Azərbaycanlı jurnalist ikinci dəfə Gürcüstanın Şərəf ordeninə layiq görülmüşdür

 

Azərbaycan Televiziyasının Gürcüstan üzrə müxbiri Şahismayıl Şəmmədoğlu Prezident Mixeil Saakaşvilinin fərmanı ilə "Şərəf" ordeni ilə mükafatlandırılmışdır.

AzərTAc xəbər verir ki, Fərmanda Ş.Şəmmədoğlu bu mükafata Azərbaycan və gürcü xalqlarının dostluq münasibətlərinin möhkəmləndirilməsində töhfələrinə görə layiq görülmüşdür.

Ş.Şəmmədoğlu Gürcüstanın Qardabani rayonunun Kosalar kəndində anadan olmuş, ali məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə fransız dili müəllimi kimi başlamışdır. O, 1992-ci ildən AzərTAc-ın Gürcüstan üzrə xüsusi müxbiri kimi fəaliyyət göstərmişdir. Ş.Şəmmədoğlu hazırda Azərbaycan Televiziyasının Gürcüstan nümayəndəliyinin rəhbəridir.

İstedadlı jurnalist Ş.Şəmmədoğlu reportajlarında və müəllifi olduğu bir neçə kitabda Azərbaycan-Gürcüstan əməkdaşlığının inkişafı, xalqlarımız arasında dostluq münasibətlərinin gücləndirilməsi məsələlərini geniş işıqlandırmışdır. Bundan başqa, Gürcüstanda yaşayan soydaşlarımız arasında həmrəyliyin gücləndirilməsi, onların gürcü cəmiyyətinə inteqrasiyası mövzuları da daim onun fəaliyyətinin əsas istiqamətini təşkil etmişdir.

Ş.Şəmmədoğlunun xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən "Heydər Əliyev və Gürcüstan" kitabı 2008-ci ildə gürcü və Azərbaycan dillərində nəşr olunmuşdur. Onun ssenariləri əsasında 2010-cu ildə "Heydər Əliyev və Gürcüstan", Prezident İlham Əliyevin 50 illik yubileyi münasibətilə isə "İlham Əliyev və Gürcüstan" sənədli filmləri hazırlanmışdır. Bundan başqa, o, "Dənizdən-dənizə", "Dostluğun etalonu", "Dostluq yolu", "İrsiyyət Fondu", "Sabitliyin təminatı", "Bu gündən gələcəyə" adlı filmlərin müəllifidir. Bu filmlər Azərbaycanın və Gürcüstanın tarixi dostluğunun daha da dərinləşməsinə və möhkəmləndirilməsinə mühüm töhfə vermişdir.

Şahismayıl yeganə soydaşımızdır ki, ikinci dəfə Gürcüstanın "Şərəf" ordeninə layiq görülmüşdür. O, 2001-ci il fevralın 15-də Gürcüstan Prezidentinin sərəncamı ilə xalqlarımız arasındakı dostluğun möhkəmləndirilməsi işinə verdiyi töhfəyə görə "Şərəf" ordeni ilə təltif olunmuşdu.

 

 

Azərbaycan.- 2012.- 11 aprel.- S. 7.