Kənd təsərrüfatı kooperasiyası haqqında qanun layihəsi təkmilləşdirilib

 

Milli Məclisin Aqrar siyasət və İqtisadi siyasət komitələrinin aprelin 27-də keçirilən birgə iclasında "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirə edildi. İclası acan Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məsələ ilə bağlı ətraflı məlumat verdi.

Qeyd etdi ki, qanun layihəsi parlamentdə birinci oxunuşda qəbul olunduqdan sonra kənd təsərrüfatı kooperasiyası sahəsində beynəlxalq təcrübəni öyrənmək üçün Azərbaycan nümayəndə heyəti ötən ilin may ayında Almaniyada səfərdə olmuşdur. Həmçinin Bakıda beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə layihənin müzakirəsi keçirilmiş və onlar belə bir qanunun vacibliyini bildirmişlər. İclasda həmçinin diqqətə çatdırıldı ki, birinci oxunuşdan sonra layihədən 27 maddə çıxarılmış, 121 yeni müddəa əlavə edilmişdir.

Qeyd edək ki, belə bir qanunun qəbulunda məqsəd ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirilən aqrar siyasətin tərkib hissəsi olan kənd təsərrüfatı kooperasiyasının formalaşmasının və təşkilinin, kənd təsərrüfatı kooperativlərinin və onların ittifaqlarının fəaliyyətinin, kooperasiyanın inkişafının dövlət dəstəklənməsinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən etmək, kooperasiya sahəsində yaranan münasibətləri tənzimləməkdir.

İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, qanun layihəsinin qəbulu Azərbaycanda kənd təsərrüfatının inkişafına böyük dəstək olacaq. Qeyd edildi ki, bu proses yalnız könüllü şəkildə aparılacaq və məhsuldarlığın artırılmasına, kənd əhalisinin vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək.

Çıxış edən deputatlar, müvafiq orqanların nümayəndələri qanun layihəsinin qəbulunun əhəmiyyəti barədə fikirlərini açıqladılar. Sonda sənəd yekdilliklə Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

 

Azərbaycan.- 2012.- 28 aprel.- S. 2.