Pakistanda urdu dilində Azərbaycan - Odlar yurdu kitabı çapdan çıxmışdır

 

 Azərbaycanın Pakistandakı səfirliyinin təşəbbüsü və bu ölkənin "Diplomatik star" jurnalının baş redaktoru Amir Mahmud Battinin müəllifliyi ilə urdu dilində "Azərbaycan - Odlar yurdu" adlı kitab çapdan çıxmışdır.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, kitabın ilk fəsilləri Azərbaycan tarixinə və dövlət atributlarına həsr olunmuşdur.

Nəşrdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, ümummilli liderin Azərbaycanın dünya ölkələri sırasına qüdrətli bir dövlət kimi daxil olunmasında müstəsna rolu, Prezident İlham Əliyevin uğurlu daxilixarici siyasəti barədə ətraflı məlumat verilmişdir. Bundan əlavə, kitabda dövlətimizin başçısının BMT Baş Məclisində və Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə dair çıxışlarının mətnləri dərc edilmişdir.

Nəşrdə həmçinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü və erməni terroru, Qanlı Yanvar, Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi, Qarabağın tarixi, Xocalı soyqırımı və "Xocalıya ədalət!" kampaniyası barədə ətraflı məlumatlar yer almışdır.

 

 

Azərbaycan.- 2012.- 12 aprel.- S. 3.