Sumqayıtda görkəmli ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin anadan olmasının 104 illiyinə həsr edilmiş tədbir keçirilmişdir

 

 Aprelin 25-də Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında görkəmli ədəbiyyatşünas alim, yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 104 illiyinə həsr edilmiş tədbir keçirilmişdir. Onun xatirə günü üçün hazırlanmış ədəbi-bədii kompozisiya böyük pedaqoqun obrazını daha tam şəkildə açmış, yazıçının ədəbi yaradıcılığının səciyyəvi xüsusiyyətlərini dərk etməyə kömək göstərmişdir. Təqdim olunmuş proqram tədbir iştirakçılarının Mir Cəlal Paşayevin təmiz, ilhamlı və tam sağlam baxışlı aləmi ilə tanış olmasına imkan vermişdir.

Kinoxronika kadrları Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında əvəzsiz xidmətləri olan xeyirxah insan, görkəmli alim Mir Cəlal Paşayevin şanlı həyat səhifələrini canlandırmışdır. Teatrın aktyoru Qabil Xanlarovun ifasında səhnədə görkəmli nasir, müəllim, alim, Azərbaycan cəmiyyətinin layiqli üzvlərini tərbiyə etmiş gözəl ailə başçısının obrazı canlandırılmışdır.

Mir Cəlal ədəbiyyat aləminə öz şeirləri, sonra isə oçerk və hekayələri ilə gəlmiş, müəyyən vaxtdan sonra orijinal yaradıcılıq üslubuna malik yazıçı kimi tanınmışdır. Səhnədə əməkdar artist Namis Şirməmmədov Hüseyn Cavidin, əməkdar artist Nizaməddin Bağırov Məhəmməd Füzulinin obrazlarını yaratmışlar. Mir Cəlal öz namizədlik dissertasiyasını dahi Füzulinin yaradıcılığının tədqiqinə həsr etmişdir. Mir Cəlalın inqilabdan əvvəl sadə xalqın vətəndaş şüurunun formalaşmasını əks etdirən "Bir gəncin manifesti" romanından, real həyat mənzərələrini və fəlsəfi düşüncələri əks etdirən "İclas qurusu" və "Anket Anketov" hekayələrindən parçalar bu gün də çox aktualdır. Yazıçının yaratdığı əsərlər bütöv bir dövrün mənzərəsini əks etdirir.

Tədbirin hər bir iştirakçısı obrazlar qalereyasına nəzər salaraq Mir Cəlalı həyat həqiqətinə sadiq bir insan və peşəkar kimi tanımışdır. O, həqiqət və səmimilik carçısı olmuş, ideoloji konyunkturanın arxasınca getməmiş, yalnız öz vicdanının səsinə qulaq asaraq yazmışdır.

Tədbirdə Sumqayıt İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Milli Məclisin deputatı Hacı Salayev və başqaları iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 26 aprel.- S. 10.