Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 89-cu ildönümünə həsr edilmiş konfrans-sərgi açılmışdır

 

Aprelin 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında görkəmli oftalmoloq alim, ictimai xadim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 89-cu ildönümünə həsr edilmiş konfrans-sərgi açılmışdır.

AzərTAc xəbər verir ki, tədbirdə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli və filologiya elmləri doktoru, professor Gülşən Əliyeva görkəmli alim, akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolundan, tibb elminin inkişafındakı müstəsna xidmətlərindən, yüksək insani keyfiyyətlərindən danışmışlar.

Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuş Zərifə xanım Əliyeva çox zəngin həyat yolu keçmişdir. Zərifə xanım görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır.

Zərifə xanım Əliyeva müstəqil dövlətimizin banisi və yaradıcısı, böyük şəxsiyyət, ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı, etibarlı silahdaşı olmuşdur.

Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Tibb Universitetini bitirəndən sonra Moskva Həkimləri Təkmilləşdirmə İnstitutunda təhsil almışdır. 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi əmək fəaliyyətinə başlamış və bütün ömrünü oftalmologiyaya həsr etmişdir. 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Qayğıkeş insan, təcrübəli həkim kimi bütün həyatı boyu ona pənah gətirənlərin gözlərinə şəfa bəxş etmişdir.

Görkəmli alim malyariyatraxomaya qarşı fədakarlıqla mübarizə aparan atası Əziz Əliyevin yolunu uğurla davam etdirmiş, oftalmologiya elminə çox böyük töhfələr vermişdir. Zərifə Əliyeva gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsindəki bir sıra orijinal kəşflərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. O, keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim olmuşdur.

Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, onun fəaliyyətinə nəzər salarkən bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur. Zərifə xanımın fitri istedada malik novator alim, paknadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillikmüdriklik məktəbidir. Onun elmi, tibbipedaqoji fəaliyyəti, hər kəs üçün örnək olan yüksək mənəvi keyfiyyəti haqqında çoxsaylı məqalə, kitab və əsərlər yazılıb və yazılacaqdır. Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.

Akademik Zərifə xanım Əliyeva oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparmış, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf etmiş, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının axtarılması yollarında dəyərli elmi tədqiqatlar aparmışdır.

Vurğulanmışdır ki, Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva təbabətdə öz dəst-xətti olan novator alim olmuşdur. O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməmiş, yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsi və oftalmoloq həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirmişdir.

Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim olmuşdur.

Qeyd edilmişdir ki, Zərifə xanım Əliyeva olduqca qayğıkeş və mehriban bir ana kimi də tarixə düşmüşdür. O, ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin anasıdır.

Tədbir iştirakçıları akademik Zərifə xanım Əliyevanın nurlu xatirəsinin ürəklərdə əbədi yaşayacağını bildirmişlər.

Sonra konfransın iştirakçıları sərgi ilə tanış olmuşlar.

Sərgidə görkəmli alimin əsərləri, onun həyat və fəaliyyətini əks etdirən 150-dək müxtəlif dillərdə kitab və digər nəşrlər, həmçinin fotoşəkillər nümayiş etdirilir.

Sərgi 15 gün davam edəcəkdir.

 

 

Azərbaycan.- 2012.- 25 aprel.- S. 3.