Avropa Şurasının Uşaqlara qarşı zorakılıq proqramı çərçivəsində tədbir keçirilmişdir

 

Aprelin 16-da Bakının Səbail rayonundakı 132-134 nömrəli Təhsil Kompleksində Avropa Şurasının "Uşaqlara qarşı zorakılıq" proqramı çərçivəsində "Biz zorakılığa "Yox" deyirik!" mövzusunda tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Milli Məclisi, Səbail Rayon İcra Hakimiyyəti, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunmuş tədbirdə parlamentin deputatları, təhsil işçiləri, şagirdlər, beynəlxalq qurumların nümayəndələri iştirak etmişlər.

Səbail Rayon Icra Hakimiyyətinin başçısı Asif Əsgərov bəşəriyyətin gələcəyi olan uşaqlara diqqət və qayğının əhəmiyyətindən danışmışdır.

A.Əsgərov Azərbaycanda uşaqlarla bağlı siyasətin əsasının ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulduğunu və ölkəmizin 1992-ci ildə BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasına qoşulduğunu xatırlatmışdır. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1999-cu ildə respublikamızda BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasının müddəalarını özündə əks etdirən "Uşaq hüquqları haqqında" qanun qəbul edilmişdir.

Azərbaycanda uşaqlara göstərilən dövlət qayğısından bəhs edən icra başçısı Prezident İlham Əliyev tərəfindən 2009-cu ilin ölkəmizdə "Uşaq ili" elan edildiyini xatırlatmışdır.

A.Əsgərov Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə uşaqlarla bağlı reallaşdırılan layihələrin əhəmiyyətindən bəhs etmişdir. Bildirilmişdir ki, Fondun təşəbbüsü ilə son illərdə ölkəmizdə 300-dək məktəb binası tikilib istifadəyə verilmiş, çoxlu sayda körpələr evi, uşaq bağçası, internat məktəbi əsaslı təmir edilmişdir.

İcra başçısı bu gün dünyanın ayrı-ayrı ölkələrində uşaqlara qarşı mövcud zorakılıq hallarının narahatlıq doğurduğunu da diqqətə çatdırmışdır.  

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, müvafiq proqramın Azərbaycan üzrə əlaqələndiricisi Sevinc Fətəliyeva müasir dünyada uşaq hüquqlarının qorunmasının vacibliyindən, ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs etmişdir. 

Şagirdlər "Uşaqların müasir cəmiyyətdə rolu", "Ailə münasibəti: valideynlər və uşaqlar" və digər mövzularda məruzələr etmişlər.

Milli Məclisin deputatı Gülər Əhmədova, UNİSEF-in Azərbaycan üzrə nümayəndəliyinin Uşaq müdafiəsi şöbəsinin müdiri Munir Məmmədzadə uşaq hüquqlarının müdafiə olunmasının zəruriliyini vurğulamışlar.

 Milli Məclisin deputatı Elmira Axundova Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini xatırladaraq, ermənilər tərəfindən azərbaycanlı uşaqların qəddarcasına öldürüldüyünü, körpələrin öz doğma torpaqlarından zorla çıxarıldıqlarını diqqətə çatdırmış və qeyd etmişdir ki, uşaqlara qarşı bu zorakılıq problemləri beynəlxalq təşkilatları da narahat etməlidir.

Tədbirdə Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Konstantin Yerokostopulos iştirak etmişdir.

 

 

Azərbaycan.- 2012.- 17 aprel.- S. 11.