Azərbaycan və Rusiya arasında ailə, qadın və uşaq problemlərinin həlli sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur

 

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri  Hicran Hüseynova aprelin 11-dən 14-dək Rusiya Federasiyasında səfərdə olmuşdur.

Komitədən AzərTAc-a bildirmişlər ki, Rusiya Federasiyası Dövlət Duması sədrinin müavini Lyudmila Şvetsova qarşılıqlı təcrübə mübadiləsi məqsədilə Hicran Hüseynovanı işgüzar səfərə dəvət etmişdir.

Səfər çərçivəsində bir sıra görüşlər keçirilmişdir. Hicran Hüseynova Dövlət Duması yanında Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsi sədrinin müavini Yekaterina Semyonova, Komitə Katibliyinin rəhbəri Olqa Presnyakova, Dövlət Dumasının deputatı  Yelena SenatorovaRusiya Federasiyasında fəaliyyət göstərən bir sıra qadın təşkilatlarının nümayəndələri ilə görüşmüşdür.

Görüşlərdə Azərbaycan və Rusiya arasında müvafiq istiqamətlər üzrə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunmuşdur.

Fikir mübadiləsi zamanı H.Hüseynova respublikada ailə, qadın və uşaq məsələləri sahəsində görülən işlərdən, ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi üçün atılan addımlardan danışmışdır. O, Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ailə, qadın və uşaq məsələlərinə xüsusi diqqəti nəticəsində ölkəmizdə bu istiqamətdə böyük irəliləyiş əldə edildiyini və gələcəkdə bu fəaliyyətin daha da genişləndiriləcəyini qeyd etmişdir.

Daha sonra H.Hüseynova gender bərabərliyinin təmin edilməsi istiqamətində əsas maneələrdən sayılan qadınlara qarşı zorakılığın bütün dünya dövlətlərini narahat etdiyini bildirmişdir. Son zamanlar dünya ictimaiyyəti tərəfindən bu problemə diqqətin artdığını qeyd edən komitə sədri Azərbaycanda da bu istiqamətdə qanunvericilik sahəsində önəmli addımlar atıldığını demişdir.

Müzakirələrin nəticəsi olaraq ailə, qadın və uşaq problemlərinin həlli sahəsində iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanmışdır.

 

 

Azərbaycan.- 2012.- 17 aprel.- S. 11.