Milli Olimpiya Komitəsi və "Procter&Gamble" şirkəti arasında "Məğrur tərəfdaşlıq" Sazişi imzalanmışdır

 

 Aprelin 20-də Bakıdakı "Hyatt Regency" mehmanxanasında Milli Olimpiya Komitəsi (MOK) və "Procter&Gamble" (P&G) şirkəti arasında "Məğrur tərəfdaşlıq" Sazişi imzalanmışdır.

AzərTAc xəbər verir ki, "P&G"nin Qafqaz ölkələri üzrə Baş direktoru Kaan Baral şirkətin fəaliyyəti barədə məlumat vermiş, sazişin əhəmiyyətini vurğulamış və Azərbaycanda Olimpiya hərəkatının inkişafında şirkətin iştirakının əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, bu gündən MOK və "P&G" məğrur tərəfdaşdırlar. Əməkdaşlıq çərçivəsində birgə bir neçə mərhələdən və istiqamətdən ibarət Fəaliyyət Planı hazırlanacaqdır. İlk növbədə, uşaqlar və gənc nəsil arasında idmanın inkişafına töhfə məqsədilə şirkət tərəfindən "Təşəkkür edirəm, ana!" kampaniyasına start veriləcəkdir. Kampaniya çərçivəsində 10-16 yaşlar arasında 50 nəfər Olimpiya komplekslərinin birində təşkil olunacaq bir həftəlik Gənclər Yay İdman Düşərgəsində iştirak edəcək. Onlara bu müddət ərzində sağlam həyat tərzi və Olimpiya dəyərləri haqqında biliklər aşılanacaqdır.

Beynəlxalq Olimpiya Komitəsi ilə "P&G" arasında 2020-ci ilədək sponsorluq müqaviləsinin imzalandığını diqqətə çatdıran K.Baral bildirmişdir ki, MOK-la tərəfdaşlığın əsas komponentlərindən biri də "Proud sponsors of Moms" proqramının həyata keçirilməsidir. Azərbaycan Milli Olimpiya komandasına daxil olmuş idmançıların anaları, idmanın inkişafına dəstək və övladları ilə həmrəy olduqlarını bildirmək məqsədilə "P&G" tərəfindən müxtəlif hədiyyələr alacaqlar. Rəmzi olaraq bir idmançının anası London Yay Olimpiya Oyunlarına göndəriləcək və o, mötəbər yarışı canlı izləyəcəkdir.

K.Baral uşaqlar və gənclər arasında sağlam həyat tərzinin, həmçinin gənc qızlar və oğlanların idman növlərindən bərabər qaydada yararlanmaq hüquqlarının təbliği məqsədilə digər "Olimpiya Yol Yürüşünün" layihəsinin təşkilini də diqqətə çatdırmışdır.

"P&G"nin rəsmisi vurğulamışdır ki, layihə çərçivəsində tanınmış idmançılardan, məşqçilərdən, incəsənət ustaları və jurnalistlərdən ibarət heyətlə yürüş təşkil olunacaqdır. İki müxtəlif marşrut üzrə hərəkət edəcək avtobuslar 5 gün ərzində Azərbaycanın 9 şəhərindən keçəcək və yürüşün 2012-ci ilin gənclər şəhəri elan olunmuş Gəncədə yekunlaşdırılması nəzərdə tutulmuşdur.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan idmançılarının qazandığı uğurlardan danışmış, ölkəmizin London Yay Olimpiya Oyunlarında geniş heyətlə təmsil olunacağını və komandamızın yarışda uğurla iştirak edəcəyinə inandığını bildirmişdir. Qeyd etmişdir ki, "P&G"nin Beynəlxalq Olimpiya Komitəsi ilə imzaladığı sponsorluq müddəti ərzində 5 Olimpiya Oyunu keçiriləcəkdir. Bu yarışlarda "P&G" MOK-la sıx əməkdaşlıq edəcək və uğurların qazanılmasında bizə dəstək olacaqdır.

Birgə təşkil olunacaq "Olimpiya Yol Yürüşünün" əhəmiyyətini yüksək qiymətləndirən Ç.Hüseynzadə bu layihə vasitəsilə Olimpiya ideyalarını və olimpizmin təkcə paytaxtda deyil, bölgələrdə də təbliğinə imkan yaradacağını qeyd etmişdir. Əməkdaşlığın ölkəmizdə idmanın inkişafına tövhə verəcəyini bildirən MOK-un vitse-prezidenti keçiriləcək layihələrin davamlı və uğurlu olacağını bildirmişdir.

Sonra saziş imzalanmışdır. Sazişi MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və "Procter&Gamble" şirkətinin Qafqaz ölkələri üzrə Baş direktoru Kaan Baral imzalamışlar. Sonda sazişin imzalanması münasibəti ilə tort kəsilmişdir.

 

 

Azərbaycan.- 2012.- 21 aprel.- S. 5.