Azərbaycanın iqtisadi inkişafı hərtərəfli və çoxşaxəlidir

 

 Bunun ölkə vətəndaşlarının rifahına xidmət etdiyi Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında bir daha vurğulanmışdır

 

 Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası son aylarda ölkənin həyatının bütün sahələrində görülən işlərin aydın mənzərəsini yaratmışdır. Qazanılmış nailiyyətlər bir daha vurğulanmış, həlli vacib olan məsələlərdən söhbət açılmış, zəruri işlərin həyata keçirilməsi yolları göstərilmişdir.

Bu ilin birinci rübündə də Azərbaycanın inkişaf tendensiyası davam edib. Ümumi daxili məhsulun həcmi artıb. Bununla yanaşı, qeyri-neft sektorunda 7,7 faiz artım əldə edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə muzdla işləyənlərin orta aylıq əməkhaqqı 8,5 faiz yüksələrək 368,5 manata çatıb. Əhalinin gəlirləri 13,9 faiz artıb 7 milyard 231,6 milyon  manat təşkil edib. Adambaşına gəlirlər 12,3 faiz artıb. Milli valyutanın sabit kursunun saxlanılması əhalinin ümumi gəlirinin yüksəldilməsi fonunda inflyasiya cəmi 3,1 faiz təşkil edib. Bunlar banklara qoyulan əmanətlərin həcminin 4,3 faiz artması ilə nəticələnib.

Bütün investisiya sosial proqramların öz imkanlarımızla icra edildiyini vurğulayan Prezident İlham Əliyev demişdir: "Beləliklə, bu ilin birinci rübündə strateji valyuta ehtiyatlarımız daha da artmışdır 43 milyard dollardan çoxdur. Bu, nəinki ölkəmiz üçün, dünya miqyasında strateji valyuta ehtiyatlarına malik olan suveren ölkələr arasında çox gözəl göstəricidir. Biz o ehtiyatları ildən-ilə, rübdən-rübə daha da artıracağıq. Bu vəsaitin səmərəli işləməsi və bu vəsaitdən əldə ediləcək əlavə gəlirlər, əlbəttə ki, gələcəkdə maliyyə vəziyyətimizi daha da yaxşılaşdıracaq, ölkədə yeni investisiya layihələrinin həyata keçirilməsi üçün şərait yaradacaqdır".

Ölkə iqtisadiyyatı hərtərəfli inkişaf edir. Qarşıya qoyulan vəzifə - iqtisadiyyatın şaxələndirilməsi istiqamətində işlər uğurla gedir. Azərbaycan öz enerji təhlükəsizliyini artıq təmin edib. Neft-qaz sahəsində mühüm nailiyyətlər əldə olunub. İndi Azərbaycan bütün dünyada etibarlı tərəfdaş kimi tanınır. Xarici bazarlara, eləcə də ölkə daxilində böyük investisiyalar qoyulur. Dövlət başçısı bununla bağlı investisiyaların ilk növbədə Azərbaycana, sonra xarici bazarlara yönəldilməsi barədə göstəriş vermişdir.

Məhz bu cür yanaşmanın nəticəsidir ki, ölkə iqtisadiyyatının bütün sahələri paralel inkişaf edir. İndi sahibkarların fəaliyyəti ilə bağlı problemlər mövcud deyil. Sahibkarlıq sahəsi formalaşır və güclənir. Bu il Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 200 milyon manat güzəştli kreditlərin verilməsi nəzərdə tutulub. Görülən məqsədyönlü işlərin sayəsində cari ilin birinci rübündə 20 mini daimi olmaqla 24 min yeni iş yerləri açılıb. Yeni  müəssisələr istifadəyə verilib və təzələri də tikilməkdədir. Təqdirəlayiq  haldır ki, bu tədbirlər ölkənin bütün regionlarını əhatə edir.

Bu il texnoparkların yaradılması istiqamətində əməli addımların atılması qarşıya məqsəd qoyulub. "Bütün müvafiq göstərişlər verildi, sərəncamlar imzalandı, torpaq sahələri ayrıldı. Artıq təcrübə də vardır, Sumqayıt Texnoparkı çox gözəl təcrübədir. İndi Gəncədə, Balaxanıda və Sumqayıtda buna oxşar yeni texnoparkların salınması prosesi gedir. Mən hesab edirəm ki, bu il biz artıq konkret işlərə başlamalıyıq. Çünki bütün qanunvericilik, ondan sonra infrastruktur bazası artıq yerindədir, torpaq sahələri də müəyyən edilibdir. Bu texnoparkların yaradılmasına biz özəl sektorun dəstəyi ilə nail olacağıq. Ancaq dövlət kredit resurslarını həmin istiqamətə yönəltməlidir ki, özəl sektor bu imkanlardan istifadə etsin. Beləliklə, yerli istehsal daha da güclənəcəkdir".  Tədbirdə dövlət başçısı məhz belə bir inamını ifadə etmişdir.

Ölkədə fəaliyyət göstərən və tikilməkdə olan sement zavodları bu məhsula tələbatı tam ödəyəcək və qeyri-neft sektorunun inkişafına təkan verəcək.

Qeyri-neft sektorunun digər bir istiqamətində - kənd təsərrüfatında da işlər yaxşı gedir. Aqrar sahənin inkişafında müsbət dinamika var. Birinci rüb ərzində bitkiçilikdə 6,4, heyvandarlıqda 3,2 faiz artım olmuşdur.          

Kənd təsərrüfatının inkişafı üçün ən müasir texnologiyalar tətbiq edilməlidir. Bu baxımdan yeni aqroservis müəssisələrinin yaradılması böyük fayda verər. Bunu Ağstafa Aqroservis Şirkətinin nümunəsində aydın görmək mümkündür. Ona görə də Prezident İlham Əliyev bu müəssisənin timsalında geniş proqramın icra olunmasını, Kənd Təsərrüfatı Nazirliyininİqtisadi İnkişaf Nazirliyinin birlikdə təklif verməsini tapşırmışdır. Lazım gələrsə, əlavə kreditlər də nəzərdə tutula bilər.

"Mənə deyildi ki, yaradılan müəssisə və texniki imkanlar, aqrotexniki xidmətlər hesabına təqribən 15 min hektara yaxın əkin sahəsinə xidmət göstəriləcəkdir. Əgər biz 10, 20, 50 belə müəssisə yaratsaq, bu, ərzaq təhlükəsizliyinin təmin edilməsinə əhəmiyyətli dərəcədə şərait yaradacaqdır", - deyən dövlət başçısı məhsuldarlığın artırılması vəzifəsini də qarşıya qoymuşdur.

Taxılçılıqda məhsuldarlığın ayrı-ayrı illərdə müxtəlif - yəni bir dəfə çox, bir dəfə az olması iri fermer təsərrüfatlarının yaradılması, bütün mövcud torpaqlardan istifadə olunması ideyasını ortaya çıxarmışdır. Məhsuldarlığa daha böyük diqqət yetirilərsə, dövriyyədə olan torpaqlardan iki dəfə çox məhsul götürmək mümkündür.       

Başqa sözlə, kənd təsərrüfatı ilə bağlı ən müasir yanaşmalar tətbiq edilməlidir. Bu sahədə zəngin təcrübəsi olan ölkələrə Azərbaycandan nümayəndə heyətlərinin göndərilməsi də məhz həmin məqsədə xidmət edir. Məsələn, onlar damcılı suvarma texnologiyalarını öyrənmişlər. İndi artıq ölkəmizdə də kütləvi şəkildə müasir texnologiyaların tətbiq olunması vaxtı gəlib çatmışdır.

Hazırda kənd təsərrüfatını, xüsusilə taxılçılığı stimullaşdırmaq üçün subsidiyalar verilir. Onlar yanacağa, gübrələrə, eləcə də əkilən məhsullara hər hektara görə pul şəklində ödənilir. Bu, işgüzarlığın artmasına böyük təkan verib. Lakin subsidiyalara görə nəticə daha təsirli olmalıdır.

Məhsul bolluğunun yaranması hələ məqsədə tam çatmaq deyil - bütün məhsullar eyni zamanda keyfiyyətli, ekoloji cəhətdən təmiz olmalı, insanların səhhətinə ziyan vurmamalıdır. Nazirlər Kabinetinin iclasında bu məsələlər ətrafında ayrı-ayrılıqda söhbət getmişdir.

Bütün bunlar isə bir daha təsdiqləyir ki, ölkədə görülən böyük miqyaslı işlərin hamısı Azərbaycan vətəndaşının rifahına xidmət edir. İqtisadiyyatın şaxələndirilməsi də, ərzaq təhlükəsizliyinin yaradılması da, ətraf mühitin qorunması və qarşıya qoyulan bir çox digər vəzifələr də məhz buna yönəldilib.

 

 

Flora SADIQLI

 

Azərbaycan.- 2012.- 18 aprel.- S. 1.