Asiya İnkişaf Bankının özəl sektorla bağlı əməliyyatlar üzrə vitse-prezidenti xanım Lakşmi Venkataçalam ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir

 

Bakıda səfərdə olan Asiya İnkişaf Bankının Özəl sektorla bağlı əməliyyatlar üzrə vitse-prezidenti xanım Lakşmi Venkataçalam aprelin 17-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə tər güllər düzmüşdür.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üstünə gül-çiçək dəstələri düzülmüşdür.

Sonra Şəhidlər xiyabanına gələn qonaq ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, "Əbədi məşəl" abidəsini ziyarət etmişdir.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 18 aprel.- S. 2.