Azərbaycanla Küveyt arasında idman əlaqələri genişlənir

 

Gənclər və idman naziri Azad Rəhimov Küveyt Gənclər və İdman Komitəsinin sədri Veysəl Cəzzafın dəvəti ilə bu ölkədə rəsmi səfərdədir. Səfər iki ölkə arasında 2010-cu ildə Bakıda imzalanmış "Azərbaycan Respublikası hökuməti və Küveyt Dövləti hökuməti arasında gənclər və idman sahəsində əməkdaşlıq haqqında saziş" və ötən il Küveytdə bağlanmış "Azərbaycanla Küveyt arasında əməkdaşlıq üzrə birgə komissiyanın birinci iclasının protokolu" əsasında həyata keçirilir.

Nazirliyin mətbuat katibi Səmayə Məmmədovanın verdiyi məlumata görə, nazir Azad Rəhimov və Küveyt Gənclər və İdman Komitəsinin sədri Veysəl Cəzzaf arasında geniş müzakirələr aparılmışdır. Sonra KİV nümayəndələri üçün mətbuat konfransı keçirilmişdir.

A.Rəhimov çıxışında Küveytə səfəri zamanı bu ölkədəki idman kompleksləri, müxtəlif idman federasiyalarının fəaliyyəti ilə yaxından tanış olduğunu, qarşılıqlı əməkdaşlığın daha da sürətli inkişaf perspektivləri ətrafında səmərəli fikir mübadiləsi aparıldığını bildirmişdir. Nazir Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına və gənclər siyasətinə xüsusi önəm verdiyini bildirərək jurnalistlərə Azərbaycandakı çoxsaylı idman kompleksləri barədə məlumat vermişdir. Məhz bu böyük potensiala əsaslanaraq Bakı 2020-ci il Olimpiya Oyunlarını təşkil etmək üçün namizədliyini irəli sürmüşdür.

Öz növbəsində Veysəl Cəzzaf ölkəmizə rəsmi səfəri zamanı gənclər və idman sahələrinə dövlət səviyyəsində göstərilən diqqətin, Küveyt Gənclər Təşkilatının üzvlərinə və küveytli idmançılara hər cür şəraitin yaradıldığının, Azərbaycan xalqının qonaqpərvərliyinin əyani şahidi olduğunu söyləmişdir.

Qeyd edək ki, səfər çərçivəsində nazir Küveytin müxtəlif idman növləri federasiyalarının rəhbərləri ilə görüşəcək, həmçinin "Ərəb üzgüçülük klubu" və "Bəyan" nümunəvi idman kompleksləri ilə tanış olacaq.

 

 

Rizvan CƏFƏROV

 

Azərbaycan.- 2012.- 21 aprel.- S. 8.