Bakıelektrikşəbəkə ASC-də Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar seminar-müşavirə keçirilmişdir

 

Aprelin 26-da "Bakıelektrikşəbəkə" ASC Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar seminar-müşavirə keçirildi. Tədbiri giriş sözü ilə açan həmkarlar ittifaqı komitəsinin sədri

Ramiz Zeynalov bildirdi ki, hər il aprelin 28-i Ümumdünya Əməyin Mühafizəsi Günü kimi qeyd edilir. Bu ilin də devizi "Yaşıl iqtisadiyyat"a əməyin mühafizəsinin təşviqidir. Komitə sədri tədbirin gündəliyinə daxil olan məsələlər barədə məlumat verdikdən sonra müzakirələr başlandı.

"Bakıelektrikşəbəkə" ASC Əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsinin rəisi Əyyub Şəkərəliyev bildirdi ki, əməyin mühafizəsinin idarə edilməsində məqsəd əmək prosesində iştirak edən insanların təhlükəsizliyinin və iş qabiliyyətinin qorunmasının təmin olunmasından ibarətdir. "Bakıelektrikşəbəkə" ASC-nin 2006-cı il tarixdən fəaliyyətə başladığı dövrdən əməyin mühafizəsi və təhlükəsizlik texnikası işlərinin təşkili üçün işçilərin təhlükəsiz əmək şəraitində işləməsi və elektrik cərəyanından qorunması məqsədilə texniki qurğuların tətbiq edilməsi, qoruyucu və xəbərdarlıq edən qurğuların təşkil edilməsi, iş yerlərinin əməyin mühafizəsi tələblərinə uyğunlaşdırılması, sanitar-məişət üzrə texniki-normativ sənədlərin əldə edilməsi sahəsində mühüm işlər həyata keçirib.

Ə.Şəkərəliyevin sözlərinə görə, şöbənin mütəxəssisləri istehsalatda baş verən bədbəxt hadisələrin təhqiq olunmasında iştirak edir, onların uçotunu aparır, əməyin mühafizəsi üzrə müəyyən olunmuş formada hesabat hazırlayırlar. Elektrik qurğu və avadanlıqlarının vaxtında sınaqdan keçirilməsinə, qoruyucu vasitələrin və mühafizə qurğularının yoxlanılmasına, kollektiv mühafizə vasitələrinin sazlığına nəzarət həyata keçirilir. O, əlavə etdi ki, peşə xəstəliklərinin qarşısının alınması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları"nın tətbiq edilməsi haqqında 6 mart 2000-ci il tarixli qərarına əsasən iş yerləri əməyin mühafizəsi qaydalarına uyğun attestasiya olunmuş, zərərli işlərdə çalışan 22 peşə üzrə 537 işçiyə əlavə əməkhaqqı və əlavə məzuniyyət verilmişdir.

Dövlət Əmək Müfəttişliyinin baş mütəxəssisi, baş dövlət əmək müfəttişi Azər Zeynalov istehsalatda baş verən bədbəxt hadisələrin tədqiqi və qarşısının alınması üçün görülən tədbirlər barədə məruzə etdi. O bildirdi ki, Azərbaycan Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzvü olduqdan sonra bu sahədə qanunvericiliyi beynəlxalq qanunvericiliyə uyğunlaşdırmışdır. Belə ki, ölkəmiz adıçəkilən qurumun 90-dan artıq konvensiyasına qoşulmuşdur. A.Zeynalov bildirdi ki, Ümumdünya Əməyin Mühafizəsi Günü 2003-cü ildən bütün dünyada qeyd olunmağa başlamışdır. BƏT-in statistikasına əsasən, hər il istehsalatda 339 milyon bədbəxt hadisə baş verir ki, bunun da nəticəsində 2 milyon 300 mindən çox insan həlak olur. Bununla da dünya iqtisadiyyatında ÜDM 4 faiz həcmində itkiyə məruz qalır. Onun bildirdiyinə görə, Azərbaycanda 2011-ci ilin birinci rübünün yekunlarına əsasən istehsalatda 61 bədbəxt hadisə baş vermişdir. Cari ilin birinci rübünün yekunlarına görə isə, 41 nəfər istehsalat zamanı zərər çəkmişdir. A.Zeynalov qeyd etdi ki, qurum istehsalatın müxtəlif sahələri üzrə mütəmadi reydlər həyata keçirir, işəgötürənlərə icrası məcbur olan göstərişlər verir, təkrar nəzarəti həyata keçirir.

Yerli Sənaye və Kommunal-məişət Fəhlələrinin Respublika Həmkarlar İttifaqı Komitəsinin katibi İsmayıl İsmayılov, Texniki Departamentin baş mühəndisi Zakir Quliyev istehsalatda bədbəxt hadisələrin qarşısının alınması,  əməyin mühafizəsi işinin təşkili ilə bağlı fikirlərini bildirdilər.

 

 

Azərbaycan.- 2012.- 27 aprel.- S. 8.