Azərbaycanın və Ukraynanın hərbi prokurorluq orqanları arasında əlaqələr genişlənir

 

Ölkəmizdə səfərdə olan Ukrayna Prokurorluğunun Hərbi Prokurorluqlar Baş İdarəsinin rəisi Yuri Viytevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyev ilə görüşmüşdür.

Hərbi Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Xanlar Vəliyev qonaqlara Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi üçün dövlət səviyyəsində görülən tədbirlərdən, prokurorluğun, o cümlədən Hərbi Prokurorluğun fəaliyyətini tənzimləyən hüquqi bazanın yaradılmasından, Azərbaycan Hərbi Prokurorluğunun tarixi, strukturu, fəaliyyət istiqamətləri ilə bağlı ətraflı məlumat vermişdir. Hərbi prokuror ölkəmizin Ukrayna ilə dostluq və əməkdaşlıq münasibətlərinin ildən-ilə inkişaf etdiyini bildirərək bunun iki ölkənin hüquq-mühafizə orqanları arasında əlaqələrin inkişafına yaxşı zəmin yaratdığını qeyd etmiş, bu əlaqələrin  dərinləşdirilməsi üçün böyük perspektivlər olduğunu və həmin imkandan maksimum yararlanmağın vacibliyini vurğulamışdır.

Respublikanın hərbi prokuroru Xanlar Vəliyev Ermənistanın Azərbaycana təcavüzü nəticəsində bir milyona yaxın qaçqın və məcburi köçkünün olduğunu, əsir düşmüş şəxslərə işgəncə verilməsi, terror və erməni silahlı qüvvələrinin digər cinayət əməlləri nəticəsində azərbaycanlıların soyqırımına məruz qaldığını, törədilmiş bu ağır cinayətlərin istintaqının Hərbi Prokurorluq tərəfindən aparıldığını bildirmişdir.

Yüksək qonaqpərvərliyə və ətraflı məlumata görə təşəkkürünü bildirən Yuri Viytev ölkələrimizin  hərbi prokurorluq orqanlarının maraqlarının təmin olunması sahəsində mühüm əhəmiyyət kəsb edən məsələlər ətrafında aparılan müzakirələrin nəticələrindən razı qaldığını,  dost Azərbaycana səfərindən xoş təəssüratlar aldığını vurğulamışdır.

Yuri Viytev Ukrayna ilə Azərbaycan, eləcə də müvafiq strukturlar arasındakı münasibətlərin bundan sonra daim inkişaf edəcəyini bildirərək ölkələrimizin hüquq- mühafizə orqanları ilə əlaqələrin daha da möhkəmlənməsi üçün qarşılıqlı səfərlərin həyata keçirilməsinin zəruriliyini qeyd etmişdir.

Ukrayna tərəfinin təmsilçiləri Azərbaycanın hərbi prokurorluq orqanları ilə hərtərəfli əməkdaşlıqda maraqlı olduqlarını, bilik və təcrübələrini bölüşməyə, öz işləri barədə tanışlıq üçün şərait yaratmağa hazır olduqlarını bildirmiş, bu görüşlərin ölkələrimizin hərbi prokurorluq orqanları arasında əməkdaşlığın inkişafına bir töhfə olacağına əminliklərini ifadə etmişlər.

Görüşdə Ukraynanın və Azərbaycanın hərbi prokurorluq orqanları üçün qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılmışdır.

Nümayəndə heyətinə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsini, azərbaycanlı əhalinin soyqırımına məruz qalmasını əks etdirən kitablarvideomateriallar təqdim olunmuşdur.

Ukrayna nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

 

 

Azərbaycan.- 2012.- 26 aprel.- S. 6.