Siyasi partiyalar haqqında qanuna dəyişikliklər qəbul olundu

 

Dünən Milli Məclisin növbəti plenar iclası keçirildi. İclasın gündəliyinə 24 qanuna nəzərdə tutulan əlavə və dəyişikliklərin müzakirəsi daxil edilmişdi.

Əvvəlcə Milli Məclisin Sədri Oqtay Əsədov cari məsələlərin müzakirəsi üçün vaxt ayırdı. Çıxış edən deputatların əksəriyyəti Avropa Parlamentinin Strasburqdakı sessiyasında Azərbaycanla Avropa Birliyi arasında assosiativ saziş üzrə danışıqların gedişinə dair qətnamənin qəbulunu müsbət qiymətləndirdi, gələn ay Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsinə hazırlaşan Azərbaycana qarşı tənqidi mövqe tutan bəzi qurumları və dövlətləri qınadılar. Eyni zamanda bildirildi ki, Azərbaycan bu yarışmaya çox ciddi hazırlaşır və ölkəmizdə möhtəşəm mahnı müsabiqəsi baş tutacaq.

Milli Məclisin Sədri Oqtay Əsədov diqqətə çatdırdı ki, "Eurovision" çox mötəbər bir tədbirdir və bu müsabiqənin Azəbaycanda keçirilməsi ölkəmizin mədəniyyətinin Avropadünyaya tanıdılması üçün real imkanlardan biridir: "Azərbaycan haqqında yalan məlumatların yayılması isə onu göstərir ki, bizi ermənilərdən "çox istəyən" başqaları da var. Ona görə də mən bunda qəribə bir hal görmürəm. "Eurovision" elə bir tədbirdir ki, Azərbaycanda da çox uğurla keçəcək. Buna əminik. Lakin təəssüflər olsun ki, bununla bağlı müxtəlif fikirlər mövcuddur. Mən buna ulu öndər Heydər Əliyevin sözləri ilə cavab vermək istəyirəm ki, istəməyənlərin arzuları gözlərində qalacaq".

Deputat Siyavuş Novruzov bildirdi ki, bu musiqi yarışmasının Azərbaycanda keçirilməsi bəzi qüvvələrə sərf etmir. Ona görə də Azərbaycanla bağlı xoşagəlməz, reallığı əks etdirməyən məlumatlar yayırlar: "Belə qüvvələr ölkədəki sabitliyi pozmaq istəyirlər".

Deputat Musa Qasımlı dedi ki, son günlər Azərbaycan Prezidentinin Sumqayıt və eləcə də digər şəhərlərin səhiyyə sisteminin daha da müasirləşdirilməsi üçün imzaladığı sərəncam xalq tərəfindən alqışlanır. Ölkəmizdə gedən quruculuq- abadlıq işləri Azərbaycanın artan iqtisadi gücünün göstəricisidir. 

Deputat Fuad Muradov Avropa Parlamentinin Azərbaycanla bağlı keçirdiyi müzakirələrinə münasibət bildirdi. Onun sözlərinə görə, avropalı parlamentarilər öz çıxışlarında Azərbaycanın mövqeyini müdafiə ediblər. Onların bütün çıxışlarında Azərbaycan həqiqətləri diqqətə çatdırılıb. F.Muradov "Eurovision"  müsabiqəsi ilə bağlı qeyd etdi ki, bu mötəbər tədbiri pozmaq istəyən insanlar istəklərinə çatmayacaqlar.

Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov "Eurovision" müsabiqəsilə bağlı parlamentdə səslənən fikirlərə aydınlıq gətirdi. Z.Əsgərov qeyd etdi ki, mahnı yarışmasını siyasətə çevirmək olmaz: "Bu müsabiqə mütləq olacaq. Mümkün deyil ki, kimsə bunun qarşısını alsın. Mahnı müsabiqəsini siyəsətə çevirmək və bundan istifadə etmək lazım deyil. Bu, müstəqilliyimizi qazandığımız gündən indiyədək tariximizdə yaşadığımız ən unikal bir tədbirdir. Bu müsabiqənin Azərbaycanın dünyaya tanıdılmasında böyük rolu olacaq. Vicdanı olan hər bir Azərbaycan vətəndaşı belə tədbirdən qürur duymalıdır".

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı da digər həmkarları kimi "Eurovision" müsabiqəsi ilə bağlı fikirlərini bölüşdü: "Bu il Bakıda keçiriləcək "Eurovision" müsabiqəsi sayca 57-cidir. Bundan əvvəl 56-cı müsabiqə keçirildi. Apardığımız araşdırmalara görə, Azərbaycanla bağlı yaradılan ajiotaj dünyanın heç bir yerində yaradılmayıb. Qeyd edim ki, Azərbaycana qarşı bəzi qüvvələrin təxribatının, informasiya müharibələrinin qarşısı alınacaq. Hər bir azərbaycanlı bu böyük uğurumuzdan qürur duymalıdır. Bu məsələdə ciddi olmalıyıq. Onun əleyhinə aparmamalıyıq".

M.Qurbanlı daha sonra Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı Azərbaycan Prezidentinin sərəncamına münasibət bildirdi. Deputat bununla bağlı təkliflər irəli sürdü: "Mən təklif edirəm ki, bu 20 illə bağlı Azərbaycan parlamenti ayrı-ayrı beynəlxalq təşkilatlara məktublar ünvanlasın. İşğal olunmuş ərazilərlə bağlı xüsusi bir sənəd hazırlanılsın". 

Çıxışlardan sonra iclasın gündəliyində olan ilk iki məsələ "İnformasiya əldə etmək haqqında" qanuna və Cəzaların İcrası Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər barədə məlumat verildi. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, hər iki sənədə edilən dəyişiklik İnsan Hüquqları üzrə müvəkkilə (ombudsman) əlavə səlahiyyətlərin verilməsi ilə bağlıdır.  Dəyişiklikdə göstərilir ki, Ombudsman Aparatına Milli Preventiv Qrup yaradılması səlahiyyəti verilirqrup üzvlərinin istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən cəzaçəkmə müəssisələrinə daxil olmaq, orada saxlanılan şəxslərlə görüşmək hüququ var.

Məcəllədə nəzərdə tutulan digər dəyişikliyə görə, Milli Preventiv Qrupa ünvanlanmış təklif, ərizə və şikayətlər senzuradan keçirilməyəcək və bir gündən gec olmayaraq (istirahət, səsvermə, günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) aidiyyəti üzrə göndəriləcək.

Hər iki sənədə dəyişiklik deputatlar tərəfindən dəstəklənərək qəbul olunub. Gündəlikdə olan üçüncü məsələ "Psixiatriya yardımı haqqında" qanuna nəzərdə tutulan dəyişiklik idi. Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, deputat İlham Məmmədov məlumat verərək dedi ki, bu qanuna dəyişiklik də Ombudsmanın fəaliyyətinin səmərəliliyinin daha da artırılması ilə bağlıdır. Yəni bundan sonra Ombudsmana və yaradılmış Milli Preventiv Qrupa psixiatriya mərkəzləri və hauptvaxtlarada saxlanılan şəxslərlə birbaşa görüşmək səlahiyyəti verilir.

Sonra iclasda Seçki Məcəlləsi, İnzibati Prossesual Məcəllə və Mülki Məcəlləyə seçki prosesi ilə bağlı dəyişikliklər müzakirə edildi. Hər üç sənədə dəyişikliklə bağlı məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, dəyişikliyə əsasən, müvafiq seçki komissiyaları müvafiq seçki dairəsi üzrə qeydə alınmış namizədlər barədə məlumatları qeydiyyatdan sonra 24 saat müddətində kütləvi informasiya vasitələrinə təqdim etməlidirlər Xatırladaq ki, mövcud qanunvericilikdə bu müddət 48 saat müəyyən edilib.

Daha sonra iclasda "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarını bu qanuna uyğunlaşdırmaq üçün 14 qanun layihəsinə nəzərdə tutulan dəyişikliklər müzakirə edildi.  Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev bildirdi ki, "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunun tətbiqi ilə əlaqədar Meşə Məcəlləsində, Torpaq Məcəlləsində, Mülki Məcəllədə, İnzibati Xətalar, Vergi və Mənzil məcəllələrində, habelə "Qiymətləndirmə fəaliyyəti haqqında", "Torpaq icarəsi haqqında", "Torpaq bazarı haqqında", "Su təchizatı və tullantı suları haqqında", "Avtomobil yolları haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Dövlət rüsumu haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunlarda dəyişikliklər edilməsi qərara alınıb.

Onun sözlərinə görə, torpaq münasibətlərini tənzimləyən maddələrdə ediləcək dəyişikliklər mövcud qanunvericilikdəki boşluqların aradan qaldırılmasına təminat verəcək, əhalinin mülkiyyət hüququnun daha yaxşı müdafiə olunmasına xidmət edəcək.

Müzakirələrdə çıxış edən deputatlar Vahid Əhmədov, Əli Məsimli, Elmira Axundova, İlyas İsmayılov, Xanhüseyn Kazımlı, Fazil Mustafa və Bəxtiyar Əliyev qanunlara edilən dəyişikliklərə münasibət bildirərək vətəndaşların hüquqlarının qorunması istiqamətində görülən işləri müsbət qiymətləndirdilər. İclasın sonunda qanun layihələri və məcəllələrə edilən dəyişikliklər qəbul edildi.

Fasilədən sonra Milli Məclis öz işini davam etdirdi. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Torpaq icarəsi haqqında", "Torpaq bazarı haqqında", "Su təchizatı və tullantı suları haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Dövlət rüsumu haqqında" və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklikər edilməsinə dair məsələlər təsdiq olundu.

Daha sonra Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə qanun layihəsini müzakirəyə təqdim etdi. Qısa müzakirədən sonra qanun layihəsi qəbul olundu.  Əli Hüseynlinin məlumatından sonra deputatlar "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa təkif olunan dəyişikliklərə müsbət münasibət bildirdilər.

İclasda son olaraq "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarıldı. Bu məsələ ilə bağlı məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli dedi ki, "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklərlə bağlı işlər 2004-cü ildən başlayıb. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai - siyasi məsələlər şöbəsi bu mövzuda bir neçə dəfə dinləmələr təşkil edib. Bu məsələdə ATƏT-in Bakı ofisi ilə əməkdaşlıq edilib. Hazırlanmış layihə Avropa Şurasının Venesiya Komissiyasında da müzakirə olunub. Venesiya Komissiyası 2011-ci ilin dekabr ayında təkliflərlə bağlı rəy verib.

Ə.Hüseynlinin sözlərinə görə, təqdim olunmuş bu layihə yüksək peşəkarlıqla hazırlanıb. Bir çox təkliflər olunmuşdu, nəticə etibarilə müzakirəyə çıxarılmış əlavə və dəyişikliklərin əsas mahiyyəti siyasi partiyaların maliyyələşdirilməsi ilə bağlıdır. Siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi çox fundamental məsələdir. İkinci tərəfdən bu, siyasi partiyaların fəaliyyətinin şəffaflığına xidmət edir. Ona görə də fərqli yanaşmaların olmasına baxmayaraq, dövlət tərəfindən siyasi partiyaların maliyyələşdirilməsi dövlətçilik baxımından çox ciddi əhəmiyyət kəsb edir.

Əli Hüseynli onu da bildirdi ki, layihənin bir neçə gün əvvəl parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəsi zamanı maraqlı təkliflər səsləndirilmişdi. Həmin təkliflər ümumiləşdirilərək qanunvericilik təşəbbüsü subyektinə təqdim olunub və əksəriyyəti nəzərə alınıb. Hazırda qanun layihəsinin deputatların müzakirəsinə təqdim olunan variantı komitə iclasında müzakirə olunan variantdan fərqlənir.

Əli Hüseynli komitə iclasından sonra layihəyə edilmiş dəyişikliklər barədə ətraflı məlumat verdi.

Qeyd edək ki, siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi ilə əlaqədar qanuna ediləcək əlavəyə görə, dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş son seçkilərdə etibarlı səslərin ən azı 3 faizini qazanmış, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatların sayına proporsional olaraq bölünür.

Müzakirələr zamanı deputatlardan Fazil Mustafa qanun layihəsini yüksək qiymətləndirdi. Qeyd etdi ki, belə bir qanun layihəsinin müzakirəyə çıxarılması Azərbaycan hakimiyyətinin siyasi islahatların həyata keçirilməsində maraqlı olduğunu göstərir.

Qanun layihəsinin komitə iclasından sonra mətbuatda da geniş ictimai müzakirə olunduğunu deyən deputat Mübariz Qurbanlının sözlərinə görə, bu müzakirələrdə də sözügedən dəyişikliklərin zəruri və əhəmiyyətli olduğu qeyd edilib. Mübariz Qurbanlı bildirdi ki, Azərbaycanın siyasi həyatındakı mövqeyinə, indiyədək keçirilmiş seçkilərdə topladığı səslərə rəğmən Yeni Azərbaycan Partiyasının ayrılacaq vəsaitin daha çox hissəsinə haqqı çatmasına baxmayaraq, YAP dəyişiklikləri dəstəkləyir. Mübariz Qurbanlı onu da əlavə etdi ki, YAP hər il maliyyə hesabatı verir. Qanunvericiliyə görə siyasi partiyalar ildə bir dəfədən az olmayaraq gəlirləri və xərcləri, bütövlükdə maliyyə durumu  barədə hesabat verməlidir. Lakin indiyə qədər Yeni Azərbaycan Partiyasından başqa heç bir partiya maliyyə hesabatı verməyib. Bu mənada "Siyasi partiyalar haqqında" qanuna təklif olunan düzəlişlərin qüvvəyə minməsi maliyyə şəffaflığına da yol açacaq.

Deputat İlyas İsmayılov partiyaların dövlət tərəfindən maliyyələşdirilməsini təqdirəlayiq hesab etdi. Bildirdi ki, bu, partiyaların səmərəli fəaliyyətinə böyük təkan verəcək.

Belə bir məsələnin müzakirəyə çıxarılmasını təqdir edən deputat Fəzail Ağamalı qanun layihəsinin təkmil olduğunu bildirməklə yanaşı, təkliflərini də diqqətə çatdırdı.

Deputat Aydın Mirzəzadənin edilən dəyişikliklərdən sonra sözügedən qanunun ciddi dəyişdiyini dedi, sənəddəki 4,5,6 və 18-ci maddələrlə bağlı təkliflərini diqqətə çatdırdı.

"Siyasi partiyalar haqqında" qanuna nəzərdə tutulan dəyişikliklərin özündə iki başlıca məziyyəti birləşdirdiyini deyən deputat Əli Əhmədovun sözlərinə görə, bunun biri siyasi islahatların davam etdirilməsi ilə əlaqədardır: "Bu dəyişikliklər ölkəmizdə siyasi sistemin daha da təkmilləşdirilməsinə, siyasi partiyaların rolunun əhəmiyyətinin artırılmasına xidmət edəcəkdir. Beləliklə də siyasi partiyalar daha sivil və səmərəli, ictimai dəstəyi qazanmaq imkanı yaradan formada fəaliyyət göstərə biləcəklər".

Əli Əhmədov dedi ki, qanuna dəyişikliklərin ikinci məziyyəti partiyaların dövlət tərəfindən maliyyə dəstəyi alması ilə əlaqədardır: "Həm siyasi islahatların davam etdirilməsi, həm siyasi partiyaların cəmiyyətdəki rolunun  artırılması baxımından dövlət tərəfindən partiyalara maliyyə dəstəyinin göstərilməsi mühüm əhəmiyyət kəsb edir. Bu zaman çox vacib bir məqam ortaya çıxır ki, bu dəstək hansı prinsiplər, meyarlarmotivasiya əsasında reallaşmalıdır. Dünya təcrübəsi ondan çıxış edir ki, bütövlükdə bu zaman əsas meyar olaraq partiyaların ictimai dəstəyi və etimadı əsas götürülür. Bu meyara istinad edərək dövlət partiyaların maliyyələşdirilməsi məsələsini həll edir. Mən qətiyyətlə qəbul edə bilmərəm ki, partiyaların dövlət tərəfindən maliyyələşməsinə ünvanlı sosial yardım kimi yanaşılsın. Belə yanaşma prinsip etibarilə partiyalara dövlət yardımının mahiyyətini kökündən təhrif etmiş olur. Təbii ki, istənilən maddi yardımda ilkin motivasiya elə maddi yardımın göstərilməsindən ibarətdir. İkinci motivasiya bu yardımın hansı prinsiplər əsasında olmasından ibarətdir. Bərabərləşdirici bir prinsip özünü tarixdə doğrultmayıb. Digər tərəfdən, sosial yardım prinsipindən yanaşılsa, bu, həm ədalət baxımından, həm də qarşıya qoyulmuş məqsədlərə çatılması baxımından özünü doğrulda bilməz. Ona görə dünyada ictimai etimadyaxud fəaliyyətin səmərəliliyi baxımından yanaşmaq qəbul olunub. Ən çox tətbiq olunan yanaşma parlamentdə partiyaların təmsilçiliyinə görədir. Hazırkı müzakirə olunan qanun layihəsində bu prinsip müəyyən dərəcədə öz əksini tapıb".

Əli Əhmədov qeyd etdi ki, hazırda Milli Məclisdə partiyaları təmsil edən 84 deputatın 71-i Yeni Azərbaycan Partiyasının üzvüdür. Yəni YAP-ın bu kəsimdə təmsilçilik dərəcəsi 84,5 faizdir. Təklif olunan dövlət yardımının paylanması prinsipi əsasında isə YAP-a 44,6 faiz vəsait düşür. Bu qanun layihəsində məqsəd kompromis bir variantın ortaya qoyulmasıdır ki, bu da Milli Məclisdə təmsil olunan və bəzi hallarda təmsil olunmayan bir sıra partiyaların da maliyyə cəhətdən dəstəklənməsində dövlətin iştirak etməsindən ibarətdir. Təbii ki, bu dəstək YAP-a veriləcək dəstəyin hesabına olur. "Biz prinsip etibarilə bunu qəbul edirik. Amma biz bunu qəbul ediriksə, bizim opponentlərimiz də bunu məhz bu cür qəbul etməlidirlər və o prinsiplə yanaşmamalıdırlar ki, dövlət tərəfindən yardım sosial yardım prinsipi əsasında edilsin" - deyə Əli Əhmədov bildirdi.

Deputat Siyavuş Novruzovun sözlərinə görə, bu dəyişikliklərdən sonra "Siyasi partiyalar haqqında" qanun KonstitusiyayaSeçki Məcəlləsinə uyğunlaşacaq. Siyavuş Novruzov partiyanın təsis olunması, ləğvi və digər məsələlərlə də bağlı qənaətlərini bölüşdü.

Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov da qanuna təklif olunan dəyişiklikləri yüksək qiymətləndirdi. Qeyd etdi ki, küçə müxalifətçiliyindən sivil müxalifətçiliyə keçməyin vaxtı çatıb və bundan xalq da, dövlət də udar.

Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, deputatlardan Xanhüseyn Kazımlı, Sahib Alıyev, İqbal Ağazadə, Fərəc Quliyev də layihə ilə bağlı fikir və təkliflərini bildirdilər. 

Müzakirələrin yekununda qanun layihəsi qəbul olundu.

 

 

Azərbaycan.- 2012.- 21 aprel.- S. 2.