Finlandiya Parlamentində Finlandiya-Azərbaycan dostluq qrupu yaradılmışdır

 

 Aprelin 25-də Finlandiya Respublikasının Parlamentində Finlandiya-Azərbaycan dostluq qrupu yaradılmışdır.

Azərbaycanın İsveçdəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, ölkəmizin İsveç, Norveç və Finlandiyadakı səfiri Rafael İbrahimov Finlandiya Parlamentində Finlandiya-Azərbaycan dostluq qrupunun yaradılması mərasimində iştirak etmişdir.

R.İbrahimov mərasimdə "Azərbaycan dövləti" mövzusunda məruzə ilə çıxış etmişdir. Səfir Azərbaycan xalqının zəngin mədəni irsi, müasir iqtisadi inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı iştirakçılara ətraflı məlumat vermişdir.  Azərbaycanlı diplomat daha sonra parlament üzvlərinin suallarını cavablandırmışdır.

Qeyd edək ki, qrupa 10 deputat daxildir. İclasda Milli Koalisiya Partiyasının üzvü, deputat Eero Lehtini qrupun sədri, Finlandiya Parlamentinin üzvü, Helsinki Universitetinin Aleksantere İnstitutunun münaqişələr üzrə tədqiqatçısı, xanım Elizabet Nokler isə sədr müavini seçilmişlər.

Mərasimdə həmçinin Azərbaycan və Finlandiya Parlamentləri arasında gələcək əməkdaşlıq da müzakirə olunmuşdur.

 

 

Azərbaycan.- 2012.- 26 aprel.- S. 10.