Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin yaradılmasının ildönümü münasibəti ilə Pekində "dəyirmi masa" keçirilmişdir

 

 Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası (ÇXR) arasında diplomatik əlaqələrin yaranmasının 20-ci ildönümü münasibəti ilə Pekində "dəyirmi masa" təşkil edilmişdir.

Çin Sosial Elmlər Akademiyasının binasında təşkil olunan tədbirdə Çinin Xarici İşlər Nazirliyinin, digər dövlət qurumları nümayəndələri, akademiyanın elmi işçiləri, Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan səfirliyinin təşkil etdiyi fotosərgi ilə tanış oldular. Sərgidə nümayiş olunan fotoşəkillərdə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Çinə səfərləri, ikitərəfli münasibətlərimizə aid görüşlər, habelə Azərbaycanın memarlıq abidələri, turizm potensialı və təbiət mənzərələri, Bakının müasir inkişafı əks olunmuşdur.

Çin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun direktor müavini Li Cinfenq tədbiri açaraq bildirmişdir ki, Azərbaycanın Pekindəki səfirliyi ilə birgə təşkil olunan "dəyirmi masa"nın keçirilməsi böyük əhəmiyyət kəsb edir. Bu cür tədbirlər iki ölkə arasında dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verməklə yanaşı, həm də elmi tədqiqat mərkəzləri, habelə Çin Sosial Elmlər Akademiyası ilə Azərbaycan səfirliyi arasında əməkdaşlığın inkişafına da müsbət təsir göstərir.

Xalqlarımız arasında əlaqələrin böyük tarixi olduğunu qeyd edən ölkəmizin ÇXR-dəki səfiri Lətif Qəndilov demişdir ki, bu münasibətlər Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa edəndən sonra yeni müstəviyə daxil olmuşdur. Bu əlaqələrin inkişafında ulu öndər Heydər Əliyevin 1994-cü ildə Çinə səfəri böyük rol oynamışdır. Həmin səfər zamanı əməkdaşlığın hüquqi bazası yaradılmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci və 2008-ci illərdə Çinə səfərləri də əlaqələrimizin inkişafına böyük töhfə vermişdir.

Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu söyləyən səfir L.Qəndilov demişdir ki, Azərbaycan ilə Çin beynəlxalq müstəvidə də bir-birini dəstəkləyir. Çin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini, Azərbaycan isə "Vahid Çin" siyasətini dəstələyir. Bundan başqa, ÇXR Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinə də dəstəyini göstərmişdir.

Azərbaycan ilə Çin arasında iqtisadi əlaqələrə toxunan səfir L.Qəndilov bildirmişdir ki, ötən müddətdə bu sahədə xeyli irəliləyiş müşahidə olunmuş, ticarət dövriyyəsi 1 milyard ABŞ dollarını ötmüşdür. Çin şirkətlərinin Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlandığını vurğulayan Lətif Qəndilov iqtisadi əlaqələrin genişlənməsində hökumətlərarası komissiyanın da rolunun böyük olduğunu demişdir.

Ölkəmizin qədim sivilizasiyaların qovuşduğu məkan olduğunu xatırladan Çin Xarici İşlər Nazirliyinin məsul əməkdaşı Su Fanqçyu demişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra görkəmli dövlət xadimi Heydər Əliyevin siyasəti sayəsində böyük nailiyyətlər qazanmış, beynəlxalq aləmdə layiqli yerini tutmuşdur.

Çinin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu qeyd edən Su Fanqçyu Azərbaycanın Çinin Qafqazda vacib tərəfdaşı olduğunu diqqətə çatdırmış, ÇXR-in Azərbaycanın uğurlarına sevindiyini, siyasi etimadın daha da dərinləşməsi, müxtəlif sahələrdə əməkdaşlığın və ənənəvi dostluq əlaqələrinin möhkəmlənməsində maraqlı olduğunu bildirmişdir.

"Dəyirmi masa"da Çin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun tədqiqatçısı xanım Gao Huyronq və ÇXR Dövlət Şurasının İnkişaf Araşdırmaları Mərkəzinin nümayəndəsi xanım Yanq Sianqhonq  məruzələrlə çıxış etmişlər.

 

 

 Şahin CƏFƏROV

 

Azərbaycan.- 2012.- 24 aprel.- S. 8.