Azərbaycanın və Bolqarıstanın Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial vardır

 

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Ramil Usubov Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində ölkəmizə səfərə gəlmiş daxili işlər nazirinin müavini Veselin Vuçkov ilə görüşmüşdür. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir daxili işlər orqanlarının müstəqillik illərində keçdikləri çətin, eyni zamanda şərəfli yoldan, Avropa dəyərlərinə söykənən, insan hüquq və azadlıqlarının önə çəkildiyi yeni qanunların qəbulundan danışmış, həyata keçirilən islahatlar, yaranmış ictimai-siyasi sabitlik nəticəsində ölkəmizin sürətlə inkişaf etdiyini, vətəndaşlarımızın və əcnəbilərin təhlükəsiz yaşayıb-işləmələri üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırmışdır.

Görüşdə dost ölkənin yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycana səfərinin uğurlu olacağı, ölkələrimiz arasında əlaqələrin inkişafına, müvafiq qurumlar arasında ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə töhfə verəcəyi vurğulanmışdır.

Mayın sonlarında Bolqarıstan Respublikası Baş nazirinin müavini, daxili işlər naziri Tsvetan Tsvetanovun Azərbaycana rəsmi səfərə gələcəyi, ümumiyyətlə, iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu qeyd edilmişdir.

Səmimilik və dostluq şəraitində keçən görüşdə bir sıra digər məsələlər də müzakirə olunmuşdur.

 

 

Azərbaycan.- 2012.- 28 aprel.- S. 4.