştirak etmişlər.

Müqaviləni "Serbiya Koridorları d.o.o." şirkətinin direktoru Mixail Mişiç, "AzVirt" şirkətinin direktoru Kamil Əliyev və "AzVirt Ogranak (Belqrad)" şirkətinin direktoru İsa Akbulut imzalamışlar.

İmzalanma mərasimindən sonra çıxış edən Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov ölkələrimiz arasındakı münasibətlərdə qısa müddət ərzində əsaslı dönüşün baş verdiyini, son illərdə sürətlə inkişaf edən əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini xüsusi vurğulamışdır. Diplomat Azərbaycan və Serbiya prezidentlərinin qarşılıqlı səfərlərinin uğurla inkişaf edən əlaqələrimizin dərinləşməsi üçün geniş imkanlar yaratdığını vurğulamışdır. Son dövrlərdə ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin sürətlə inkişaf etdiyini, ticarət dövriyyəsinin getdikcə artdığını və qarşılıqlı sərmayə qoyuluşlarının intensiv xarakter aldığını diqqətə çatdıran E.Həsənov Azərbaycan-Serbiya əməkdaşlığının bu səviyyəyə yüksəlməsində dövlətlərimizin başçıları arasında mövcud olan şəxsi dostluğun rolunu diqqətə çatdırmışdır.

Səfir Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi əsasında Serbiyada həyata keçirilən humanitar layihələrə toxunaraq onların xalqlarımız arasında körpü rolunu oynadığını, mədəniyyətlərarası və dinlərarası dialoqa, əməkdaşlığın möhkəmlənməsinə töhfə verdiyini bildirmişdir.

Serbiyanın Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığın inkişafına böyük önəm verdiyini bildirən Boris Tadiç son illərdə ölkələrimiz arasında münasibətlərdə müşahidə edilən dinamikanın bunun bariz nümunəsi olduğunu demişdir.

Prezident İlham Əliyev ilə görüşlərini məmnuniyyətlə xatırladan Boris Tadiç regionun lider dövlətinə çevrilmiş Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını və etibarlı tərəfdaş olduğunu diqqətə çatdırmış, ölkəmizin adamlarını Serbiya iqtisadiyyatına sərmayə qoymağa çağırmışdır.

Azərbaycan dövləti tərəfindən Serbiyada həyata keçirilən humanitar layihələrə toxunan B.Tadiç bu layihələrin xalqlarımızın yaxınlaşmasına, həmçinin Qərbi Balkan regionunda mədəniyyətlərarası və dinlərarası dialoqa, regionda etimadın yaradılmasına, sülhün, əmin-amanlığın bərqərar olmasına xidmət etdiyini vurğulamış, bu sahədəki səyləri dəstəklədiyinə görə Azərbaycan dövlətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.

"AzVirt" şirkətinin direktoru Kamil Əliyev müqavilənin imzalanmasını Azərbaycan və Serbiya arasında iqtisadi sahədə əməkdaşlığın inkişafının bariz göstəricisi olduğunu demişdir. K.Əliyev qarşıya qoyulan işləri keyfiyyətlə və vaxtında yerinə yetirməklə təmsil etdiyi şirkətin iki xalq arasında yaranmış mehriban dostluq münasibətlərinin inkişafına öz töhfəsini verəcəyini diqqətə çatdırmışdır.

Tədbir Serbiya və Qərbi Balkan regionu ölkələrinin mətbuatında geniş işıqlandırılmışdır.

 

 

Azərbaycan.- 2012.- 10 aprel.- S. 5.