İqtisadi İnkişaf Nazirliyində geniş müşavirə keçirilmişdir

 

 Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadi İnkişaf Nazirliyində struktur və regional bölmələrin, tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilmişdir.

Müşavirədə Prezidentin sözügedən iclasda İqtisadi İnkişaf Nazirliyinə verdiyi tapşırıqların icrası barədə nazirliyin müvafiq qurumlarının rəhbərlərinin hesabatı dinlənilmiş, müzakirələr aparılmışdır. Tədbirdə çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev Nazirlər Kabinetinin iclasında dövlət başçısı tərəfindən makroiqtisadi sabitliyin qorunması, inflyasiyanın birrəqəmli səviyyədə saxlanılması, infrastruktur layihələrinin icrası, sənaye parklarının yaradılmasının, dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrasının sürətləndirilməsi, kənd təsərrüfatının inkişafı üçün müasir texnologiyaların tətbiqinin, idxalı əvəzləyən məhsulların istehsalının, ixrac imkanlarının daha da genişləndirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, əhalinin kommunal xidmətlərə tələbatının daha dolğun ödənilməsi, elektron xidmətlərin daha geniş tətbiqi və digər sahələrdə konkret tapşırıqların verildiyini vurğulamışdır.

Nazir Prezidentin göstərişlərinə uyğun olaraq, nazirliyin səlahiyyətləri çərçivəsində makroiqtisadi sabitliyin qorunması tədbirlərinin davam etdirilməsi, bu məqsədlə mütəmadi təhlillərin aparılması, dövlət proqramlarının icrasının və sənaye parklarının yaradılması istiqamətində görülən işlərin sürətləndirilməsi, Dövlət İnvestisiya Proqramının icrasının səmərəliliyinin artırılması məqsədilə mövcud qaydalara dəyişikliyin edilməsi barədə müvafiq təkliflərin hazırlanması, biznesinvestisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığa dövlət maliyyə dəstəyinin gücləndirilməsi, Ağstafada yaradılmış Aqroservis müəssisəsinin nümunəsində digər rayonlarda da analoji mərkəzlərin yaradılması təkliflərinin hazırlanması, süni qiymət artımının qarşısının alınması və istehlakçıların hüquqlarının qorunması tədbirlərinin gücləndirilməsi və s. istiqamətlərdə nazirliyin müvafiq qurumlarına konkret tapşırıqlar vermişdir.

Müşavirədə Nazirlər Kabinetinin iclasında irəli sürülən vəzifələrin vaxtında və keyfiyyətli icrası ilə bağlı tədbirlər planının hazırlanması qərara alınmışdır.

 

 

Azərbaycan.- 2012.- 20 aprel.- S. 5.