Dövlət İdarəçilik Akademiyasında elmi-praktik konfrans keçirilmişdir

 

 Aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Qafqaz Universitetinin Bələdiyyə Araşdırmaları Mərkəzinin birgə təşkilatçılığı və Samsun Böyükşəhər Bələdiyyəsinin sədri Yusuf Ziya Yılmazın iştirakı ilə "Böyükşəhər İdarəetməsi və İnkişafı" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.

Konfrans başlamazdan əvvəl tədbir iştirakçıları Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişlər.

Konfransı akademiyanın rektoru akademik Urxan Ələkbərov açaraq mövzu ilə bağlı geniş məlumat vermiş, ümummilli lider Heydər Əliyevin dövlət idarəçilik təcrübəsinin ölkəmizin idarəetmə sisteminin qurulması və inkişafında əhəmiyyətini, onun zəngin dövlətçilik təcrübəsinin öyrənilməsinin zəruriliyini qeyd etmişdir. O, Prezident İlham Əliyevin insan potensialının əhəmiyyətinə verdiyi xüsusi önəmdən bəhs etmiş, bu sahəni daim diqqət mərkəzində saxladığını nəzərə çatdırmışdır.

Rektor ölkəmizdə inkişafda olan bələdiyyələrin uğurlu fəaliyyəti istiqamətində yerli özünüidarəetmə, şəhər idarəsi və bələdiyyə sahəsində araşdırma aparmaq, dünya ölkələrinin yerli özünüidarəetmə, bələdiyyə və şəhər idarəsi sahəsindəki təcrübələrini araşdırmağın vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Bildirilmişdir ki, konfransın məqsədi böyük şəhərlərin idarəedilməsi və inkişafında həyata keçirilən islahatları təhlil etmək, əldə olunan uğurları və nəticələri, həmçinin xarici ölkələrin təcrübəsinin tətbiqi imkanlarını araşdırmaqdır.

Konfransda Qafqaz Universitetinin rektoru professor Ahmet Sanıç ötən illər ərzində ölkəmizdə sosial-iqtisadi sahələrdə həyata keçirilən genişmiqyaslı tədbirlərin, o cümlədən bələdiyyələrin inkişafı üçün aparılan islahatların əhəmiyyəti barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir. Rektor həmçinin bildirmişdir ki, yerli özünüidarəetmə və bələdiyyə mövzusu ilə bağlı müxtəlif qurumlarla ortaq layihələr hazırlamaq və həyata keçirmək gələcəkdə də bu sahədə olan inkişafa təkan verəcəkdir.

Samsun Böyükşəhər Bələdiyyəsinin sədri Yusuf Ziya Yılmaz da ölkəmizdə bələdiyyə orqanlarının fəaliyyətindən söz açaraq iki qardaş ölkə arasında təcrübə mübadiləsinin əhəmiyyətini qeyd etmişdir. Türkiyədə uzun müddət fəaliyyət göstərən yerli özünüidarə orqanlarının fəaliyyətini diqqətə çatdıran bələdiyyə sədri bələdiyyə idarəçiliyi sahəsində araşdırma aparan universitetlər, mərkəzlər və tədqiqatçılarla əməkdaşlıq etməyin qürurverici olduğunubu istiqamətdə aparılan təcrübə mübadiləsini, elmi tədqiqatları böyük məmnuniyyətlə dəstəklədiklərini bildirmişdir.

Sonda akademiyanın rektoru akademik Urxan Ələkbərov iştirakçılara və qonaqlara  minnətdarlığını bildirərək belə tədbirlərin davamlı olması istəyini bir daha ifadə etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 10 aprel.- S. 6.