Əqli mülkiyyətin hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə gücləndiriləcək

 

Dünən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə Elm və təhsil komitəsinin birgə iclası keçirilib. Bəzi beynəlxalq təşkilatların ekspertlərinin də qatıldığı iclasda "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" qanun layihəsi müzakirə edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu gün əqli mülkiyyət hüquqlarının qorunması dünyada əhəmiyyət daşıyan məsələlərdəndir. Təqdim olunan yeni layihə isə fundamental bir məsələdir və bu sahədə yaranan problemlərin həllinə yardım edən sənəddir.

İclasda qeyd edilib ki, qanunda bu sahədə hüquq pozuntularına görə sərt cəza ilə yanaşı, maarifləndirmə işi də əhəmiyyətli yer tutur. Yeni qanun 4 fəsil, 17 maddədən ibarətdir. Qanun layihəsi əqli mülkiyyət hüquqlarının müdafiəsinin təmin edilməsi, əqli mülkiyyət hüquqları sahiblərinin maraqlarının qorunması və bu sahədə hüquqpozmaların, o cümlədən müvafiq əqli mülkiyyət obyektlərinin nüsxələrinin qeyri-qanuni istehsalı və yayımlanmasının qarşısının alınması ilə bağlı yaranan münasibətləri tənzimləyir. Layihədə əqli mülkiyyət hüququnun sahibinə dəyən zərərin ödənilməsi barədə müddəalar yer alıb.

İclasda çıxış edən Azərbaycan Müəllif Hüquqları Agentliyinin rəhbəri Kamran İmanov diqqətə çatdırıb ki, Azərbaycan piratçılığa qarşı mübarizədə MDB məkanında liderlərdən biridir. Onun fikrincə, son illərdə piratçılıqla mübarizə nəticəsində kitab piratçılığı 61 faizdən 39 faizə, CD, DVD, audioyazıların piratçılığı isə 90 faizdən 68 faizə enib. Amma bu problem qalmaqdadır: "Əgər ölkəmiz bu sahədə inkişaf etmiş dövlətlər sırasına qoşulmaq istəyirsə, mübarizəni daha da gücləndirməliyik. Azərbaycan beynəlxalq konvensiyalara qoşulmadan piratçılığa qarşı ciddi mübarizə aparır və bunun nəticəsidir ki, ABŞ 2006-cı ildən Azərbaycanın adını piratçılıq siyahısından çıxarıb".

Onun sözlərinə görə, bu sahədə böyük problemlərdən birikitab çapı ilə bağlıdır. Əgər icazəli bir kitab nəşr olunursa, 5 min kitab qeyri-qanuni şəkildə işıq üzü görür. Bunun üçün cəzalar sərtləşdirilməlidir.

Parlamentin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev isə qeyd edib ki, qanun layihəsi Milli Məclisə Azərbaycan Prezidenti tərəfindən göndərilib və çox mühüm bir sənəddir. Yeni qanun layihəsi əqli mülkiyyətin qorunması sahəsində qanunvericilikdə mövcud olan boşluğun aradan qaldırılması üçün tamamilə yetərlidir. Bu qanunun həm də maarifçilik əsasları var.

Müzakirələr zamanı Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev bildirib ki, son zamanlar ölkəmizdə bu qanuna sosial tələbat artıb. Onun fikrincə, milli qanunvericiliyimizdə bu sahə ilə bağlı məsələlər təsbit olunmadığı üçün bəzən Azərbaycanın tarixi əsəri, mahnısı və digər mədəni irsi ilə bağlı problem yarandıqda bunu beynəlxalq səviyyədə həll edə bilmirik. Buna görə də əsas şərtlərdən biri konvensiyalara qoşulmaqdır.

Deputatlar Abel Məhərrəmov, Gövhər Baxşəliyeva, Rafiq Məmmədhəsənov, Kamilə Əliyeva və Aqiyə Naxçıvanlı çıxış edərək bu qanunun çox aktual bir sənəd olduğunu söyləyiblər. Bildirilib ki, XXI əsr elm və təhsil əsri olduğu üçün cəmiyyətdə maarifləndirmə işləri daha da artırılmalıdır. Elmi əsərlərlə bağlı ciddi piratçılıq, yəni kitabların, elmi məqalələrin təkrar yazılma halları mövcuddur. Bu qanun layihəsi isə mövcud problemlərin həlli istiqamətində çox mühüm bir sənəd olacaq.

Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

 

Azərbaycan.- 2012.- 20 aprel.- S. 3.