Əməli, işgüzar söhbətlər

 

Göygöl rayonunda səyyar qəbullar maraqlı və məzmunlu keçir

 

 Sarısu kəndi Göygölün ucqar yaşayış məntəqələrindən biridir. Rayon mərkəzindən təqribən qırx kilometr uzaqda, dağların qoynunda yerləşir. Bir zaman şəraiti heç də yaxşı deyildi. Son vaxtlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar Sarısuda da xeyli abadlıq və quruculuq işləri görülüb.

Bəs indi əhalinin günü-güzəranı necədir? Tələb və ehtiyacları, arzu və istəkləri?.. Bu sualların araşdırılması üçün rayon icra hakimiyyətinin növbəti səyyar qəbulu Sarısu kəndində keçirildi. Qonşu QuşçuQarabulaq kəndlərindən də xeyli adam gəlmişdi. İcra nümayəndəsi İsmayıl Əliyev məlumat verdi ki, son vaxtlarda əhalinin həyat şəraitinin yaxşılaşdırılması üçün bu yerlərdə xeyli görülüb. Çaykənd körpüsü sahmana salınıb. Yollar təmir olunub, evlərə telefon çəkilib. Əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün işıq dirəkləri təzələnib, yeni transformator qoyulub. Məktəb binası, mədəniyyət evi, həkim məntəqəsi, poçt şöbəsi əsaslı təmir olunub. Kəndə müntəzəm surətdə avtobus işləyir.

Əhali əsasən əkin-biçinlə məşğuldur. Bağı-bağatı çoxdur. Fərdi təsərrüfatlarda kartof, taxıl, yonca əkilir. Mal-qara saxlanılır. Bu yerlərin səfalı təbiəti arıçılıq üçün çox əlverişlidir. Odur ki, Sarısu balı hər yanda tanınır.

İcra nümayəndəsi qonşu Quşçu, Qarabulaq kəndlərində də görülən işlər barədə məlumat verdi. Sonra sual-cavab başlandı. Təqaüdçü Qüdrət Hüseynov və məktəbin direktoru Valeh Quliyev çıxış edərək imkan daxilində yollara asfalt döşənməsini xahiş etdilər. Digər çıxış edənlər kənddə işıq, rabitə, nəqliyyat problemlərinin olmadığını söyləyərək yalnız bölgəyə qaz çəkilməsinin vacibliyini vurğuladılar. Sakinlərə bildirildi ki, regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında bu məsələ nəzərdə tutulub və yəqin ki, yaxın vaxtlarda onların tələbi yerinə yetiriləcəkdir. Təqaüdçü Ələs Verdiyev müalicəyə ehtiyacı olduğunu söylədi. Bununla bağlı rayon mərkəzi xəstəxanasına göstəriş verildi.

Əməli, işgüzar şəraitdə keçən söhbət zamanı Göygöl rayonunda və ümumən respublikada görülən genişmiqyaslı abadlıq və quruculuq işlərindən ətraflı  söhbət açıldı. Elə çıxışlardan da görünürdü ki, adamlar  ölkənin həyatı ilə ürəkdən maraqlanırlar. Onlar ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin gördüyü misilsiz işlərdən danışdılar. Xüsusən son vaxtlarda Xocalı soyqırımının dünya miqyasında tanınması, bir-birindən dəyərli layihələrin icrası hamının qəlbindən xəbər verirdi. Natiqlər böyük maraqla gözlənilən "Eurovision"un uğurla keçəcəyindən əmin olduqlarını və ölkəni bürüyən quruculuq işləri ilə fəxr elədiklərini söylədilər.

Son vaxtlarda rayonda gözəl ənənə yaranıb. Əhalinin müxtəlif təbəqələri ilə əlaqə-ünsiyyət getdikcə genişlənir. Vətəndaşları qəbul edən, ərizə şikayətlərə baxan operativ qruplar fəaliyyət göstərir. Müntəzəm surətdə səyyar qəbullar, sual-cavab saatları, açıq mikrofon görüşləri keçirilir. Vaxtaşırı icra nümayəndələrinin, bələdiyyələrin, ayrı-ayrı idarə müəssisə başçılarının hesabatları dinlənilir, tənqidi qeydlərə, irəli sürülən təkliflərə, arzu istəklərə əməl olunur.

Rayon icra hakimiyyətinin başçısı Arif Seyidov rayonda görülən abadlıq quruculuq işləri barədə məlumat verdi. Qeyd olundu ki, iqtisadiyyatın inkişafı ilə yanaşı sosial problemlərin həllinə daim diqqət yetirilir. Keçən ilin sonunda Yeni Qızılca kəndində müasir məktəb binası istifadəyə verilib. Hazırda Quşqara, Qızılca, FiruzabadZurnaabad kəndlərində yeni məktəb binaları inşa olunur. Son bir il ərzində Hacıməlik qəsəbəsində, Mollacəlilli və Balçılı kəndlərində poçt şöbələri üçün binalar tikilib.

Səyyar görüşlərdə sakinlərin irəli sürdükləri təkliflərə əsasən "8 Mart" uşaq bağçası, Çaykənd sahə xəstəxanası, Toğanalı, Çaylı, Haçaqaya məktəbləri, Quşçu mədəniyyət evi əsaslı təmir olunub. Əhalinin arzu və təkliflərinə əsasən yol təsərrüfatına da xüsusi diqqət yetirilir. Göygöl-Mollacəlilli avtomobil yolu, habelə Göygöl-Hacıkənd yolunun xeyli hissəsi genişləndirilib. Bakı-Qazax magistral yolunun Göygölün ərazisindən keçən 36 kilometrlik hissəsində tikinti işləri davam edir.

Şəhərin su təchizatı və kanalizasiya sistemi yenidən qurulur. Kürəkçaydan rayonun mərkəzinə 25 kilometrlik magistral su kəməri gəlir. Hazırda şəhərdaxili su xətləri çəkilir, təmizləyici qurğular inşa olunur. Cari ilin isti yay aylarına kimi Toğanalı, Çaykənd, Yeni Zod, Mixaylovka, Göyçəkənd və Aşıqlı kəndlərinə içməli su verilməsi gözlənilir.

Görüş iştirakçıları dedilər ki, bu cür səyyar qəbullar tez-tez keçirilsin. Bu, icra orqanları ilə əhali arasında əlaqə-ünsiyyət yaradılmasının ən səmərəli formasıdır. Hər bir görüşdən sonra elə bil həmin bölgənin siması kökündən dəyişilir. Qəsəbələr, kəndlər tanınmaz olur. Səyyar qəbul zamanı qərara alındı ki, yazın gəlişi ilə əlaqədar olaraq yollar boyunca ağacların əkilməsi və mövcud yaşıllığın mühafizəsi sahəsində sistemli işlər görülsün.

Sarısu və Quşçu kəndlərindəki səyyar qəbulda Prezident Administrasiyasının məsul işçisi Rüfət Əliyev iştirak etmişdir.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2012.- 24 aprel.- S. 8.