Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının yeni inzibati binası istifadəyə verilmişdir

 

 Aprelin 12-də Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir.

Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevə məlumat verildi ki, YAP Ağstafa rayon təşkilatının yeni inzibati binası şəhərin Heydər Əliyev prospektində inşa edilmişdir. Təşkilatın ikimərtəbəli binasının ümumi sahəsi 450 kvadratmetrdir. Binanın fasadı ağlay daşı ilə klassik üslubda üzlənmiş, milli ornamentli naxışlarla bəzədilmişdir. Binanın birinci mərtəbəsində partiyanın yaradıcısı ulu öndər Heydər Əliyevin və Prezident, YAP-ın sədri İlham Əliyevin fəaliyyətlərini, Ağstafa rayonuna səfərlərini əks etdirən fotoguşələr yaradılmışdır.

Bildirildi ki, binanın ikinci mərtəbəsində müxtəlif tədbirlərin keçirilməsi üçün 50 yerlik konfrans zalı yaradılmışdır. Binanın inzibati bölməsində işçilərin səmərəli fəaliyyəti üçün geniş imkanlar vardır. Burada İKT-nin ən son nailiyyətlərindən istifadə edilmişdir.

YAP Ağstafa rayon təşkilatının yeni inzibati binasında yaradılmış şəraiti yüksək qiymətləndirən Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 14 aprel.- S. 4.