Mərakeş Azərbaycan ilə bütün sahələrdə əlaqələrin inkişafında maraqlıdır

 

Aprelin 16-da Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfiri Sabir Ağabəyov bu ölkənin yeni təyin olunmuş mədəniyyət naziri Məhəmməd əl-Əmin Subeyhi ilə görüşmüşdür.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, diplomat mərakeşli nazirə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təbriklərini və məktubunu çatdırmışdır.

S.Ağabəyov ölkəmizin tarixi, mədəniyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı hazırkı vəziyyəti və bu məsələdə Azərbaycanın mövqeyi barədə ətraflı məlumat vermişdir. Azərbaycan-Mərakeş əlaqələrinin tarixinə, münasibətlərimizin hazırkı vəziyyətinə toxunan diplomat ölkələrimizin bir sıra beynəlxalq nüfuzlu təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq etdiklərini diqqətə çatdırmışdır.

Bildirilmişdir ki, Qərbi Səhra məsələsində Azərbaycan Mərakeşin mövqeyini dəstəkləyir. Mərakeş isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Hər iki ölkənin 2012-2013-cü illər üçün BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ikitərəfli əməkdaşlıq əlaqələrinə xüsusi təkan verəcəkdir.

2006-cı ildən bu günədək dörd dəfə hər iki ölkənin mədəniyyət günlərinin keçirildiyini xatırladan S.Ağabəyov bu ənənənin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə etmişdir.

Azərbaycan rəhbərliyinin Mərakeş ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edən səfir bu əlaqələrin siyasi, mədəni sahələr ilə yanaşı, iqtisadiyyat, turizm və digər istiqamətlərdə də genişləndirilməsinin vacibliyini bildirmişdir.

M.Ə.Subeyhi xoş təbrikə və arzulara görə azərbaycanlı həmkarı Ə.Qarayevə təşəkkürünü bildirmiş, ona salamlarının çatdırılmasını xahiş etmişdir.

Azərbaycan-Mərakeş siyasi əlaqələrinin hər iki ölkə rəhbərliyinin arzuladığı səviyyədə olduğunu deyən nazir ölkəsinin Azərbaycan ilə əlaqələrinin digər sahələrdə də inkişaf etdirilməsində maraqlı olduğunu vurğulamışdır. Azərbaycanın Qərbi Səhra məsələsində Mərakeşin mövqeyini dəstəklədiyinə görə təşəkkürünü bildirən M.Ə.Subeyhi ölkələrimiz arasında qarşılıqlı dəstəyin bundan sonra da davam etdiriləcəyinə əminliyini söyləmişdir.

Ölkələrimizin tarixidini köklərə malik olduğunu deyən nazir Azərbaycan-Mərakeş əlaqələrinin müxtəlif sahələrdə şaxələndirilməsinin vacibliyini qeyd etmişdir. BMT və İslam Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin əməkdaşlığının təqdir edildiyi diqqətə çatdırılmışdır.

Sonda Azərbaycanın tarixi, coğrafiyası, turizm imkanları, o cümlədən Dağlıq Qarabağ haqqında ərəb və ingilis dillərində nəşr edilmiş kitablar mərakeşli nazirə təqdim edilmişdir.

 

 

Azərbaycan.- 2012.- 18 aprel.- S. 6.