Azərbaycanda əqli mülkiyyət sahəsində islahatlar aparılır, qanunvericilik və normativ-hüquqi baza yeniləşdirilir

 

 AzərTAc xəbər verir ki, 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə "Park İnn-Azərbaycan" mehmanxanasında Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin (MHA) və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) birgə təşkilatçılığı ilə "Əqli mülkiyyət: gələcəyə baxış" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Mehmanxananın foyesində quraşdırılmış stenddə  MHA-nın fəaliyyətini əks etdirən kitab və broşürlər nümayiş olunurdu.

Tədbiri açan MHA-nın sədri professor Kamran İmanov bildirmişdir ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən elan edilmiş bu gün Azərbaycanda artıq 12 ildir qeyd olunur. Bu il Beynəlxalq Əqli Mülkiyyət Günü "Yenilikçi (novatorların) uzaqgörən xəyalpərəstliyi"  devizi altında keçirilir. Çünki hər bir böyük innovasiyanın arxasında insan tarixi dayanır, insanların arifliyi, axtarış marağı, uzaqgörənliyi və əzmkarlığı yeni üfüqlər və yollar açır. Çünki yenilikçilik və kreativlik, yaradıcılıq insanların təbii və ayrılmaz resurslarından bəhrələnir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, "müasir dünya sivilizasiyasının tərəqqisində insan kapitalı və intellekt yeni keyfiyyət amili kimi həlledici əhəmiyyət daşıyır. Hər bir dövləti rifah və yüksəlişə aparan yol elm və innovasiyalara əsaslanan inkişafdan keçir". Odur ki, dövlətimizin başçısının "Qara qızılı insan kapitalına çevirək" şüarı kreativliyə, yaradıcılığa və yenilikçiliyə verilən ən böyük dəstəkdir.

Son 20 ildə  əqli mülkiyyət fenomeni sürətlə inkişaf edərək, əqli fəaliyyət nəticələrinin, kreativliyin və innovasiyaçılığın stimullaşdırılmasında, investisiyaların yaradıcılığa və yenilikçiliyə cəlb edilməsində, intellektual məhsulların yayılmasında aparıcı amilə çevrilmişdir. Bunun başlıca səbəbi biliklərin və mədəniyyət funksiyalarının əsaslı şəkildə dəyişməsi nəticəsində əqli mülkiyyətin müxtəlif növ dəyərlərin yaradılmasında, ölkələrin iqtisadi inkişafının sürətləndirilməsində və informasiya cəmiyyətinin formalaşmasında güclü alət kimi çıxış etməsindədir.

Biliklərə əsaslanan yeni əsr iqtisadiyyatında əqli mülkiyyət və onda cəmlənən intellektual kapital əsas valyuta rolunda çıxış edir. Artıq əqli mülkiyyət aktivləri maddi aktivləri üstələyərək dünya iqtisadiyyatında yeni mərhələ yaratmışdır. "Betona və dəmirə əsaslanan iqtisadiyyat" biliklərə əsaslanan, rəqəmli, kreativ iqtisadiyyata çevrilmiş, bunların nəticəsində xüsusiyyətinə görə uzun illər kölgədə qalan əqli mülkiyyət fenomeni son illərdə ictimai diqqətin və təhlillərin nəzər nöqtəsinə çevrilmişdir. Əqli mülkiyyətin  dəyişmiş iqlimi isə hazırda ÜƏMT-yə üzv dövlətlərin diqqət mərkəzindədir və bu iqlimin idarə edilməsi prioritet istiqamətlərdən biridir. Əqli mülkiyyət mədəniyyətin aparıcı amili olduğu halda, vacib iqtisadi alətə və iqtisadi dövriyyənin elementinə çevrilməsi, informasiya cəmiyyətində informasiya texnologiyalarının dəstəklənməsi ilə yanaşı, müasir dövrdə əqli mülkiyyət hüquqlarının (ƏMH) təminatı milli irsin, milli özünəməxsusluğun və adət-ənənələrin yaradılmasının mühüm şərtinə çevrilir.

Azərbaycanın son illər sosial-iqtisadi planda sürətlə inkişaf etdiyini söyləyən Kamran İmanov bildirmişdir ki,  ölkəmizdə uğurla keçirilən islahatlar kreativ sənayenin ümumi daxili məhsulda (ÜDM) iqtisadi payının hesablanması zərurətini yaratmışdır. Agentlik tərəfindən beynəlxalq təcrübəyə əsaslanaraq yaradılmış metodika vasitəsilə müəyyən edilmişdir ki, bu pay ÜDM-in 4,5 faizini təşkil edir və 2004-cü illə müqayisədə 2 faiz çox artmışdır. Araşdırmalar göstərir ki, güclənən iqtisadiyyatın artımında yenilikçilik, innovasiya və kreativlik faktoru getdikcə yüksəlir. Belə ki, Solou davamlı iqtisadi artım modeli əsasında hesablamalar müəyyən edir ki, əgər 2004-cü ildəki beşillikdə Solou indeksi (insan kapitalı və biliklər) 7,2 faiz olmuşdursa, 2010-cu ilədək bu əmsal 13 faiz çox artaraq 20,6 faizədək yüksəlmişdir.

Tamamilə aydındır ki, belə bir yüksəlmə Prezident İlham Əliyev tərəfindən aparılan düşünülmüş siyasətin nəticəsidir. Belə ki, müasir mərhələdə yeni informasiya cəmiyyətinin inkişafından və "biliklərə əsaslanan iqtisadiyyat"dan irəli gələn tələblər nəzərə alınmaqla milli qanunvericiliyin təkmilləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Dövlətimizin başçısının müəyyən etdiyi strateji addımlara uyğun olaraq, elə şərait yaradılır ki, bu zaman yaradıcı şəxslərin cəmiyyətləri, novatorlar, biznesmenlər rəqabətə girə, maddi və qeyri-maddi nemətlər və iş yerləri yaradaraq uğur qazana bilir, vətəndaş cəmiyyətində əqli mülkiyyət mədəniyyəti formalaşdırılır və bunlar da vətəndaşların əqli mülkiyyətin ictimai nemətlərin yaradılmasındakı rolunu görməsinə yönəldilir. Prezident İlham Əliyevin səyləri və dəstəyi nəticəsində son illər sürətlə inkişaf edən, beynəlxalq fenomenə çevrilmiş və dəyişmiş iqlimin idarə edilməsinə yeni çağırışlar yaradan əqli mülkiyyət sahəsində müvafiq islahatlar aparılır, qanunvericilik və normativ-hüquqi baza yeniləşdirilir, sahənin idarəetmə sistemində funksiyalar təkmilləşdirilir, kadrların peşəkarlıq səviyyəsinin artırılmasına böyük diqqət yetirilir.

Qısa müddətdə Azərbaycanda müasir əqli mülkiyyət sisteminin yaradılması, dünyadakı yeni meyillərin izlənməsi və təhlili müsbət təcrübənin tətbiq edilməsi və mənfi tendensiyalara qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi ön plana çəkilmişdir. Xüsusən informasiya cəmiyyətində "biliklərə əsaslanan kreativ iqtisadiyyatda", rəqəmləşən müəllif-hüquq məkanında yaranmış vəziyyət diqqətlə öyrənilir və müvafiq təkliflər irəli sürülərək tənzimləyici sənədlərdə öz əksini tapır.

Yaxın gələcəkdə ÜƏMT tərəfindən folklor nümunələrinin və ənənəvi biliklərin qorunması haqqında sazişlərin qəbul edilməsini, Azərbaycan Respublikasının UNESCO-nun "Qeyri-maddi mədəni irsin qorunub saxlanması" Konvensiyasına qoşulmasını nəzərə alaraq, "Müəlliflik hüququ və əlaqəli hüquqlar" haqqında, "Azərbaycan folklor nümunələrinin hüquqi qorunması haqqında" qanunlara dəyişikliklər və əlavələr edilmiş, "Qeyri-maddi irsin qorunması" ilə bağlı yeni qərar layihəsi hökumətin təsdiqini gözləyir.  Azərbaycan Avropa İttifaqı (Aİ) ilə də geniş əlaqələr qurmuş, "Tvinninq" layihəsində iştirak edir.

Kamran İmanov diqqətə çatdırmışdır ki, son illər ölkədə piratlığa qarşı mübarizə daha da gücləndirilmiş, "Əqli mülkiyyət hüquqlarının təminatı və piratlıqla mübarizə haqqında" yeni qanunun qəbul olunması gözlənilir, müvafiq orqanların səyi nəticəsində bazardan pirat malların minlərlə nüsxələri çıxarılmışdır. Agentliyin nəzdində "960" nömrəli "Qaynar xətt" və "Hüquq məsləhətxanası" fəaliyyətdədir, Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi artıq işə başlayır. Ümumiyyətlə, müvafiq dövlət orqanları ilə birgə aparılmış işlər nəticəsində ölkəmizdə piratlığın səviyyəsi 2005-ci illə müqayisədə kitab nəşri sahəsində 61 faizdən 40 faizə, audio-video məhsulu bazarında 90 faizdən 70 faizə, proqram təminatında 96 faizdən 88 faizə endirilmişdir.

Agentlik tərəfindən müəlliflik hüququ və digər oxşar əqli mülkiyyət hüquqlarının inkişafı üzrə Uzunmüddətli milli strategiya hazırlanmış, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin səyləri nəticəsində strategiyanın sənaye mülkiyyəti üzrə hissəsi işlənmiş və hazırda bu iki hissənin birləşdirilmə işləri yekunlaşmaqdadır. Milli strategiya dövlətimizin milli maraqlarına və iqtisadi prioritetlərinə əsaslanaraq və beynəlxalq təcrübəni nəzərə alaraq işləmə vasitələri kimi sistemli analizi və proqnozlaşdırma nəzəriyyəsini istifadə edir.

SMPDK aparatının rəhbəri Əbülfət İmanov tədbirdə çıxış edərək demişdir ki, qurum patent sisteminin beynəlxalq tələblər səviyyəsində qurulması istiqamətində ÜƏMT ilə sıx əməkdaşlıq edir. Əməkdaşlıq əlaqələri nəticəsində komitə ilə Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi arasında "Əqli mülkiyyət hüquqlarının idarəetmə sisteminin avtomatlaşdırılmasına dair qrant razılaşması" imzalanmışdır. Bu layihə ölkədə süni qurulan "elektron hökumət" layihəsinə töhfə olacaqdır. Bu istiqamətdə daha bir addım komitədə Sənaye  Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzi - AzPatent-in yaradılmasıdır. Məqsəd əqli mülkiyyət obyektlərinin beynəlxalq tələblər səviyyəsində ekspertizasını həyata keçirmək, bu işlərdə operativliyi təmin etmək, müraciət edənlərə daha rahat və maneəsiz xidmətlər göstərməkdir.

Beynəlxalq konfransda MHA-nın sədri Kamran İmanovun "Əqli mülkiyyət və insan kapitalı", SMPDK-nın Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzi direktorunun vəzifəsini icra edən Miryaqub Seyidovun "Əqli mülkiyyət: nəticələr, inkişaf meyilləri", BDU-nun Hüquq fakültəsi dekanının müavini Gündüz Kərimovun "Azərbaycanda əqli mülkiyyət hüquqları sistemində innovasiya və yaradıcılıq" mövzusunda məruzələri dinlənilmiş, müzakirələr aparılmışdır.

Tədbirdə, həmçinin Tvinninq layihəsi üzrə ekspertlər - İspaniyanın Müəlliflər Cəmiyyətinin hüquq məsləhətçisi professor Sophie Valais və Yunanıstan Elmlər Akademiyasının fəxri üzvü, Soloniki Aristotel Universitetinin dekanı professor Lambros Kotsiris çıxış etmişlər.

Konfrans online rejimdə üç dildə (Azərbaycan, rus və ingilis dillərində), eləcə də Müəllif Hüquqları Agentliyinin www.copag.gov.az və day.az internet resursu vasitəsilə  dünyaya yayımlanmışdır.

 

 

Azərbaycan.- 2012.- 27 aprel.- S. 8.