Berlində Xocalı soyqırımına həsr olunmuş "Pozulmuş sülh" cizgi filminin təqdimatı olmuşdur

 

Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin dəstəyi ilə Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzində (AAƏM) Xocalı faciəsinə həsr olunmuş "Pozulmuş sülh" cizgi filmi təqdim edilmişdir.  Təqdimat Berlində yaşayan həmvətənimiz rəssam və rejissor Məsud Pənahinin yaradıcılığına həsr olunmuş "Sənətin sevincli-kədərli səhnələri" adlı tədbir çərçivəsində keçirilmişdir.

AAƏM-in icraçı direktoru Samira Patzer-İsmailova tədbirin animasiya sənətinə həsr edildiyini bildirmiş və qonaqlara Azərbaycanda animasiya sənətinin inkişafı barədə məlumat vermişdir.

Səfirliyin birinci müşaviri Rizvan Nəbiyev Azərbaycanın mədəniyyəti və incəsənəti haqqında qonaqlara məlumat vermişdir. O, Azərbaycan incəsənəti haqqında alman mətbuatında demək olar ki, heç bir məlumat verilmədiyini, əksinə, Azərbaycana qarşı qərəzli və birtərəfli yazıların sayının çoxaldığını təəssüflə qeyd etmişdir. Məsud Pənahinin yaradıcılığından danışan diplomat hər bir ölkənin tanıdılmasında mədəniyyətin, incəsənətin əsas vasitə olduğunu vurğulamış, mədəniyyət işçilərinin bu işdə dəstəklənməsinin vacibliyini vurğulamışdır.

Samira Patzer-İsmailova filmin yaranma tarixindən, Məsud Pənahinin təşəbbüsü və yaradıcı fəallığından, Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin və AAƏM-in bu sənət əsərinin ərsəyə gəlməsində rolundan danışmışdır. Filmin Azərbaycan səfirliyinin dəstəyi ilə ilk dəfə Berlində, Xocalı soyqırımının 20 illiyinə həsr edilmiş "Xocalı həftəsi" çərçivəsində nümayiş etdirildiyini bildirmişdir.

Filmin rejissoru Məsud Pənahi film üzərində aparılan işlərdən danışmışdır. Daha sonra "Pozulmuş sülh" cizgi filmi nümayiş etdirilmişdir.

Tədbirdə rejissorun "Qız qalası" və onun şagirdlərinin çəkdiyi "İki cəngavər" cizgi filmləri nümayiş olunmuşdur.

Tədbir iştirakçılarına Məsud Pənahinin yaradıcılığında əsas rol oynayan "Tıq-tıq xanım" cizgi filmi haqqında sənədli film təqdim edilmiş və rejissor bu film haqqında qonaqlara geniş məlumat vermişdir.

Filmin nümayişindən sonra rejissor tədbir iştirakçılarının suallarını cavablandırmışdır.

Tədbirdə Alman ictimaiyyətinin nümayəndələri, Almaniyada fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin üzvləri, diaspor təmsilçiləri, azərbaycanlı tələbə və gənclər iştirak etmişlər.

 

 

Vüqar SEYİDOV

 

Azərbaycan.- 2012.- 25 aprel.- S. 6.